Fransa Ermənistanda Türkiyə və Rusiya əleyhinə səngər qazır – ANALİZ

2023/10/1697436640.jpg
Oxunub: 28675     10:21     16 Oktyabr 2023    
Qarabağ müharibəsinin həlli istiqamətində aparılan danışıqlarda uzun illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olmuş Fransa 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra vasitəçidən daha çox Ermənistanın tərəfdaşı kimi çıxış etməyə başladı. Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı və ondan sonrakı mərhələdə istər dövlət səviyyəsində, istərsə də beynəlxalq qurumların tribunalarından Azərbaycana qarşı təşəbbüslərlə çıxış edən rəsmi Paris Qafqazda sülh və sabitliyə maraqlı olmadığını dolayısı ilə ortaya qoydu.

Hətta Fransa XİN-nin rəhbəri Ketri Kolonna 2023-cü ilin oktyabr ayının 3-də İrəvana səfəri zamanı Zəngəzurda Fransa konsulluğunun açılacağı və ölkəsinin Ermənistandakı səfirliyinə hərbi attaşe təyin edəcəkləri ilə bağlı açıqlama verib. Onun səfərindən təxminən bir həftə sonra Fransa mülki təhlükəsizliyinin 56 hərbi qulluqçusu 2 təyyarə yüklə Ermənistana gəlib.

Fransanın Cənubi Qafqazda aktivləşməsi söz yox ki, İrəvanı bu gün dirəndliyi dalandan çıxarmağa hesablanmayıb. Uzun illər Fransanın müstəmləkəsi olmuş Nigerdə bu gün baş verənlər, eyni zamanda fransız ordusunun bu ölkədən çıxarılması onu deməyə əsas verir ki, rəsmi Paris beynəlxalq oyunlarda güc və imkanlarını itirməyə doğru gedir və yaxud Fransa Afrikadan çıxarılan qüvvələrinin bir hissəsini nəzərə çarpmadan Cənubi Qafqaza daşımaq niyyətindədir.

ATƏT-in Minsk Qrupunun həmsədri kimi rəsmi İrəvana tərəfkeşlik etməklə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesinə zərbə vuran Fransanın mövqeyi Ermənistanı, fransız fateh Bonnapart Napoleonun 1806-1814-cü illərdə İngiltərəyə tətbiq etdiyi kimi kontinental blokadaya sürükləyir. Onsuz da, iqtisadi cəhətdən ağır sınaqlarla üz-üzə qalan bu Cənubi Qafqaz respublikasının vəziyyətdən çıxa bilməsi qonşu ölkələrlə, xüsusilə Azərbaycan və Türkiyə, eyni zamanda, regionun nəhəng güclərindən biri olan Rusiya ilə münasibətlərin normal müstəvidə qurulmasından asılıdır. Amma Fransanın Cənubi Qafqazda, daha doğrusu, Ermənistanda peyda olması, bununla yanaşı, İrəvanın işlərinə müdaxiləsi, Ermənistanın qonşu ölkələr üzrə siyasətinə təsir göstərmək cəhdi erməni diplomatiyasını keçilməsi mümkün olmayan siyasi labirintlərə aparacaq.

Ukrayna cəbhəsində Rusiyaya qarşı çıxan Fransanın Ermənistanda mövcudluğu söz yox ki, həm iqtisadi, həm də hərbi baxımdan Rusiyadan müəyyən mənada asılı olan Ermənistan üçün yaxşı nəsə vəd etmir və fransızların Qafqaza gəlişi Kremli müvafiq tədbirlər görməyə vadar edəcək. Bu isə regionda vəziyyətin gərginləşməsindən özgə heç nəyə xidmət göstərməyəcək. Xüsusilə nəzərə alaq ki, Fransa Ermənistana onun müdaifəsi və hərbi yardımlarla bağlı müxtəlif vədlər versə də, hələ ki, əməli addım atmayıb.

Ermənistana silah və sursat yardımının göstərilməsi haqda Fransa rəsmilərinin səsləndirdiyi bütün bəyanatlar bu ölkənin Cənubi Qafqaza yeni problemlərin gətirilməsinə, Qərb dairələrinin Rusiyaya qarşı Qafqazda da cəbhə açmasına işarə kimi qəbul edilə bilər.

Bu gün əhalisinin böyük əksəriyyəti minimum yaşayış həddindən aşağı səviyyədə yaşayan Ermənistanın silah-sursatdan daha çox iqtisadi yardımlara ehtiyacının olduğu danılmazdır. Amma Paris bu ölkədə yeni iqtisadi layihələrin həyata keçirilməsindənsə, onun silahlandırılmasına və yenidən müharibəyə təhrik edilməsinə xüsusi maraq göstərir. Bütün dünyaya bəllidir ki, Ermənistanla müharibəyə son qoymuş Azərbaycan qalib ölkə kimi rəsmi İrəvana qarşı hər hansı ərazi şərti irəli sürmür, bu ölkənin ərazisində hərbi mövqeyə malik deyil. Eyni zamanda, Türkiyə tərəfindən də İrəvan üçün hər hansı işğal təhlükəsi yoxdur.

Ermənistanın silahlanmasına zərurətin haradan meydan gəldiyini təhlil etsək, bu qənaətə gələrik ki, İrəvan Avropadakı dəstəkçi ölkələr tərəfindən silahlandırılmaqla, onların gələcəkdə Qafqaz üçün planlaşdırdıqları yeni münaqişənin tərkib hissəsinə çevirilir. Demokratiyanın və Avropa dəyərlərinin Ermənistana gətirilməsi adı ilə bölgəyə soxulmağa cəhd edən Paris Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanısa da, bir vaxt burada mövcud olmuş münaqişəni yenidən alovlandırmaqla bölgədə möhkəmlənməyə və mövcudluğunu qorumağa çalışır. Bu isə təbii ki, tək Fransanın deyil, həm də Avropanın digər siyasi institutlarının maraq dairəsinə daxildir və görünür, Cənubi Qafqazda ölkələrarası məsələləri gərginləşdirmək üzrə məsul ölkə kimi Fransa müəyyən edilib.

İndiyədək Fransada törədilən terror hadisələrinin əksəriyyətində ermənilərin əl izi olmasına rəğmən, bu ölkədə geniş yayılan islamofobiyanın inkişaf etdirilməsinin Parisin Cənubi Qafqazla bağlı siyasəti ilə birbaşa əlaqəli olduğunu demək olar. Türk-müsəlman ölkəsi olan Azərbaycana qarşı sərt mövqeyini sadə fransızlar qarşısında əsaslandırmaqdan ötrü anti-İslam cərəyanlarını genişləndirmək ən yaxşı vasitədir. Müəyyən aspektlərdən baxanda, Fransanın Cənubi Qafqazla bağlı siyasətində özünü biruzə verən elementlər həm də təkcə Azərbaycana qarşı deyil, eyni zamanda, Azərbaycan-Rusiya, Türkiyə-Rusiya, Rusiya-İran və Türkiyə- İran münasibətlərinin də sıradan çıxarılmasına hesablandığını demək olar.

Yaxın keçmişdə Azərbaycana qarşı sanksiyaların qəbul edilməsi ilə bağlı Fransa parlamenti səviyyəsində səsləndirilən fikirlərə ölkə başçısı Emmanuel Makronun reaksiyası xüsusi diqqət çəkir. Fransa rəhbəri sanksiyaların nəticəsiz qalacağını və Azərbaycanla dialoqun aparılmasına tərəfdar olduğunu ifadə edib. Bir müddət əvvəl rəsmi Bakya qarşı sərt mövqe sərgiləyən Fransa prezidentinin birdən-birə Azərbaycanla dil tapmaq üçün yollar axtarmaq barədə qərar verməsi heç də təsadüf deyil.

Azərbaycanı ermənilərə qarşı deportasiya siyasəti yürütməkdə ittiham edən rəsmi Paris Qarabağa səfər etmiş BMT missiyasınını açıqlamalarından sonra ciddi şəkildə səhvə yol verdiyini və tələsdiyini dərk elədi.

Zəngəzurda konsulluq açmağa, səfirliyə hərbi attaşe təyin etməyə, rəsmi İrəvana silah və sursat, hərbi texnika yardımı göstərməyə hazırlaşan Fransa Ermənistan-Azərbaycan münasibətlərinin normlallaşmasına tərəfdar olan, bu ölkənin sülh şəraitində yaşamasını dəstəkləyən erməni ictimai-siyasi fəalları, ictimai xadimləri necə deyərlər, “zərərsizləşdirməyə” çalışır.

2023-cü ilin oktyabr ayının 5-də AŞPA-da və Beynəlxalq Ədalət Məhkəməsində eyni gündə Ermənistanın və ermənipərəst qüvvələrin təşkilatçılığı ilə Azərbaycana qarşı müzakirələrin aparılması, qərəzli, ikili standartlı qərarların qəbul olunması təkcə rəsmi Bakıya deyil, həm də 30 illik müharibə şəraitində yaşamaqdan cana doymuş, iqtisadi çətnliklərin, sosial qayğıların içində itib-batan sadə ermənilər üçün də Paris tərəfindən vurulan zərbədir.

Fransanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanı hədəfə alan bəyanatın qəbulu da bu qəbildəndir. Avropa Parlamenti Azərbaycan əleyhinə, əsasən Fransadan olan deputatların təşəbbüsü ilə qətnamə qəbul etmişdi. Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamənin lehinə 473 nəfər səs verib, 46 deputat əleyhinə çıxıb, 16 deputat bitərəf qalıb. Təşəbbüsə rəsmi Paris müəlliflik edib.

Bu da Fransanın beynəlxalq hüququn prinsiplərinə məhəl qoymamasını, Azərbaycan ərazilərinin işğalı zamanı ölkənin suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsinə qeyri-konstruktiv yanaşmasını bir daha ortaya qoyur. Azərbaycan nümayəndə heyəti Fransaya da iki dəfə dialoq təklif edib. Ancaq bundan yayınan rəsmi Paris Avropa İnsan Hüquqları Şurasını alətə çevirərərək Azərbaycana qarşı yönəlmiş qərəzli siyasətini davam etdirir. Buna görə də, rəsmi Bakı Parisi beynəlxalq tərəfdaş, vasitəçi və ya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi etibarsız saymaqda, həmişə olduğu kimi yenə də haqlıdır.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin