Vandallar Azərbaycanla sərhəddə – Ermənistanda nə baş verir?

2023/08/44-1691915724.jpg
Oxunub: 4796     18:10     13 Avqust 2023    
44 günlük Vətən Müharibəsindən sonra nəinki Qafqazda, bütün dünyanın güc mərkəzləri arasında gedən siyasi proseslərdə köklü dəyişiklik baş verdi. Bununla da Qafqaz uğrunda siyasi, hərbi-siyasi mübarizə növbəti mərhələyə keçid aldı. Bir az da dəqiq desək, siyasi və iqtisadi baxımdan Qərb və Rusiyadan asılı olan Ermənistanda güc mərkəzlərinin “möhkəmlənmə” cəhdləri intensivləşməyə başladı.

Əsas hərbi tərəfdaşı olan Rusiya ilə siyasi münasibətləri gərginliyin pik nöqtəsinə daşıyan Ermənistan Avropa İttifaqının müşahidə missiyasının tələm-tələsik Azərbaycanla sərhəd bölgələrdə yerləşdirilməsini reallaşdırdı. Əslində, bu, hərbi-siyasi sferada Rusiyaya etimadsızlığın ilk nüansları deyildi. Müharibədəki məğlubiyyətinə rəsmi Moskvanın susqunluğunu həzm etməyən İrəvan öz ərazisində Qərb siyasi dairələrin mövcudluğunu elə, müharibədən əvvəl də arzu edirdi və post- müharibə dövrünün ilk mərhələlərində bunu tezləşdirməyə çalışdı. Təbii ki, bu da Kremlin diqqətindən yayına bilməzdi. Paşinyanın “Rusiyadan xilas olmaq” siyasətinin bir az da açıq müstəviyə çıxarılması Ermənistanın hökumət başçısının öz tərəfdarları arasında da parçalanma ilə müşahidə edildi.

Nikol Paşinyan sülhə doğru addım atmaqda maraqlarını gizlətmir. Xüsusilə də, bu maraqların icrasında Qərb siyasi dairələrinin vasitəçiliyinə daha çox üstünlük verir.
Amma onun sülhə maraqlı olması, eyni zamanda, bunu Türkiyə ilə münasibətləri normallaşdırmanın fonunda, həmçinin Qərbin vasitəçiliyi ilə əldə etmək cəhdi Paşinyanın siyasi rəqibləri və bu sülhü təslimçilik kimi qiymətləndirən erməni cəmiyyətinin bir hissəsi tərəfindən ciddi narazılıqla qarşılanır. Görünən odur ki, Paşinyan özünün siyasi gedişlərini və gələcək planlarını istər erməni siyasi elitası, istərsə də tərəfdaşları ilə bölüşməkdən mümkün qədər yayınmağa çalışır. Bu da təbii ki, Ermənistanda çoxqütblülülüyün sürətlə genişlənməsinə səbəb olur.

2018-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra yaradılan “İnqilab keşikçiləri” qrupunun banisi Hayk Stepanyanın bu günlərdə özünün və təmsil etdiyi qrupun hakimiyyətlə daha heç bir əlaqəsinin olmadığını açıqlaması onu göstərir ki, Ermənistan baş nazirinin dövrəsində ciddi çatlar meydana gəlib. Hərçənd, bu, siyasi baxımdan Paşinyana zərbə təsiri bağışlasa da, digər tərəfdən onun sülhə və “Rusiyadan qopmaq” istəklərinə doğru irəliləyiş kimi də qiymətləndirilə bilər.

Azərbaycan və Türkiyə münasibətlərin normallaşmasına qarşı çıxanların çoxalması söz yox ki, müharibədən sonrakı dövrdə münasibətlərin tənzimlənməsində maraqlı olan bəzi Qərb dairələrində, eləcə də, iki ölkə arasındakı gərginliyin qeyri-müəyyən formada dondurulub “gələcəyə saxlanması”na eyham vuran Kremldə Paşinyana daha çox siyasi dəstək vermək haqda fikirlər formalaşdırır...

Avropa İttifaqı və Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında sülh haqda razılşmasının mümkün qədər tezləşdirilməsinə bütün cəhdləri Kremldə tamam başqa bir formada dəstəklənir. Digər tərəfdən, Moskva Paşinyanı onun təsirindən çıxa bilməməsi üçün hər vəchlə bloklamağa çalışır.

Moskva Qarabağda, həmçinin İrəvanla 2044-cü ilə qədərki müqaviləyə əsasən, Ermənistan sərhədlərinin qorunması məsələsində mövcudluğunu təmin etməkdən ötrü mövqelərini dəyişməz olaraq saxlayır, sülhməramlı kontingentinin məsuliyyət zonasında yerləşən erməni silahlı qruplaşmaların silahlanmasını və möhkəmlənməsini dəstəkləyir, həmçinin Qərbdə aparılan Azərbaycan-Ermənistan danışıqlarında əldə edilən yaxınlaşmalara qısqanclığını ört-basdır etmək üçün müəyyən diplomatik bəyanatlarla çıxış etməklə danışıqların uzadılmasında maraqlı olduğunu ifadə edir.

Moskva Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsini onun iradəsi altında və istəyinə uyğun gerçəkləşməsinə təzyiqlərini getdikcə artırır. Bu yanaşma Qərb dairələrində də mövcuddur və prosesin tənzimlənməsi məsələsində Rusiyanın gücsüzlüyünü, yaxud yararsızlığını ortaya qoymaq üçün uzun illərdən bəri ortaya qoyulmayan “mehriban” münasibətlər sərgiləyir.

Buna görə də, Rusiya siyasət maşını Ermənistandakı rusiyameylli siyasi dairələr arasında, həmçinin Paşinyana yaxınlığı ilə seçilən qruplaşmalar arasında öz təsir mexanizmlərini getdikcə, çoxaltmağa çalışır.

Sözsüz ki, “İnqilab keşikçiləri” qrupunun və Hayk Stepanyanın Paşinyana münasibətində dəyişikliklərin meydana gəlməsi, azərbaycanlıların qəbirlərini dağıtmaqla məhşurlaşan bir terrorçunun ortaya çıxıb “Laçın” sərhəd-keçid məntəqəsində də təxribat və ya terror törədəcəyinə dair açıqlama verməsi sülhə apara biləcək proseslərdə Rusiyanın “rıçaq”larının işləməsinə dəlalət edir. Məlumata görə, təxribat və terror təhdidləri sovuran “Xaçlılar” adlı dəstə hazırda Azərbaycanla sərhəddə, Kornidzora yaxın bir yerdə mövqelənib. Nəticə etibarilə, Moskva sülh nizamlanmasında arxa planda saxlanıldığını dərk etdiyi üçün daha çox İrəvana üz tutmaqla, erməni siyasi dairələrinin açıqlamalarına ironik, bir az da sərt reaksiya verməklə, dolayısı ilə Bakıya da müəyyən eyhamlar vurur.

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya proseslərinin mümkün qədər tez reallaşdırılmasına mane olmaq, yaxud bu məsələdə “köhnə xəritələr”i əhatə edən frazalara tez-tez müraciət edən Moskva Ermənistan hakimiyyyətini onunla razılaşmağa “çağırır”.

Erməni siyasətçilərin, ictimai xadimlərin, analitiklərin və müəyyən mənada nüfuza malik olan şəxslərin Paşinyana qarşı pərakəndə, amma mahiyyət etibarilə eyni məzmunlu çıxışları da onu göstərir ki, Rusiya Avropanın Ermənistanda möhkəmlənməsinin qarşısını almaq üçün İrəvana təzyiq göstərməkdən ötrü hətta Ermənistandaxili qarşıdurmalar yaratmağa da hazırdır. Ancaq bu işi Ukrayna ilə apardığı müharibənin fonunda çox ehtiyatla, təmkinlə reallaşdırmağa üstünlük verir.

Paşinyanın Rusiya sülhməramlıları ilə bağlı sərgilədiyi manipulyativ mövqe, Ermənistan ordusunun yenidən qurulması işində dünya silah bazarında yeni tərəfdaş axtarışına çıxması, bunun fonunda Ermənistan-Azərbaycan sərhədləri boyunca Aİ müşahidə missiyasının genişləndirilməsi, bütün bunlarla yanaşı isə Qarabağdakı sülhməramlıların məsuliyyət zonasında erməni silahlılarına rus hərbiçilərin dəstəyinin artırılması onu deməyə əsas verir ki, Paşinyan Moskvanın yaratdığı bütün baryerləri Ermənistanın xeyrinə aşmaq üçün cəhdlərini və planlarını genişləndirir.

Ermənistanda ölkədaxili proseslərin gərginliyə doğru irəliləməsi, erməni siyasi elitasında tezliklə sülhün əldə olunmasına və Ermənistana Rusiyanın təsirini azaltmağa can atmaq cəhdləri, bütün bunlara rəğmən, erməni cəmiyyətində Paşinyanın siyasi hakimiyyətinə qarşı çağırışların çoxalması Moskvanın Cənubi Qafqazda yeni “oyun”lar başlamaq istəyindən xəbər verir. Görünür ki, bir vaxtlar Paşinyanı müdafiə edənlərin qəfildən baş nazirə qarşı çıxışlara başlaması təsadüf deyil və Kreml İrəvanı özünə tabe etmək üçün özünün ehtiyat variantlarını işə salır.

Beləliklə, yaxın gələcəkdə Ermənistanda gözlənilməz hadisələrin baş verəcəyi ehtimalının çoxalacağını deyə bilərik.

Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Radikallıq   Terror   Təxribat  


Bizi "telegram"da izləyin