Qarabağda Kreml üçün “tısbağa düyünü” – Erməni silahlılar niyə aktivləşir? (ANALİZ)

2023/08/534-1692779779.jpg
Oxunub: 1855     19:19     23 Avqust 2023    
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin son vaxtlar bölgəyə silah-sursat daşıması, Azərbaycan Ordusunun bölmələrinə tez-tez atəş açması, müəyyən ərazilərdə uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərməsi, təxribat-diversiya qruplarının hərəkətliliyi, texniki vasitələrlə Azərbaycan Ordusunun mövqləri istiqamətində, müşahidə-dinləmə hərəkətlərinə meyl göstərməsi, ermənilərin Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində hərbi texnika və canlı qüvvə toplaması barədə informasiyaların yayılması intensivləşib.

Bütün bu məlumatlar belə deməyə əsas verir ki, Azərbaycan tərəfinin hər vəchlə nail olmaq istədiyi sülh prosesini Ermənistanda təhdid edən qüvvələr aktivləşməyə başlayıb. Bunu Xankəndindəki seperatçılar arasında baş verən gəlişmələr də təsdiqləyir.

Azərbaycan-Ermənistan danışıqlarında mövqelərini konkretləşdirmək üçün tutarlı güc tapmayan rəsmi İrəvan özünü elə göstərməyə çalışır ki, guya Xankəndindəki qondarma “erməni rəhbərliyi”nə təsir edə bilmir… Əslində, İrəvanın bu mövqeyi başa düşüləndir: Paşinyan höküməti bir növü, həm özünü sığortalayır, həm də Moskvanı və rusiyameylliləri Qarabağ “tələsi”nə salmaq istəyir.

Belə ki, Azərbaycan-Ermənistan danışıqlarında gah manipulyasiya edən, gah da müəyyən prinsiplərdə yaxınlaşmalar əldə olunmasına dair açıqlama verən, hərdən isə, necə deyərlər, “mənşəyi məlum olmayan” bəyanatlarla çıxış edən Paşinyan adminstrasiyası bu davranışla, Azərbaycan tərəfinin Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı istənilən an keçirə biləcəyi anti-terror əməliyyatının qabaqcadan məlum olan nəticələrinə görə məsuliyyətdən yayınmağı hədəfləyir.

Bəs Xankəndidə nə baş verir?

Göründüyü kimi, Qarabağdakı separatçılar da öz aralarında ciddi siyasi və “hakimiyət” böhranı ilə üz-üzə gəlib. Barışıq istəyənlərlə reavanşist-daşnaksütunçular arasında cəbhə açılır. Təxminən iki həftə əvvəl Arayik Harutyunyanın qondarma “parlamentdə sədr vəzifəsi”nə irəli sürdüyü namizəd, Daşnaksütun partiyasının fəalı David İşxanyanın seçilməsi Qarabağdakı ermənilər arasında ciddi qarşıdurma olduğunu açıq şəkildə ortaya qoyur. Çünki Daşnaksütuna antipatiyası ilə tanınan Arayik Harutyunyanın David İşxanyana “güzəştə getməsi” göstərir ki, Xankəndiyə kənardan ciddi təzyiqlər var. Təbii ki, bu təzyiqlərin elə, ermənilərin “partiyadan daha çox, Kremlin göstərişlərini yerinə yetirən qurum” kimi dəyərləndirdiyi Daşnaksütundan və ona yaxın çevrələrdən gəldiyi bəllidir.

Daşnaksütunun Qarabağdakı ermənilər arasında aktivləşməsi ortaya bir neçə maraqlı sual çıxarır:

1.44 günlük müharibə günlərində hərbi əməliyyatların dayandırılması üçün vasitəçilik edən, bir neçə dəfə humanitar atəşkəs əldə olunmasına çalışan, müharibədən dərhal sonra bölgəyə sülhməramlı kontingent göndərən Moskvanı Daşnaksütunun aktivləşməsində hansı maraqlar cəlb edə bilər?

2.Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi rolunda çıxış edən Kremlin sülhə nail olmaq məsələsindəki “can-fəşanlığı”nın fonunda Qarabağdakı ermənilərin hüquqi bazaya və gücə malik olmayan “hakimiyyəti”nə “çöp uzatması” nəyə hesablanıb?

3. Son vaxtlar erməni revanşistlərinin aktivləşməsi nədən qaynaqlanır və bu kateqoriyadan olan dairələr siyasi baxışlarına görə daha çox Qərbə, yoxsa Rusiyaya meyllidir?

4. Qərbdə də güclü əlaqələrə və lobbiyə malik Daşnaksütunun Kremlin xeyrinə Qarabağda yenidən gündəmə gəlməsinin arxasında hansı məqsədlər dayanır?


Bu sualların cavabını tapmağa çalışaq. Xankəndidəki fəallaşmanın görünməyən tərəfləri rəsmi Moskvanın daha çox Ermənistanla bağlı strateji maraqlarını ehtiva edir. Konkret desək, siyasi gedişlərindəki bütün manevrlərlə ölkəsini Kremlin təsirindən çıxarıb Qərbə yönəltmək istəyən Nikol Paşinyanın niyyəti Rusiya siyasi dairələrini ciddi narahat edir. Əgər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması Qərbin, xüsusilə də rəsmi Vaşinqtonun vasitəçiliyi ilə reallaşsa, Moskva Cənubi Qafqazda onsuz da küncə sıxılmış nüfuzunu itirəcək, bölgədə təsir imkanlarını rəqiblərinə ötürməli olacaq.

Digər tərəfdən, Avropa İttifaqının Ermənistan ərazisində hələ ki, hərbiləşdirilməmiş müşahidə missiyasının movcudluğu, bu missiyyanın fəaliyyət dairəsinin genişləndirilməsi Moskva üçün heç də xoşagələn deyil. Başqa bir yandan baxsaq, Rusiyaya bağlılığı ilə seçilən siyasi fiqurlara və hərbiçilərə qarşı Paşinyanın mövqeyi, onlardan bir çoxunun həbsi, barələrində ağır ittihamlı cinayət işinin başlanması və bununla da onların siyasi müstəvidə bloklanması Kremldə qıcıq doğurur.

Son zamanlar dünyanın müxtəlif nüfuzlu dairələrində sülh prosesinə dair aparılan danışıqların fonunda Azərbaycan-Ermənistan arasında müharibə mövzusunun aktuallaşması heç də təsadüfi deyil. Ermənistandakı revanşist dairələrin və Qarabağdakı daşnaksütunçuların fəallaşması rəsmi İrəvan üçün müəyyən mənada mesaj xarakteri daşıyır. Nəzərə alsaq ki, Qarabağda Rusiya sülhmərmlılarının məsuliyyət zonasındakı qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusuna qarşı təxribatları intensivləşdirsə, bu, məsələni birdəfəlik həll etmək istəyən rəsmi Bakını ciddi tədbir görmək məcburiyyətində qoyacaq. Qarabağda həyata keçiriləcək istənilən anti-terror əməliyyatının nəticəsi isə bəribaşdan məlumdur.

İndiyədək Qarabağdakı hərbi bölmələrinin bir qismini çıxarmayan rəsmi İrəvan bu qüvvələrin itirilməsi, yaxud Azərbaycan tərəfindən zərərsizləşdirilməsinin fonunda ölkədə ciddi siyasi böhranla qarşılaşacaq, məsələnin yenidən danışıqlar masasına daşınması üçün, hələ ki, Ermənistan ərazisində hərbi bazası və Qarabağda silahlı kontingenti olan Kremlin şərtlərini qəbul etməyə məcbur qalacaq. Əks halda, 44 günlük müharibənin nəticəsinə və Qarabağda keçirilmə ehtimalı yüksək olan anti-teror əməiyyatının məlum formada sonlanmasına uyğun olaraq, Ermənistanda hakimiyyət çevirilişi təhlükəsi meydana gələcək.

Bu gün Ermənistan ictimaiyyətindəki gərginlik hamıya bəllidir. Müharibəyə qədər və müharibədən sonrakı dövrlərdə erməni cəmiyyətində qarşılıqlı ittihamlar, günahkar axtarışı, bugünkü nəticələrə gətirib çıxaran əməllərə görə mühakimə olunanlar və hələ də mühakimə olunmayanlar məsələsi sadə ermənilərdə ciddi çaşqınlıq yaradıb. Çaşqın cəmiyyətin isə nə qərar verəcəyini hesablamaq o qədər də asan deyil. Buna görə də, bu kimi amillərin ölkədaxili proseslərdə meydana gətirdiyi boşluqlar böyük güclər tərəfindən yerli hakimiyyətə təsir üçün alətə çevrilir.

Əslində, Ermənistanda və Qarabağdakı mövcud vəziyyət bir tərəfdən də Qərbin Rusiya əleyhinə yönəlik siyasətinə uyğundur. Sülhə Moskvanın mane olduğu görüntüsünü yaradan Qərb, Kremlin Qarabağ məsələsinin onun vasitəçiliyi ilə və iradəsinə uyğun həll edilməsini Rusiyanın öz əleyhinə istifadə edir.

Hazırda Ukrayna ərazisində müharibə aparan Rusiyanın hərbi əməliyyatlar başa çatana, yaxud müharibə bitənə qədər Qarabağ məsələsinin həllində maraqlı olmadığını aşılayan bəzi institutlar belə bir fikir formalaşdırmağa çalışır ki, Moskva Ukraynada öz iradəsinə uyğun nəticələr əldə etsə, dərhal Ermənistanda güclənməkdə olan Qərb institutlarının bu ölkədən çıxarılmasına yönələcək və Cənubi Qaqaza təsir imkanlarını genşləndirməyə başlayacaq. Bu fikirdə müəyyən mənada haqlı olan siyasi dairələr, Ukraynadakı müharibəyə və onun hələ ki, qaranlıq qalan məqamlarına fokuslanan Moskvanı Cənubi Qafqaz siyasətində səhvə yol verməyə məcbur qoymaq istəyir.

Bu məcburiyyət nədir, nədən ibarətdir?

Qarabağ məsələsində və Ermənistana münasibətdə öz hərbi mövcudluğunu ortaya qoymaqla diqtə etməyə çalışan Moskva, regionda xüsusi nüfuza malik, həmçinin bəzi siyasi-hərbi, bəzi strateji maraqlarda anlaşa bildiyi, bununla yanaşı, Ukrayna müharibəsinin fonunda digər NATO ölkələrindən fərqli olaraq, Rusiyaya münasibətdə neytrallığını qoruyub saxlayan Türkiyə ilə əlaqələrini zərbə altına atmış olur. Təbii ki, Azərbaycanla strateji tərəfdaş olan Ankara təkcə Azərbaycanın deyil, həm də özünün iqtisadi maraqlarının, nəzərdə tutulan regional layihələrin icrasında Rusiyanın iştirakını görmək istəyir. Bu yanaşma Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan, Türkiyə-İran, Azərbaycan-İran əlaqələrinin formalaşması və burada Kremlin öz yerinin olmasını əhatə edir.

Söz yox ki, Ermənistan və Azərbaycan arasında təkrar müharibə təhlükəsi yaranmış olsa, Moskva Cənubi Qafqaz respublikaları, eləcə də digər regional dövlətlərlə münasibətlərində bəzi məsələlərə yenidən baxmalı olacaq. Amma bunu köklü dəyişiklik hesab etmək mümkün deyil. Təbii ki, bu məqamdan istifadə edən Qərb Moskvanın bölgədə təsir imkanlarını əhəmiyyətli dərəcədə azaltmaq üçün bütün əlverişli variantları işə salacaq.

Hərçənd, Ukraynada gedən müharibənin başa çatmadığı ərəfədə Kremlin Cənubi Qafqazda Qərb instutları ilə rəqabət imkanları tükənməsə də, Moskvanın dünyadakı siyasi proseslərə baxışlarında və yürütdüyü hərbi-diplomatik siyasətin məğzində 180 dərəcə dəyişiklik baş verəcəyi inandırıcı görünmür…

Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin