Türkiyənin Suriyada PKK/YPG terror təşkilatına qarşı əməliyyatları: Hədəflər, nəticələr və gözləntilər

2023/06/12312-1687457816.jpg
Oxunub: 33942     12:35     23 Oktyabr 2023    
Hazırda Suriyada PKK/YPG terroruna qarşı aparılan hərbi əməliyyatların quru əməliyyatına çevrilməyəcəyini, lakin Türkiyənin mümkün quru əməliyyatına şərait yaratmaq üçün bir müddət əməliyyatlara davam edəcəyini proqnozlaşdırmaq olar..

Suriyada vətəndaş müharibəsinin yaratdığı hakimiyyət boşluğu, regional güc mübarizəsinin yaratdığı imkanlar və İŞİD terror təşkilatına qarşı mübarizə prosesi PKK terror təşkilatının Şimali İraqdan sonra Suriyada da yeni mövqe qazanmasına şərait yaradıb. PKK-nın Suriyadakı varlığının ən əhəmiyyətli fərqi təşkilatın geniş bir coğrafiya üzərində nəzarəti əlində saxlamasıdır. Bu yolla PKK öz ideologiyasını həyata keçirmək, təbii sərvətlərə nəzarət etmək, mülki, inzibati və hərbi strukturlar qurmaq imkanı əldə edir.

Bu vəziyyət Suriyadakı PKK təhdidini Türkiyə üçün strateji ölçüyə gətirir. Ona görə də Türkiyə üçün Suriyada PKK ilə mübarizədə son məqsəd təşkilatın ərazi nəzarətinə son qoymaq və qurduğu strukturları ləğv etməkdir. Bu məqsəddən asılı olaraq Türkiyə Suriyada PKK/YPG terror təşkilatına qarşı genişmiqyaslı quru əməliyyatları həyata keçirib. Lakin Amerika Birləşmiş Ştatlarının (ABŞ) Suriyada PKK/YPG-ni etdiyi himayə, Rusiya və Suriya rejiminin təşkilatla təmasları və müəyyən bölgələrdə koordinasiyası Türkiyənin quru əməliyyatlarının hərbi və siyasi risklərini artırıb.

Buna görə də Türkiyə daxili və xarici şərait yetişəndə genişmiqyaslı hərbi əməliyyatlara başlayır. Suriyada quru əməliyyatı şərtlərinin yerinə yetirilmədiyi dövrlərdə Türkiyə müxtəlif vasitələrlə təşkilata qarşı mübarizəni davam etdirir. Bu baxımdan ən çox istifadə edilən üsullar zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) ilə əməliyyatlar və artilleriya atəşləridir. Türkiyə mütəmadi olaraq PUA əməliyyatları ilə təşkilatın yüksək səviyyəli şəxsləri adlandırılan şəxsləri hədəf alır.

1 oktyabr terror aktı və Türkiyənin cavabı

2023-cü il oktyabrın 1-də PKK terror təşkilatnın Ankarada törətdiyi terror aktının səbəbkarlarının Suriyadan gəldiyi aydınlaşdıqdan sonra Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyada PKK/YPG-yə məxsus bütün infrastruktur, üst quruluş obyektləri və enerji obyektlərinin Türkiyə təhlükəsizlik qüvvələrinin qanuni hədəfi olduğunu açıqladı. Bu açıqlamadan qısa müddət sonra Şimali İraqda PKK terror təşkilatına, dərhal sonra isə Suriyadakı PKK/YPG hədəflərinə qarşı hərbi əməliyyatlar başladı. Türkiyə bölgədə hava hücumları, haubitsa atışları və PUA əməliyyatları həyata keçirdi. PKK/YPG terror tşkilatına məxsus silah və sursat anbarları, neft obyektləri, sığınacaqlar və hərbi təlim mərkəzləri hədəfə alındı.

Türkiyə bu əməliyyatlarla, bütün xarici aktorlara baxmayaraq, PKK/YPG terror təşkilatı ilə mübarizəsinin davam edəcəyini göstərir. Eyni zamanda Türkiyənin bu hərbi əməliyyatlarla əldə etmək istədiyi bəzi məqsədləri var. Bunlardan birincisi təşkilatla təmasda olan Rusiya, Suriya rejimi və ABŞ-yə təşkilatdan uzaq durmaq mesajı verməkdir. Bundan əlavə, Türkiyə PKK/YPG terror təşkilatına qarşı qisas almaqla daxilə doğru hərəkətlərin qarşısını almaq istəyir. PKK/YPG-nin hərbi potensialının zəiflədilməsi və maliyyə imkanlarının azaldılması da Türkiyənin hədəfləri arasındadır.

Dəməşqlə əlaqələr

Türkiyənin Suriyada PKK/YPG terror təşkilatına qarşı əməliyyatlarının bir müddət daha yavaş templə davam edəcəyini gözləmək olar. Lakin indiki mərhələdə bu əməliyyatların genişmiqyaslı quru əməliyyatına çevrilməsi ehtimalı azdır. Çünki Türkiyənin quru əməliyyatına başlaması üçün şərait hələ yetişməyib və Türkiyə PKK/YPG ilə mübarizədə Dəməşqlə ortaqlıq variantından istifadə etmək istəyir. Türkiyə üçün Dəməşqlə dialoq prosesinin əsas motivasiyası terrora qarşı tərəfdaşlıq axtarışıdır. Bu dialoq axtarışı Suriya siyasətində taktiki manevr öz yerində, daha uzun müddət davam edən köklü bir dəyişikliyə əsaslanır. Ona görə də Türkiyə bu variantı tamamilə ləğv edəcək heç bir addım atmayacaq.

Dəməşq administrasiyasının danışıqlarda əsas şərti Türkiyənin Suriyadan qoşunlarını çıxarması idi. Türkiyənin hazırkı mərhələdə yeni quru əməliyyatına başlaması artıq dayanma mərhələsinə gələn Ankara-Dəməşq dialoquna son qoyacaq. Bundan əlavə, Türkiyə ABŞ və ya Rusiyadan heç olmasa biri ilə razılığa gəlmədən quru əməliyyatına başlasa, həm hərbi, həm də siyasi riskləri artıracaq. Bu amillərdən asılı olaraq hazırda Suriyada PKK/YPG terroruna qarşı aparılan hərbi əməliyyatların quru əməliyyatına çevrilməyəcəyini, lakin Türkiyənin mümkün quru əməliyyatına şərait yaratmaq üçün bir müddət əməliyyatlara davam edəcəyini proqnozlaşdırmaq olar.

Əməliyyatlar təşkilat daxilində parçalanmanı dərinləşdirir

Türkiyənin Suriyada PKK/YPG terror təşkilatı ilə mübarizədə son məqsədi Suriya sərhədində terrordan təmizlənmiş təhlükəsiz dəhliz yaratmaq və təşkilatın yaratdığı strukturları ləğv etməkdir. Ankarada törədilən terror aktından sonra Suriyada PKK/YPG-yə qarşı başlayan hərbi əməliyyatların strateji miqyasda nəticə verməsini gözləmək real deyil. Bununla belə, əməliyyatların taktiki səviyyədə kritik nəticələri olacaq.

Türkiyənin əməliyyatları ilk növbədə terror təşkilatı daxilində parçalanmanı dərinləşdirə bilər. YPG strukturunda “əsas PKK üzvləri” ilə “PKK-ya bağlı olan, lakin YPG-nin yerli maraqlarını PKK-nın regional hədəflərinə qurban vermək istəməyənlər” arasında parçalanma və güc mübarizəsi gedir. Ankarada törədilən terror aktı PKK-nın ümumi məqsədlərinə uyğun olsa da, təşkilatın Suriya qolu olan YPG-yə ciddi itkilər gətirəcəyi üçün dəstəklənməmiş ola bilər. Çünki terror hadisəsindən sonra PKK-nın Suriya qolu ciddi təzyiqlərə məruz qalıb.

İlk növbədə, Türkiyənin əməliyyatları təşkilatın hərbi potensialının xeyli zəifləməsinə gətirib çıxarır. Bundan əlavə, təşkilat qurduğu sistemi saxlamaq üçün maliyyə resurslarına ehtiyac duyur. YPG terror təşkilatının maliyyə resurslarının böyük bir hissəsini neft və təbii qaz satışından əldə etdiyi gəlirlər təşkil edir. Türkiyə son əməliyyatlarda YPG-nin nəzarətində olan enerji obyektlərini hədəfə alaraq, təşkilatın maliyyə resurslarına ciddi zərbə vurub.

Suriyada PKK/YPG-yə qarşı davam edən əməliyyatların ən mühüm nəticəsi Türkiyənin ABŞ-yə artan təzyiqi olacaq. Türkiyə uzun müddətdir ki, ABŞ-ni PKK/YPG terror təşkilatını bölgədən çıxarmağa razı salmağa çalışır. Lakin bu cəhdlər nəticə vermir. Nəticədə, Türkiyə keçmişdə olduğu kimi, “müttəfiqləri” heç bir addım atmadıqda birtərəfli hərəkət edə bilər. PKK/YPG terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlar Türkiyənin, hər cür müdafiə, hərbi və siyasi risklərə baxmayaraq, təşkilatı sərhəddən təmizləmək əzmini göstərmək baxımından əhəmiyyətli mesaj verdi.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya   PKK/YPG  


Bizi "telegram"da izləyin