Yevgeni Priqojinin təyyarəsinin Moskva ətrafında qəzaya uğraması və ölməsi çoxları tərəfindən “Putinin qisası” kimi qəbul edilib. Bu qavrayışın səbəblərindən biri də keçmişdəki oxşar hadisələrdir. 2018-ci ilin martında keçmiş Rusiya kəşfiyyat xidmətinin əməkdaşı Sergey Skripal və qızı Yuliya Böyük Britaniyada sinir kimyəvi maddəsindən (Sinir qazları olaraq bilinən sarin və tabun mərkəzi sinir sisteminə təsir edərək huşunu itirməyə, korluğa və iflicə səbəb olur. Tənəffüs sistemini məhv edən, tüpürcək ifrazının artmasına səbəb olan sarin qazı həddindən artıq tərləmə nəticəsində ürəkbulanma və qusma ilə müşayiət olunur. 1938-ci ildə alman kimyaçısı Gerad Şrader tərəfindən tapılan sarin qazı Nasist Almaniyasındakı qırğınlarda da istifadə edilib. Rəngsiz və qoxusuz olan sarin qazı güclü, geniş və sürətli təsirə malik olduğu üçün ən çox seçilən kimyəvi silahdır.) zəhərlənərək ölüblər. Müxalifət lideri Aleksey Navalnı 2020-ci ilin avqustunda oxşar kimyəvi maddə ilə zəhərlənib. Digər tərəfdən, Rusiyanın çirkin işlərini, aşkar və ya gizli müdaxilələrini “pullu” həyata keçirən “Vaqner” liderləri Yevgeni Priqojin və Dmitri Utkinin vəziyyəti bir qədər fərqlidir.
Navalnı Putinin siyasi rəqibidir, Skripal isə dövlətinə xəyanət etmiş Britaniya agentidir. Priqojin və Utkin Rusiya Silahlı Qüvvələrini əvəz edən iki sahibkar idi. Bu iki adı fərqləndirən ilk növbədə rus millətçi cizgiləri idi. Başqa sözlə, onların “sədaqəti” rus xalqı və millətçiləri tərəfindən yüksək qiymətləndirilib. Bundan əlavə, onlar Suriya, Liviya və Afrikanın Sahel bölgəsində rus “ali” maraqlarına xidmət etməklə, Ukraynadakı rus idarəçilərinin zəifliyini dilə gətirməklə öz şücaətlərini nümayiş etdirərək nüfuzlarını artırmışdılar. Ancaq Rusiya döyüş meydanında olarkən, səbəbi nə olursa-olsun, cəbhəni tərk etmələri və Moskvaya doğru “ədalət yürüşü”nə başlamaları bağışlanmaz bir hərəkət idi.
Normal vaxtda Özəl Hərbi Kompaniya (ÖHK) və ya hərbi qulluqçu cəbhədə qiyam qaldırdıqda hərbi tribunal qurulur və qiyam qaldıranın, yaxud hərbi qulluqçunu qiyama təşviq edənin müdafiəsi dinlənilir. Nəticədə güllələnmə hökmü verilərsə, edam açıq şəkildə həyata keçirilir. Lakin Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkonu “Vaqner”in qiyamına cəlb etməyə və “Vaqner”lə razılaşmağa üstünlük verdi. “Vaqner”i Belarusa göndərərkən rusların ÖHK-nin üzvlərinə seçim hüququ verməsi gözlənilən bir vəziyyət deyildi. Razılaşmaya əsasən, “Vaqner”in əməkdaşlarına Belarusa getmək, Müdafiə Nazirliyində işləmək və ya evə qayıtmaq seçimi verilirdi, eyni zamanda “Vaqner”ə Afrikada əməliyyatlarını davam etdirməyə icazə verilirdi.
Priqojinin ölümündən sonra Rusiya cəbhəsində mümkün inkişaflar
Priqojin və ortağı Utkinin ölümündən sonra “Vaqner”in başına nə gələcəyi xüsusən Qərb ölkələrində ən çox maraq doğuran məsələdir. Hələ də Suriya və Liviyada fəaliyyət göstərən “Vaqner” general Ömər Çianinin Nigerdəki çevrilişindən sonra Fransa və ABŞ tərəfindən təşviq edilən Qərb Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) müdaxiləsinə qarşı çağırılıb. Başqa sözlə, Qərb klubunun maraqlarına qarşı çıxmaq üçün Rusiyanın hazır qüvvəsi “Vaqner” idi. Priqojindən sonra Rusiyanın təbii olaraq “Vaqner” boşluğuna qarşı tədbirlər hazırlayacağını və mümkün boz sahələrin qarşısını alacağını gözləmək lazımdır.
Alternativlər arasında “Vaqner”i transformasiya etmək, yeni ÖHK qurmaq, “Vaqner”in aldığı tenderləri köçürmək və Rusiya Xüsusi Təyinatlı Qüvvələrini cəlb etmək var. Bu variantlardan birincisi “Vaqner”in mövcud işçilərinin razılığını, ikincisi “Vaqner”in ləğvini və yeni “Priqojin”in yaradılmasını, üçüncüsü isə Qərb ölkələrinin etibarlı nümayəndələri ilə birbaşa əlaqəni tələb edir. Ola bilsin ki, birinci və ikinci variant arasında qalan Putin situasiyanın diktə etdiyi şərtlərə çevik və uyğunlaşa bilən mövqe tutacaq.
Ağıla gələn digər məsələ isə bu hadisədən sonra Rusiyada Putinə reaksiyanın necə olacağıdır. Artıq Rusiyada medianın tamamilə dövlət nəzarətində olması və təhlükəsizlik qüvvələrinin ani müdaxilələri səbəbindən sükut dövrü hökm sürür. Əslində Ukraynaya müdaxiləyə qarşı çıxanların dərhal polis tərəfindən həbsi hələ də yaddaşlardadır. Priqojinin ölümü çox güman ki, eyni susdurma prosesinə məruz qalacaq. Bununla belə, Priqojin və “Vaqner” arasında cüzi fərq var. Bu şəxs və qurumlar pul müqabilində olsa da, Rusiya üçün canlarını belə qurban verməyə hazır idilər. Onlar özlərini müdafiə edərkən Rusiyada idarəetmənin zəifliyindən danışırdılar. Ona görə də orta müddətli perspektivdə rus gənclər ilə pravoslav kilsəsinə sadiq rus millətçilər arasında alt dalğa gözlənilməlidir.
“Vaqner”in Belarusa sürgün edilməsi başqa bir məsələdir. Bu insanlar indi peşəkar məşğuliyyətdən daha çox emosional intensivlik yaşayırlar. Ukraynada arta biləcək rus itkiləri və mümkün geri çəkilmə “Vaqner” üzvlərinin Rusiya ictimaiyyətinə emosional intensivliyini əks etdirə bilər. Əslində Rusiya dövlətinə qarşı deyil, rus idarəçilərə qarşı “konkret mövqe” ortaya qoyma, “tənha canavarlar” vasitəsilə fərdi hərəkətlər və ya Moskvada mütəşəkkil şəkildə məhdud fəaliyyətlər ola bilər. Bu variantlardan ilk ikisi Rusiya ictimaiyyətinə mesaj verməyə çalışarkən, üçüncüsü Putinlə körpülərin qırılmasını tələb edir. Priqojinin geridə C planı buraxması ehtimalına görə “Vaqner”in tezliklə Putinin nəzarəti altında olan Rusiya dərin dövlətinə qarşı döyüşə girməsi mümkündür. Ancaq belə hallarda Putinlə “Vaqner”in qarşılıqlı olaraq ata biləcəyi addımları müqayisəli şəkildə qiymətləndirmək lazımdır. Nəhayət, Putinin sərt və ağıllı mövqeyi və dərin dövlət təcrübəsi qısa və orta müddətdə belə dalğaların qarşısını almağa qadirdir.
Ukrayna-Rusiya müharibəsində nə baş verir?
Priqojinin ölümündən sonra Ukrayna-Rusiya müharibəsində baş verə biləcək hadisələr də önəmlidir. “Vaqner”in cəbhədən çəkilməsi ilə Ukraynada durğunlaşan və mövqe savaşına çevrilən münaqişələr Priqojinin ölümü ilə simasını dəyişməyəcək. Ancaq eyni şeyi rus millətçiliyinə dərindən bağlı olan aşağı səviyyəli rus əsgərlərin mənəviyyatı və motivasiyası haqqında demək olmaz. Şübhəsiz ki, rus əsgərlər üçün cəbhəni tərk etməyin nümunəvi nəticələri Priqojinin başına gələnlərlə aydın oldu. Lakin Putinin diktə etdiyi müharibədə həqiqəti hayqıran “Vaqner”in taleyi rus əsgərlərin müharibəni yavaş-yavaş sual altına almasına səbəb olub. Bu sual Ukraynanın hərbi strategiyasından asılı olaraq müharibənin taleyinə təsir edə bilər. Beləliklə, bu gündən etibarən Rusiya hərbi və siyasi rəhbərliyi rus xalqına və əsgərlərinə uğur hekayəsi təqdim etməlidir ki, onlar özlərini müharibəyə bağlasınlar.
Yaxın Şərq və Afrika siyasəti üçün mümkün təsirlər
Ukrayna, Afrika, Suriya və Liviya kimi böhran bölgələrində Rusiyanın vəziyyətinin dəyişməsini gözləmək real deyil. Rusiyanın NATO-nu Afrikada mühasirəyə almaq siyasəti yeni deyil. Artıq Niger, Mali və Sudan kimi Sahel ölkələrində aksiyalar keçirilmişdi və Qərb şirkətləri, əsgərləri bu ölkələrdən çıxarılırdı. Hər nə qədər dərə keçərkən at dəyişdirilmiş olsa da, Rusiyanın Afrika siyasəti çox güman ki, eyni templə davam edəcək. Rusiyanın planı Ukraynanı Qərb ictimai rəyinin gündəmindən çıxarmaqdır. Qərb ölkələrinin Ukrayna müharibəsi ilə bağlı dəyişən prioritetlərini nəzərə alsaq, Afrikada yeni vəziyyətin yaranması Ukraynanı da prioritetlərdən uzaqlaşdıra bilər.
Suriyada isə vəziyyət bir qədər fərqlidir. Ukrayna müharibəsi ilə sıxışan Rusiya Suriyada daha aşağı profil nümayiş etdirdi. İran oradakı boşluğu doldurdu. Güman ki, Ukrayna müharibəsi davam etdikcə bu mənzərə dəyişməyəcək. Rusiya üçün Suriyada əsl təhlükə ABŞ və Avropa dövlətlərinin nüvə proqramı və neft/qaz müqabilində İranla razılaşması olacaq. İran sanksiyaların ləğvi müqabilində Qərblə razılaşma əldə etsə, böyük qazanc əldə edə bilər. Belə olan halda Rusiya Suriyada İranla Türkiyə arasında balanslaşdırma variantını ön plana çıxara bilər. Bu mənada “Vaqner” əslində Suriyada bir parametr deyil.
Liviya çox fərqli bir məsələdir. Türkiyə ordusunun Liviyaya müdaxiləsi və balansı dəyişməsi ilə Xəlifə Həftərdən asılı vəziyyətə düşən “Vaqner” Sirt neft ayparasına və strateji əhəmiyyətli Cufra şəhərinə nəzarət edir. Burada Rusiyanın prioriteti Şərqi Liviya vasitəsilə Afrikanın Sahel dövlətlərinə qapı açmaq və Liviya neftindən pay almaqdır. Deməli, Rusiyanın Liviyadan çıxmasını gözləmək lazım deyil. Tripoli və Benqazi ilə kiçik güzəştlərə gedərək keçid dövrünü yaşamaq Rusiyanın maraqlarına uyğun olardı. Təbii ki, bu məqamda Qərb dövlətlərinin Liviyanın Baş naziri Əbdülhəmid Dibeybə və Xəlifə Həftərə hansı təzyiqlər göstərə biləcəyinə diqqət yetirmək lazımdır. Çox güman ki, Liviyada siyasi proseslərin sürətləndirilməsi və qısa zamanda seçkilərin keçirilməsi Qərbin prioriteti olacaq.
Nəticədə Priqojin öldü. ”Vaqner” təmizlənir və Rusiya həm ölkə daxilində, həm də xaricdə özünü səliqəyə salmalıdır. Dəqiq olan odur ki, artıq keçid dövrü başlayıb. Bu proses tezliklə başa çatacaq. Lakin onun təsirləri geniş coğrafiyada hiss olunacaq. Belə olan halda Rusiyanın, əslində Putinin atacağı addımlara və Qərb dövlətlərinin reaksiyalarına diqqət yetirmək lazımdır. Əgər bu cavablar hərəkət-reaksiya formasında olarsa, Putin qısa zamanda vəziyyəti düzəldə bilər. Lakin Qərbin əks mövqe seçməsi və “Vaqner”in fərqli addımları Putini məcbur edə bilər. Ona görə də son sualı vermək lazımdır: Qərb “Vaqner”i ələ keçirmək və ondan Putinə qarşı istifadə etmək istəyə bilərmi?
Dəyanət Ağalarlı
Ordu.az