Cənubi Qafqazadkı dörd münaqişədən birinin ədalətli həlli bir çox analitik və politoloqlarda belə bir rəy formalaşdırıb ki, Qafqaz tədricən sabitliyə doğru yönəlməyə başlayacaq.
Əslində, Cənubi Qafqaz üçün daha bir real münaqişə ocağı alovlanmağın asatanasında hesab edilə bilər. Qarabağdan köçmüş ermənilərin Ermənistanla yanaşı, Gürcüstanda ermənilərin sıx yaşadığı Samtsxe-Cavaxeti bölgəsində məskunlaşdırılması planı mövcuddur.
Xatırladaq ki, hələ ötən əsrin XVIII-XIX illərində Ermənistan bu bölgənin ələ keçirilməsi üçün Gürcüstanla müharibə edib. Bölgə uzun müddət bir-birinin ardınca türk, alman və ingilis qoşunlarının nəzarətində olub. İki ölkə arasındakı sərhəddə olan türklər və ardınca almanlar bölgədən getdikdən sonra Gürcüstan ərazilərinin erməni silahlı dəstələri və terror qruplaşmaları tərəfindən işğal edilməsi İngiltərənin Gürcüstana ordu yeritməklə münaqişəyə müdaxiləsi ilə nəticələndi. Həmin dövrdə “Antanta” qüvvələrinin qərarı ilə Azərbaycanın Borçalı bölgəsi Ermənistan və Gürcüstan arasında bölüşdürüldü...
1919-cu ilin yanvarında İrəvan və Tiflis arasında müharibəni dayandırmaq haqqında müqavilə bağlansa da, ermənilərin torpaq iddiası aktuallığını itirmədi. Həmin müqavilədən təxminən 70 il sonra Ermənistan Azərbaycanın Qarabağ bölgəsinə iddiası ilə yanaşı, Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinə də əl qoymaq fikrində idi. Amma onlar əvvəlcə Qarabağ senarisinin reallaşdırılmasına üstünlük verdilər. Ermənilər Samtsxe-Cavaxeti bölgəsində hərbi və ya siyasi fəaliyyət üçün münbit şəraitin yaranacağını gözləməli oldular.
Cavaxetidə münaqişənin başlamaması həm də Ermənistanın iqtisadi maraqlarından irəli gəlirdi. Üç tərəfdən Azərbaycan, Türkiyə və İranla əhatə olunan rəsmi İrəvan Tiflislə də münaqişəyə girsə, iqtisadi cəhətdən məhvə getməli olacaqdı. Buna görə Ermənistan Qarabağ məsələsini öz xeyirlərinə həll edəcəklərinə bəslədikləri ümidin fonunda Gürcüstana ərazi iddiasını sonraya saxlamalı oldu. Qarabağ münaqişəsi uzandığından, Gürcüstandakı erməni təşkilatları, siyasi mərkəzlər, xüsusilə Rusiya-Gürcüstan münasibətlərinin hərbi gərginliklə müşayiət olunduğu 2008-2009-cu illərdə rəsmi Tiflisi Samtse-Cavaxeti ermənilərinə qarşı “terror”da ittiham etməyə başladılar.
Qeyd edək ki, 1944-cü ilə qədər Gürcüstanın Samtsxe-Cavaxeti-Tsalka regionunda təxminən 100 minə yaxın mesxeti türkü yaşayıb. Stalininin həyata keçirdiyi repressiyalarla mesxeti türkləri oradan məcburi olaraq Orta Asiyaya, bir qismi isə Azərbaycana köçürülüb. Deməli, ermənilər hələ İkinci Dünya Müharibəsi dövründə təkcə Azərbaycan yox, eyni zamanda Gürcüstana da ərazi iddiası edib və xüsusilə həm Qərbi Azərbaycan torpaqlarında, həm də Gürcüstanda yaşayan türklərin deportasiyasına nail olub, bununla da həmin ərazilərə ermənilərin köçürülməsini təmin ediblər. Söz yox ki, bu məskunlaşdırma gələcəkdə həmin ərazilərə iddianı asanlaşdırmaq məqsədi güdüb. Son illərin statistikasına görə, Samtsxe-Cavaxeti-Tsalka bölgəsinin 70 faizində ermənilər məskunlaşıb.
Ermənistanın həmin əraziyə iddiasının müəyyən maraqlar naminə “dondurulması”na baxmayaraq, Qarabağdakı separatçıların Ermənistana köçməsi bu məsələni yenidən aktuallaşdıra bilər. Separatçılıq baxımından həm siyasi, həm də hərbi təcrübəyə malik olan ermənilərin Gürcüstana axın etməsi indiki halda istər Rusiyanın, istərsə də ermənilərə havadarlıq edən digər güc mərkəzlərinin marağına uyğundur.
Qərb dairələri yarana biləcək münaqişədən istifadə edərək, Gürcüstan və Ermənistanla birbaşa təmaslar üçün Tiflis və İrəvana çoxsaylı missiya göndərməyə “bəhanə” qazanacaq, Gürcüstanın Ermənistan və Rusiya tərəfindən təklənməsini əsas gətirərək onun NATO-ya meyllənməsinə dəstək verəcək, eyni zamanda son vaxtlar Rusiya ilə münasibətlərini yaxşılaşdırmağa çalışan Gürcüstan hökumətinə qarşı istifadə etmək üçün rıçaqlar əldə edəcəklər.
Burada da bir incə məqama da diqqət yetirmək gərəkdir ki, ermənilər Gürcüstana qarşı ərazi iddiasını aktiv fazaya çıxarsa, Rusiya-Ukrayna münaqişəsinin Cənubi Qafqaza sıçraması qaçılmaz olacaq. Hazırda Tiflislə münasibətləri heç də xoşagələn müstəvidə olmayan Kiyevə, müharibəni uduzmuş İrəvanın “isti münasibəti” təsadüf sayıla bilməz. Rusiya ilə münasibətləri sıradan çıxan İrəvanın, Qərb və NATO tərəfindən ciddi dəstləklənən Ukrayna ilə yaxınlaşmağa maraqlı olması çox güman ki, Gürcüstana qarşı ərazi iddiası qaldırdığı halda, ən azından, Qara dəniz hövzəsində dəstəkçi tərəfdaş axtarmasından irəli gəlir. Türkiyə və Azərbaycanla münasibətlərini tənzimləyə bilməyən, yaxud da buna maraqlı görünməyən Ermənistanın Gürcüstanla müharibə vəziyyətinə gəlməsi halında Qərb İnstitutlarının Qafqaz siyasətində yeni baxış formalaşdıracağı şübhəsizdir.
Bütün bunların fonunda, regionun ən nəhəng ölkəsi olan Rusiya gürcülərin münaqişəyə cəlb ediləcəyi halda, Tiflisi Moskva ilə sıx əməkdaşlıq etməyə və son zamanlar Qərbə meyllənən Ermənistanın bölgədə gərginliyi artırmaq üçün məhz qərb dairələrinin göstərişinə əsasən Gürcüstana ərazi iddiası etdiyinə inandırmağa çalışacaq. Bu həm də Cənubi Osetiya və Abxaziya məsələsinin də süni şəkildə canlanmasına, bununla da Gürcüstanın daha çətin vəziyyətə düşməsinə səbəb ola bilər.
Ermənistan Samtsxe-Cavaxetini münaqişə bölgəsinə çevirməklə həm də Azərbaycana qarşı iqtisadi müharibə elan etmiş olacaq. Nəzərə alaq ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 249 kilometrlik hissəsi və iki nasos stansiyası bu regiona yaxın əraziləri əhatə edir, onda, hesab etmək olar ki, bölgədə baş verə biləcək istənilən gərginlik BTC-nin təhlükəsizliyini sual altına ala bilər. Xüsusilə də, ermənilər ərazi iddiaları məsələsində terror aktlarından aktiv istifadə etməkdə mahirdirlər.
Bu faktın həm də Azərbaycan-Gürcüstan-Türkiyə münasibətlərinə də təsirsiz ötüşməyəcəyi bəllidir.
Gürcüstanın da iştirak etdiyi regional və beynəlxalq layihələr çərçivəsində Azərbaycan və Türkiyə ilə imzalanmış iki və ya üçtərəfli müqavilələrin şərtlərini yerinə yetirə bilməyəcəyi təqdirdə, Tiflisin düşəcəyi vəziyyət bəribaşdan bəllidir.
Çox güman ki, bütün bu sadalananlar Türkiyə və Azərbaycanla yanaşı Gürcüstana qarşı da torpaq iddiasında olan İrəvana havadarlıq edənlər tərəfindən yaxşıca hesablanıb... Və erməni separatçılar çox ayıq şəkildə dayanıb, hərəkətə keçmək üçün “siqnal raketi”nin haradan və nəvaxt “atılacağı”nı gözləyirlər...
Qeyd edək ki, indiyədək ermənilər “qədim erməni məskəni” kimi qələmə verdikləri Azərbaycanda Qarabağ və Naxçıvan, Türkiyədə Şərqi Anadolu, Gürcüstanda Samtsxe-Cavaxeti, Acarıstan, Kvemo-Kartli rayonlarını, Cənubi Azərbaycan torpaqlarının Urmiya gölünə qədər olan hissəsini, Rusiyanın Rostov-Don və Voronejə qədərki ərazilərini “Dənizdən dənizə Böyük Ermənistan”ın ərazisi hesab edirlər... Bu coğrafiyalara Qərbdən baxanda münaqişə xəritələrindəki bağlılığın təsadüf olmadığı aydın görünür.
Bir məqam xüsusilə diqqət çəkir: Gürcüstanın cənubunda yerləşən Samtsxe-Cavaxeti də daxil olmaqla, Cənubi Qafqazdakı 4 münaqişə ocağından yalnız Cənubi Osetiya problemi erməni terorru ilə başlamayıb.
Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az