Xankəndində peyda olan “Bala Priqojin” kimdir? – ANALİZ

2023/08/1692865425.jpg
Oxunub: 8172     17:20     24 Avqust 2023    
Bu günlərdə Xankəndidə separatçılığı təbliğ edən erməniəsilli şəxslə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda cinayət işi başlanılıb.

Baş Prokurorluğun yaydığı məlumatda barəsində cinayət işi başlanmış Karen Matevosyanın qanunsuz əməlləri aydın şəkildə sadalanıb.

Xankəndi şəhərində yaşayan və özünü Karen Matevosyan kimi təqdim edən hərbi geyimli şəxs avqustun 21-də “Telegram” və digər internet informasiya resurslarında rus dilində yayımladığı videomüraciətdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslərə səslənərək, həmin ərazini dövlət təsisatları olan müstəqil “Artsax Respublikası” adlandırır. Qarabağda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində mövcud olmayan “Yerli özünü müdafiə qüvvələri” adlı qanunsuz yaratdığı silahlı birləşmənin komandiri olduğunu bəyan edir. Sadə erməniləri həmin silahlı birləşmə və qrupların fəaliyyətində iştiraka çağırır, azərbaycanlıları düşmən adlandırır və Azərbaycan xalqına qarşı nifrət məzmunlu çıxışlar edir. Xankəndi və ətraf yaşayış məntəqələrində yaşayan erməni əsilli şəxsləri qorxmamağa və xalq kimi birləşib azərbaycanlılara qarşı mübarizə aparmağa səsləyir.

Matevosyan bir az da irəli gedərək Azərbaycan xalqının milli ləyaqətini alçaltmağa yönələn fikirlər səsləndirir, habelə aşkar surətdə internet informasiya resurslarından istifadə etməklə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol verir.

Qeyd olunanlara əsasən, avqustun 22-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Özünü “səhra komandiri” kimi təqdim edən Karen Matevosyanın birdən-birə ortaya çıxıb belə bir bəyanat yayması doğrudan da Azərbaycan Silahlı Qüvvələrinə qarşı vuruşmaq “cəsarəti”dir, yoxsa hansısa bir planın icraata başlamasının solğun işartısı?!

Bu, təbii ki, Arayik Harutunyanın qondarma qurumun rəhbərliyindən istefa verəcəyini açıqladığı, eyni zamanda, qurama erməni “hökuməti”nin qanunsuz “parlamenti”nin başına daşnak David İşxanyanın gətirildiyi bir vaxtda təsadüf edirsə, deməli, K. Matevosyanın ortaya atılması Xankəndində çevriliş cəhdi deyil.

Onda, Karen Matevosyanın haradan və niyə peyda olması maraq doğurur...

Erməni Kütləvi İnformasiya Vasitələrinin yaydığı xəbərə görə, Arayik Harutunyan danışıqların harada və kimlər arasında aparıldığını açıqlamasa da, humanitar yüklərin Ağdamdan keçməklə Xankəndinə daşınması barədə razılıq əldə olunduğunu açıqlayıb. Elə, bu ərəfədə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ABŞ, Rusiya və Fransa dövlət başçılarına Qarabağdakı “humanitar fəlakətlə” bağlı məktubu yayımlanıb.

Sarkisyan yazır ki, əgər vaxtında “tədbir görülməzsə”, sonra gec olacaq-Qarabağdakı ermənilər arasında “aclıqdan ölüm halları” çoxalacaq.

S. Sarkisyanın “canfəşanlığı”, qondarma “parlamentə” Daşnaksütun nümayəndəsinin “sədr” təyin edilməsi, A. Harutunyanın humanitar yüklərin Ağdamdan daşınması və özünün istefa verəcəyi ilə bağlı açıqlaması, həmçinin K. Matevosyanın “silahlı mübarizəyə” çağırışının eyni vaxta təsadüf etməsi Ermənistan və Qarabağdakı ermənilər arasında münasibətlərin ciddi şəkildə mürəkkəbləşdiyindən xəbər verir.

Bütün bunların fonunda isə, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 33-cü ildönümü ilə bağlı müraciətində, XX əsrin sonunda qəbul edilmiş bu sənədin artıq Ermənistanın müstəqilliyini itirməsinə gətirib çıxardığını deməsi, eyni zamanda, “Sülh olsa, müstəqilliyimiz də olar. Nə qədər ki, sülh yoxdur, SSRİ-nin ruhu regionumuzun səmasında dolanacaq” kimi fikri ortaya atması proseslərin hansı istiqamətdə yönəldiyini ifadə edir.

Paşinyanın “SSRİ-nin ruhu”na toxunması ilə K. Matevosyanın sadə erməniləri “silahlı” mübarizəyə çağırması arasında çox ciddi və görünməyən əlaqə var. Belə ki, Ermənistan hökumət başçısının regionda sülh istəməklə bölgənin başı üzərindəki “qara ruhları” qovmağa cəhd göstərməsi sözsüz ki, müəyyən dairələrin xoşuna gəlməyib və gəlmir...

Ona görə də, həmin dairələrin “ehtiyat qüvvələri”, yəni Karen Matevosyan kimilər hərəkətə keçir. Hətta qondarma parlamentə rəhbərlik edən Daşnaksütunun nümayəndəsi David İşxanyanın bu bəyanata reaksiyası ondan xəbər verir ki, Matevosyan indiyədək alacağı əmri səbirlə oturub gözləyən “gizli əl”dir.

Karen Matevosyanın bu bəyanatının arxasında dayanan məqamlara nəzər yetirək:

- “Səhra komandiri” bu çıxışı ilə Ermənistan Ordusunun və Qarabağdakı qeyri-qanuni silahlı dəstələrin işə yarımadığını, ona görə də, “özünümüdafiə” dəstələrinin yaranmasına ehtiyac olduğunu ifadə edir. Yəni bu çağırış sadə ermənilərin Paşinyana qarşı qaldırılmasına hesablanıb;

- Bəyanat Ermənistan hakimiyyətinin, güc və hüquq-mühafizə orqanlarının gücsüzlyünü, rəsmi dairələrin gərəksizliyini də özündə ehtiva edir. Bu çağırış sıravi ermənilərdə belə bir sadə məntiq formalaşdırır ki, əgər dövlət strukturları erməni xalqının taleyi haqda lazımi qaydada düşünsə və fəaliyyət göstərsəydi, xalqın arasından “xilaskar”ların çıxmasına ehtiyac qalmazdı;

- Matevosyanın mövcudluğu və onun çağırışının əsas mahiyyəti bir tərəfdən də, İrəvana, həm də Xankəndindəki erməni siyasətçilərə “özlərini düz aparmaq” haqqında mesajdır;

- Rəsmi İrəvanın və Xankəndindəki erməni siyasilərin ziddinə yaradılacaq “özünümüdafiə dəstələri”nin necə silahlanacağı, təchizat və təminatı haradan alacağı maraq doğurur;

- Özünü “artsax” “milis”- “xalq müdafiə dəstələri”nin komandiri kimi təqdim edən Karen Matevosyan məqsədlərinin erməni xalqının, ailələrinin məhv olmaq təhlükəsindən qorumaq olduğunu deyir. O, bununla, ermənilər arasında Azərbaycana və azərbaycanlılara qarşı nifrətin möhkəmləndirilməsini hədəf götürür. Bir sözlə, Ermənistanda və Qarabağda sülhün və barışığın tərəfdarı olan erməni seqmenti arasında fikir ayrılığı yaratmaq, sülh danışıqlarına mənfi təsir göstərmək üçün ictimai rəy formalaşdırmaq məqsədi güdür;

- “Qiyamçı qəhrəman” obrazı yaradan Matevosyan bir vaxtlar, Xankəndindəki qurama rejimin rəhbərliyində təmsil olunmuş Bako Saakyan, Arkadi Qukasyan və “rus desantı” imicini qazanmış Ruben Vardanyana da üz tutur, onları birgə fəaliyyətə çağırır. Özü də rus dilində... Maraq doğuran məqamlardan biri də, öz xalqının “xilası”na çağırış edən erməni “milis”in sadə ermənilərə hansı səbəbdən rus dilində müraciət ünvanlamasıdır;

- Bu çağırış digər tərəfdən, Qarabağdan köçüb gedən ermənilərin Xankəndini tərk etməsini ört-basdır etmək, guya “ermənilərin öz müqəddəratı uğrunda döyüşməyə hazır olmasını” göstərmək məqsədi daşıyır;

- Çağırışın bulanlıq notlarında dünya ermənilərindən yardım almaq, bunun müqabilində varlanmaq istəyinin elementləri də dayanır.


