Nigerdən qovulan Fransa Ermənistanda "sığınacaq" axtarır – ANALİZ

2023/08/00-1691408836.jpg
Oxunub: 6181     15:45     07 Avqust 2023    
Fransanın Ermənistana yeni təyin olunmuş səfiri Olivye Dekottini Ermənistandakı işinə Qərbi Zəngəzura səfərlə başlayıb. Təbii ki, o, bu addımı ilə Zəngəzur bölgəsinin hazırda geosiyasi transformasiyaların əsas istiqamətlərindən biri olduğunu göstərməyə çalışıb. Zəngəzurla bağlı bəyanatlar Qarabağ məsələsi ətrafında baş verən hadisələr çərçivəsində müxtəlif vaxtlarda, çox vaxt birbaşa şəkildə özünü göstərir. Hazırda Zəngəzurda geosiyasi maraqların cəmlənməsi davam edir və bu, böyük ehtimalla, daha intensiv xarakter alacaq.

Fransanın Ermənistana yeni təyin olunmuş səfiri bildirib ki, guya Gorus şəhəri "Frankofoniya"nın mərkəzidir. O, Gorus şəhərinin meri Aruşanyanla Gorusla Fransa Vyanasının qardaşlaşması ilə bağlı fikir mübadiləsi aparıb. Təbii ki, Fransa bu addımı ataraq Zəngəzur ətrafında cəmlənmiş geosiyasi maraqların idarə olunması vasitələrindən biri kimi xarici sosial və icma əlaqələrinin dərinləşməsini nəzərdən keçirir.

Habelə, burada bir xüsusi halı qeyd etmək çox vacibdir. Fransanın bir sıra şəhərləri və icmaları da Qarabağdakı bir çox yaşayış məntəqələri ilə qanunsuz olaraq qardaşlaşmışdı. İllər öncə Fransa məhkəmələri bu müqavilələri ləğv etsə də, bu addımlar da regiona nüfuz etmə cəhdləri kimi qəbul olunurdu. Təbii ki, bu kommunikasiya formatları deklarativ xarakter daşıyırdı və heç bir raktik perspektivə malik olmayacaqdı. İndi isə söhbət Fransanın Zəngəzurla bağlı Ermənistana hansı "konseptual proqramlar" təklif edə biləcəyindən gedir.

Xüsusilə, sual yaranır: rəsmi Paris Ermənistan ərazisindən utopik Fars körfəzi-Qara dəniz, Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında fəal iştirak etməyə hazırdır? Bu, digər aktorlarla, xüsusən İran, Hindistan və həmçinin Çinlə işləməyi nəzərdə tutur. Digər tərəfdən, həmin ölkələr qərb qütbünün aktorları ilə Qafqazdan keçən infrastrukturlar üzərində təsir mübarizəsi aparırlar ki, ona görə də yeni bir sual yaranır: Fransa özünü bu mübarizənin hansısa tərəfində görür, yoxsa Parisin oyundan kənarda qalmamaq üçün həll etməyə çalışdığı maksimum problem, mübarizənin hər hansı bir nəticəsi olarsa, öz payını almaq ehtimalının yaranacağı şəkildə özünü bölgəyə yerləşdirməkdən ibarətdir? Ritorik də olsa daha bir sual edək: Bəlkə, Afrikada, xüsusilə Nigerdə ​​ciddi geosiyasi problemlə üzləşən Paris Qafanda konsulluq açmaq fikrinə düşüb?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Niger  


Bizi "telegram"da izləyin