Xüsususilə Qərb üçün maraqlı olan təbii ki, Ermənistan deyil, Rusiyanın mövqelərini Ermənistan vasitəsilə hədəfə alması, bu yolla Rusiyaya şərtlər diktə etməsi və bunun əsasında yeni dünya nizamının birgəyaşayışının formalaşdırılmasıdır. Eyni zamanda böyük bir sual yaranır: bu məsələdə Rusiyanın Qafqazdan kənarda qalması nəzərdə tutulur, yoxsa Qərb, xüsusən də ABŞ Qafqazı Rusiyanın ixtiyarına verəcək? Habelə bu, yalnız Vaşinqtonun strateji ideyalarına uyğun razılaşmalarla olacaq?
Bu, əlbəttə ki, bir çox digər istiqamətlərdəki inkişafdan asılı olan mürəkkəb bir sxemdir. Lakin məsələ heç də Moskvanın Ermənistanın siyasətinə qarşı apardığı informasiya-təbliğat kampaniyasında deyil. Bu mənzərə həm Moskva, həm də İrəvan üçün standart rejimdə qarşılıqlıdır. Moskvanın özü də Ermənistanla münasibətləri Qərbin strateji hədəflərinə qarşı çıxmaq və onları məhdudlaşdırmaq amili hesab edir.
Əlbəttə, Lavrov təcrübəli diplomatdır və bu bəyanatları verərkən yaxşı təsəvvür edir ki, 21-ci əsrdə hər hansı bir geosiyasi güc mərkəzinin “tolerant” və ya “mələk” olmasına inanan sadəlövhlər çətin olsun. Üstəlik də yeni dünya nizamı, buna görə də güc mərkəzləri arasında yeni iqtisadi-siyasi resurs razılaşmaları uğrunda geosiyasi mübarizə son dərəcə açıq rejimdə gedir.
Əlbəttə, bu gün bir çox dövlətləri “ya-ya da” məntiqi çərçivəsində saxlamağa çalışan “görünməz əl” var, xüsusilə Ermənistan kimi suverenliyi olmayan ölkələr üçün bu daha keçərlidir. Əslində Lavrovun demək istədiyi, lakin xatırlatmalarla kifayətləndiyi hissə də budur: Ermənistan çoxvektorlu rejimə keçərsə, bu vektorun dəyişməsi hesab olunacaq və nəticələri dağıdıcı olacaq. Görünür, Ermənistanda bunu hələ də başa düşmək istəmirlər. Dünən Ermənistan TŞ katibi Armen Qriqoryanın verdiyi açıqlamalar, Aİ ilə birgə təhlükəsizliyin təşkil olunması kimi ideyalar da bundan xəbər verir.
Asif Cəfərov
Ordu.az