Qeyd edək ki, Karen Matevosyanın Xankəndində qəfil peyda olmasının 44 günlük müharibədən təxminən 6 ay əvvəl Qarabağda ortaya çıxan casus şəbəkəsinin fəaliyyəti ilə oxşarlığı var.

Müharibədən əvvəl İran maşınlarının işğal altında olan Qarabağa və Ermənistana yardım daşımasına dair görüntüləri çəkib sosial şəbəkələrdə yayan Vadim Racabi Qriqoryanın adı oxucularımıza tanışdır.

Hələ o vaxt Ermənistanın işğalı altında olan Qarabağda fomalaşdırılmış qondarma rejimin Xankəndi və İrəvandakı tərəfdarları və əleyhdarları arasında artan gərginliyin fonunda Xankəndində “İnqilabçı partiya” adlı qurum yaradıldı və onun rəhbərliyinə əvvəllər narkotik vasitələrə görə mühakimə edilmiş Artur Osipyan gətirildi.

Həmin dövrdə Paşinyanın keçmiş hakimiyyətə və Qarabağ ermənilərindən ibarət klana qarşı başlatdığı “səlib yürüşü”nün fonunda yeni siyasi fiqur kimi peyda olan A. Osipyan və onun partiyasının üzvləri Bako Saakyan və Levon Mnatsakanyanın istefasını tələb etməyə başladılar.

Artur Osipyanın əsas silahdaşlarından biri kimi tanınan Vadim Racabi Qriqoryan partiyanın təşkil etdiyi aksiyaların fəal iştirakçılarından biri kimi tanınrdı. O, İran maşınlarının işğal altında olan Qarabağa və ya Ermənistana yardım daşıması ilə bağlı lentə aldığı görüntüləri yaydıqdan sonra erməni mətbuatı onu Azərbaycan Xüsusi Xidmət Orqanlarına casusluq etməkdə günahlandırmağa başladı. Hətta KİV-lərdən bəziləri Qriqoryanın azərbaycanlı olduğunu iddia etməyə, onun Vadim Rəcəb oğlu Vəliyev ad-soyadlı azərbaycanlı olduğunu, qəddar qətl hadisələrinə görə Rusiyanın müxtəlif türmələrində həbs cəzası çəkdiyini və ən nəhayət Rusiyanın Dövlət Miqrasiya Xidməti tərəfindən deportasiya edildiyini yazmağa başladılar

“Biz heç vaxt dövlətimizin siyasi həyatında birbaşa iştirak etməmişik, əksinə xalqımızın, dövlətimizin təhlükəsizlik sistemini qurmuşuq” - deyən Matevosyan da Vadim Qriqoryan kimi, özünün hansısa casus şəbəkəsinə aid olduğunu ifadə edib.

O, Arayik Arutyunyanın istefa vermək istəyindən xəbər tutan kimi hərəkətə keçdiyini də dilə gətirməklə eyham vurub ki, uzun müddətdir “ağaları”ndan bu məqamı gözləmək tapşırığı alıb və həmin zaman yetişib, ona görə də məsuliyyəti öz üzərlərinə götürmək qərarına gəliblər. Burada da maraqlı bir məqam diqqət çəkir: Heç vaxt rejimin “siyasi həyatı”nda birbaşa iştirak etməyən bir qrup şəxs siyasi proseslərin göz qırpımındakı dəyişkənliklə cərəyan etdiyi bir zamanda üzləşəcəkləri “burulğanlar”da hansı tədbirləri görmək qabiliyyətinə malik ola bilər?! Deməli, Matevosyan “siyasi həyatda birbaşa iştirakının” olmadığını ifadə edə-edə üzərinə ciddi məsuliyyət götürməyə hazırdırsa, sözsüz ki, onu idarə edəcək dairələrə arxayındır. Xalqını sevən adam mahiyyətinə bələd olmadığı siyasi proseslərin içərisinə atılıb məsuliyyəti öz üzərinə götürməz...

Bunu ancaq xaricdəki “əl” vasitəsi ilə idarə ediləcəyini bilən adam qəbul edə bilər.

Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin