Füzuli-Bakı aviareysinə radiomaneələrin tətbiqi və Qafan təxribatı – BAXIŞ BUCAĞI

2023/08/1692720511.jpg
Oxunub: 3962     09:05     23 Avqust 2023    
Ermənistan İrəvan-Qafan aviareysləri həyata keçirməklə bölgədə ciddi böhran yaratmağı hədəfləyir. Beynəlxalq normalara görə, hava limanları ölkə sərhədlərindən ən azı 12 km daxildə yerləşməlidir. Dünyada sərhəddə yerləşən aeroportlar da var, lakin bu aeroportlar müştərək – hər iki sərhəd ölkəsi tərəfindən istifadə olunur. Lakin ötən günlərdə baş verənlər, daha dəqiq desək, Ermənistanın mövqelərimizi atəşə tutuması və nəticədə adekvat tədbirlər görülməsi təhlükəsizliklə bağlı suallar yaradır.

Ermənistan mülki sakinlərdən "qurbanlıq" kimi istifadə etməyə davam edəcək, yoxsa beynəlxalq qınaq hədəfinə çevrilməmək üçün Arazdəyəndə olduğu kimi müəyyən normalara riayət etmə yolunu tutacaq?

Bir şey dəqiqdir ki, Ermənistandan hər şeyi gözləmək olar, ona görə də Azərbaycan tərəfi Qafan hava limanı ətrafında baş verə biləcək bütün tədbirləri müəyyənləşdirməli və adekvat addım atmalıdır. Məlumdur ki, Qafan hava limanı Azərbaycanla sərhədin bir neçə yüz metrliyində yerləşir, hətta təyyarə havaya qalxarkən hər dəfə Azərbaycan hava məkanına girməyə məcbur olur. Bu, həm də kəşfiyyat uçuşlarının həyata keçirilməsi deməkdir.

Digər tərəfdən, Bakı təbii ki, mülki erməni sakinlərin və ekipaj üzvlərinin həyatını birbaşa təhdid edəcək addımlar atmayacaq, lakin təxribatlar davam edərsə, müəyyən təhlükəsizlik tədbirləri görülə bilər. Bu yolla Azərbaycan sadəcə olaraq təhlükəsizlik mühiti yaratmağa, vəziyyəti vaxtaşırı normada saxlamağa və bu mənada hava limanının yalnız beynəlxalq normalara cavab verəcək şəkildə işləməsinə baxa bilər. Bu, Azərbaycanın geniş siyasi mənada legitim hüququdur, Ermənistan isə istənilən fürsətdən istifadə edərək problem yaratmaq və bu problemə "humanitar fəlakət" donu geydirməklə məşğuldur.

Bəs bunu Qafan hava limanı ilə bağlı da etmək mümkün olacaqmı? Şübhə yoxdur ki, bu cəhdlərə ciddi yanaşılmalı və hava limanı ətrafında baş verən təxribatlar halında qeyd edilməlidir ki, Ermənistan mülki infrastrukturdan istifadə edərək vəziyyəti gərginləşdirir, mülki erməni sakinlərin təhlükəsizliyi barədə düşünmək istəmir. Üstəlik, İrəvanın Qafan hava limanı ilə bağlı "planları" Qarabağdakı seperatçılarla əlaqələndirməsi də nəzərə çarpır.

Belə ki, Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi yenidən intensivləşib. Avqustun 21-i saat 10:15-dən 10:23-dək Füzuli-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb. Məlumdur ki, mülki aviasiyanın təhlükəsizliyinə radio-texniki müdaxilə qəbuledilməzdir və beynəlxalq mülki aviasiya təşkilatının müəyyən etdiyi qaydalara ziddir.

Deməli, seperatçılar vasitəsilə Azərbaycan təyyarələrini hədəfə alan İrəvan, digər tərəfdən Azərbaycanın mülki uçuşları təhdid etdiyi görüntüsü yaratmaqla Qafan hava limanından istifadə etməyə çalışır. Ermənistanın bu cəhdlərinə hər iki istiqamətdə son qoyulmalıdır. Seperatçıların sistemləri zərərsizləşdirilməli və Qafan hava limanı Arazdəyəndə olduğu kimi öz təxribatçı fəaliyyətini dayandırmalıdır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat   Qafan   Füzuli  


Bizi "telegram"da izləyin