İƏT sammitində Zəngəzur dəhlizi həmləsi – İran Ermənistanla yollarını ayırır?

2023/11/resiz-1699691233.jpg
Oxunub: 15071     22:20     11 Noyabr 2023    
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çağırılıb. İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib. SSRİ-nin dağılmasından sonra Azərbaycan və Orta Asiya ölkələri təşkilata qoşulublar.

Beləliklə, təşkilata üzv olan dövlətlərin hamısı İslam ölkəsidir və təbiidir ki, Daşkənddə müzakirə olunan məsələlərdən ən mühümü Qəzzadakı vəziyyət idi. Ən kəskin qiymətləndirmələr Türkiyə və İran prezidentlərinin çıxışlarında verilib, lakin onların ayrıca da görüş keçirməsi vacibdir . Görüş zamanı tərəflər İslam Əməkdaşlıq Təşkilatının konfransının keçirilməsi ilə bağlı məsələləri və qəbul olunacaq qərarları müzakirə ediblər.

İran Prezidenti çox kəskin bəyanatla çıxış edərək bildirib ki, Fələstini dəstəkləmək hər bir dövlət üçün şərəfdir, İsraili dəstəkləyənlər isə “dünyanın ən aşağı varlıqları”dır. O, Fələstin problemini bütün İslam dünyasının problemi kimi formalaşdırıb və Səudiyyə Ərəbistanının paytaxtında keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının konfransının əməli qərarlar qəbul edəcəyinə ümid etdiyini bildirib. Bundan əvvəl Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçirilsə də, orada hər hansı bir qərar qəbul olunmayıb.

Daşkənddə İran və Azərbaycan prezidentlərinin də görüşü keçirilib və görüşün əsas məqamı İlham Əliyevin bəyanatıdır. Prezident qeyd edib ki, bəzi qeyri-regional qüvvələr İran-Azərbaycan münasibətlərini pozmağa çalışsalar da, buna nail ola bilməyiblər. Son İran-Azərbaycan gərginliyi Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı təxribatları nəticəsində yaşanıb. İlham Əliyevin bəyanatı, görünür, Rəisi tərəfindən yüksək qiymətləndirilib. O, İlham Əliyevin bəyanatına qarşılıq olaraq iki ildən sonra Qarabağın öz real ərazisinə qayıtmasını alqışlayıb.

Arazın cənub sahili boyunca dəmir yolu və avtomobil rabitəsinin birgə layihəsi barədə danışan İlham Əliyev onu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi hesab edib. Söhbət Azərbaycan Prezidentinin dediyi kimi, Astara və Ağbənd olmaqla iki marşrutu olacaq Rusiya-İran-Hindistan dəhlizindən gedir.

Türkiyə Prezidenti Ərdoğan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasındakı əlaqəni vurğulayıb və Ermənistanın Azərbaycan qarşısında öhdəliklərini xatırladıb. Nəzərdən keçirilməli olan bir məsələ də var. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da öz növbəsində ənənəvi brifinq zamanı bildirib ki, əvvəllər əldə olunmuş razılığa əsasən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiyaya nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları həyata keçirməlidir.

Türkiyə prezidenti Ərdoğanın Orta dəhliz mövzusunu yenidən açması, İlham Əliyevin Rusiya-İran kommunikasiyasının Azərbaycan ərazisindən keçən iki marşrutu haqqında danışması, Rusiya XİN-in sözçüsünün isə FTX sərhəd qoşunlarının nəzarət funksiyasının zəruriliyi ilə bağlı bəyanat verməsi təsadüf hesab edilə bilməz.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin