Rusiyadan pulunu ödədiyi silahları ala bilməyən İrəvan indi də bununla bağlı Fransaya üz tutub. Fransa Cənubi Qafqazda hərbi-siyasi balansı Ermənistanın xeyrinə dəyişəcəyini hədəfləməklə bölgədə yenidən gərginliyin artırılmasına və bununla da sülhün əldə edilməsini əngəlləməyə çalışır.
“Caliber” “Telegram” kanalı Fransadakı erməni diasporu ilə geniş əlaqələri olan insayderə istinadən məlumat yayıb ki, yaxın vaxtlarda Parisin köməyi və rəsmi icazəsi ilə Hindistanın “Trajan” özüyeriyən artilleriya sistemlərinin Ermənistana çatdırılmasına başlanılacaq.
Söhbət “Nexter Systems” və yerli Hindistan tərəfdaş şirkətlərinin iştirakı ilə istehsalı Hindistanda lokallaşdırılan “Sezar” özüyeriyən artilleriya sistemlərinin hind analoqundan gedir. Sifariş edilən artilleriya qurğularının sayı ilə bağlı ətraflı məlumat yoxdur, lakin məlumdur ki, Fransanın erməni diasporu Parisin hərbi-siyasi rəhbərliyinin və şəxsən Prezident Emmanuel Makronun birbaşa siyasi razılığı ilə maliyyələşməni öz üzərinə götürüb. Razılaşmanın icrasını gizlətmək üçün 155 mm/52 çaplı silahların birbaşa uçuşlarla deyil, əvvəlcə İran ərazisinə çatdırılması, daha sonra isə quru yolu ilə Ermənistana çatdırılması planlaşdırılır.
Görünən odur ki, Fransa Ermənistanı silahlandırmağa davam etmək qərarına gəlib. Eyni zamanda Ermənistan-Azərbaycan danışıqlarında Moldovada beştərəfli qeyri-rəsmi formatda da olsa, hansısa “vasitəçi” rolunu oynamağa çalışır. Deyəsən bundan sonra belə dialoqlar daha olmayacaq, çünki Kişineudakı uğursuzluqdan sonra Fransa İrəvanın hərbi gücünün artırılmasını üstün tutub və bu, Bakıda olduğu kimi anlaşılıb və qiymətləndirilib. Fransa öz hərəkətləri ilə regionu yeni hərbi eskalasiyaya sövq edir, çünki 2020-ci ildə döyülən “bacısını” silahlandıran Fransa Azərbaycanın əl-qolunu sallayıb gözləməyəcəyini çox yaxşı bilir.
Fransa Qarabağ müharibəsində də bitərəfliyini pozaraq açıq şəkildə Ermənistanın yanında olub. Rəsmi Paris öz prezidentinin timsalında beynəlxalq hüquqda vasitəçilər üçün müəyyən edilmiş norma və prinsiplərə məhəl qoymayaraq Azərbaycan Silahlı Qüvvələrinin ərazilərini geri qaytarmasına imkan verməyəcəklərini bəyan edirdi. Qeyd edək ki, Ermənistanla Fransa arasında hərbi və hərbi-texniki əməkdaşlıq əsasən danışıqlar prosesində mövcud olsa da, hələ ki, inkişaf etmiş bir müqavilə bazasına və etibarlılıq zəmanətlərinə sahib deyil. Yuxarıda qeyd olunan tədarüklərin də üçüncü ölkə vasitəsilə həyata keçirilməsi bununla bağlıdır.
Fransa, digər NATO ölkələri kimi, Cənubi Qafqazda hərbi-siyasi nüfuzunu genişləndirməyə, silah ixrac edilməsi sahəsində yer tutmağa və Rusiyanı sıxışdırmağa çalışır. İndiyə qədər Parisin hərbi yardımı İrəvanda mücərrəd bir şey kimi görünürdüsə, artıq bu proses gizli tədarüklərdən dövlətlərarası razılaşmalara keçir. Vətən Müharibəsi zamanı Fransanın Ermənistana dəstəyinin şifahi xarakter daşıması barədə məlumatlar da yalandır. Müharibə dövründə Fransanın bitərəfliyini təkcə diplomatik dəstəklə yox, eyni zamanda hərbi dəstəklə pozduğuna dair açıqlamalar mövcuddur. Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Davit Şahnazaryan müharibədən sonra bildirib ki, Fransa Ermənistana PUA-lara qarşı mübarizə sistemləri göndərmək təklif edib, ancaq təklif Paşinyan tərəfindən qəbul edilməyib: “İki dəfə, oktyabrın 3-də və oktyabrın 11-də Paşinyan bir Avropa ölkəsinin Ermənistana hava əleyhinə sistemlər, yaxud daha doğrusu, PUA-lara qarşı mübarizə sistemləri göndərmək təklifini rədd edib”. “Bu ölkə Fransa olub?” sualına Şahnazaryan “Bəli” cavabını verib və əlavə edib: “Mən bütün dediklərimə görə cavabdehəm, onlar bunu inkar etməyə çalışmayacaqlar da, çünki mən bunun nə zaman olduğu ilə bağlı tarixləri də deyirəm”.
Müharibə zamanı Ermənistan humanitar yardım bəhanəsi ilə ölkəyə qanunsuz olaraq silah-sursat idxal etməyə davam edirdi. Bu məqsədlər üçün mülki təyyarələr fəal şəkildə istifadə olunur və bununla da 1944-cü il Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 4-cü maddəsini kobud şəkildə pozurdu. Oktyabrın 11-də F-GKXY dövlət nömrə nişanlı “Airbus” A320-214 yük təyyarəsi Parisin “Charles de Gaulle” hava limanından İrəvana uçub. Təyyarə İranın hava məkanından keçərək saat 00:12-də Ermənistan paytaxtına çatıb. Gürcüstan polisinin Fransadan Ermənistana humanitar yük daşıdığı iddia edilən bir TIR-ı ölkə ərazisində saxladığına dair də məlumatlar yayılmışdı. Həmin yük avtomobilində dərman qutularının içində radiolokasiya sisteminin hissələri aşkarlanmışdı.
Müharibədən cəmi bir il sonra 2021-ci ilin fevralın 5-də Ermənistan Müdafiə naziri Vağarşak Harutyunyan Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakotla görüşündə regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq ilə bağlı məsələləri müzakirə etdi. Məlumatlara görə, görüşdə Fransa səfirliyinin hərbi attaşesi Deni Pit də iştirak edib. Səfir bir sıra əməkdaşlıq proqramları təklif edib. Ermənistan Müdafiə Nazirliyinin bəyanatına əsasən, növbəti ay ərzində əməkdaşlığı inkişafına yönəlmiş bir sıra tədbirlərin həyata keçirilməsi ilə bağlı razılaşma əldə olunub. Cari ilin may ayında isə Fransanın Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etdiyi barədə məlumatlar yayıldı. Məlumatlara görə, bu, ilk dəfə 2022-ci ilin sentyabrında Ermənistan müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı, həmkarı Sebastyan Lekornü ilə yüksək səviyyədə müzakirə edilib və müəyyən qərarlar qəbul edilib. Fransa hərbi attaşesinin müasir silahların Ermənistana tədarükünə nəzarət edəcəyi və əsas dəstəyin şəxsən Fransa Prezidenti Emmanuel Makron tərəfindən verildiyi şübhəsizdir.
Təsadüfi deyil ki, Papikyanın səfəri və görüşü Paşinyanla Makron arasında keçirilən görüşə paralel baş tuturdu. Yəni, burada birinci şəxslər səviyyəsində görüşün gündəliyinin müdafiə nazirləri platformasına çatdırılması baş verirdi. Təbii ki, bu zaman artıq razılaşdırılmış məsələlərin həyata keçirilməsi üçün vacib təfərrüatlar müzakirə olunub. Paşinyanın səfərinin əvvəlcədən elan edilməməsi də özlüyündə maraqlı idi. Görüş zamanı əldə olunmuş razılığa əsasən, Fransa Müdafiə Nazirliyinin nümayəndə heyəti vəziyyətlə yerindəcə tanış olmaq üçün Ermənistana səfər etməli idi. Fransa Müdafiə Nazirliyinin nümayəndə heyəti Ermənistanın silahlanma ehtiyacları və təbii ki, “mənimsəmə” imkanları ilə tanış olmaq üçün bölgəyə gəlmişdi. Lakin nəzərə almaq lazımdır ki, Qərb silahlarının alınmasından söhbət gedəndə burada təkcə siyasi məsələlər deyil, hərbi-texniki məsələlər də önə çıxır. Başqa sözlə, 30 ilə yaxındır sovet-rus silah texnoloji “platforma”sında olan Ermənistan silahlı qüvvələri Qərb silahlarını nə dərəcədə və sürətlə əldə edə bilər? Bu, hələlik mümkün görünmür. Ukrayna ordusu belə bu günə qədər Qərb silahlarının mənimsənilməsində problemlər yaşayır. Qərb ekspertləri bundan danışır. Ukrayna silahlı qüvvələri NATO ölkələrindən olan təlimatçılar tərəfindən yerindəcə dəstəklənir. KTMT üzvü olan Ermənistanda isə bu həyata keçirilməsi çox çətin olan bir prosesdir. Mümkündür ki, Fransa qeyd olunan məhdudiyyətlərdən yayınaraq tədarükləri Hindistan üzərindən həyata keçirməyə çalışacaq.
Habelə, buna qədər Fransanın 50 zirehli transportyorun ilk partiyasının tədarükünü həyata keçirəcəyi məlumatı da ifşa olunub. Maraqlıdır ki, bu ifşa, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatlarında da öz təsdiqini tapıb: “Ukrayna xüsusi xidmət orqanları 2022-ci ilin ortalarından Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyətə nəzarət edir. Kiyev qorxur ki, Ermənistana verilən Qərb hərbi texnikası ruslarin əlinə keçə və onlar tərəfindən istifadə oluna bilər. İrəvan və Moskva arasında sıx hərbi əməkdaşlıq, o cümlədən ölkədə iki Rusiya hərbi bazasının olması bu ehtimalı olduqca yüksəkdir”.
Hazırda Ermənistan təkcə Rusiyaya sanksiyalardan yayınmada deyil, həm çip və mikrosxemlərin gizli ixracında, həm də Moskvaya göndərilən İran silahlarının daşınmasında mərkəzi rol oynayır. Həmçinin aprel və may aylarında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən toqquşmalar zamanı İrəvan İranın pilotsuz uçan aparatlarından istifadə edib. Bu baxımdan, Fransa silahlarının iranlıların əlinə keçməsi ehtimalı kifayət qədər yüksəkdir. Əks mühəndislikdən geniş şəkildə istifadə edən İran silah istehsalçıları Yaxın Şərqdə sabitliyi pozmaq istəyən bir neçə terror təşkilatına ixrac edilən silahlarını modernləşdirmək və təkmilləşdirmək üçün bu cür taktikalardan istifadə edə biləcəklər. İranın hərbi sursatlarının modernləşdirilməsi və təkmilləşdirilməsi isə hazırda İranın müharibəni qızışdırmasına qarşı olan bütün güclər, xüsusilə İsrail üçün daha böyük təhlükəyə çevriləcək.
Fransa-Ermənistan tərəfdaşlığının inkişafını müxtəlif mənbələr də təsdiqləyir. ABŞ-ın beynəlxalq təhlükəsizlik üzrə analitik nəşri “Global Security Review” silah tədarükü ilə bağlı yazırdı ki, Makronun ermənipərəst ritorikası hava hücumundan müdafiə sazişinə gətirib çıxara bilər. Məqalədə Fransanın “Mistral” zenit-raket komplekslərinin Ermənistana tədarükünün mümkünlüyü də qeyd olunub. Geniş auditoriyaya qapalı olan və 2000-ci illərin əvvəllərindən Fransa kəşfiyyat xidmətlərinin, xüsusən də DGSE Xarici və Hərbi Kəşfiyyat Xidmətinin təbliğat ruporu kimi xidmət edən “İntelligenceonline.fr” nəşri Parisin İrəvana silah ixracı ilə bağlı sistem qurmaq üçün hazırlıqlara başladığını yazırdı.
Nəşrdə bu istiqamətdə atılan aşağıdakı praktiki addımlar sadalanır:
▪ Fransanın İrəvandakı daimi hərbi attaşesinin təyinatı hazırlanır - hazırda bu funksiyanı eyni zamanda Fransanın Tbilisidəki səfirliyinin hərbi attaşesi Frederik Kampos həyata keçirir.
▪ Aprelin əvvəlində Mari-Aqnes Pikar-Çesselin başçılıq etdiyi Silahlar üzrə Baş Direktorluğun (Direction générale de l'armement, DGA) nümayəndə heyəti İrəvana səfər edib.
▪ İkitərəfli silahlanma komitəsinin işini bərpa edir. Ona Fransa silahlarının Ermənistana tədarükü üçün “strateji planlaşdırma”nı təmin etmək tapşırılıb.
Nəşr 2022-ci ilin yanvarında Armen Sarkisyanın Ermənistanın prezidenti postunu tərk etməsindən təəssüfləndiyini bildirir. Fransa xüsusi xidmət orqanlarının ruporuna görə, o, Ermənistanda Fransa hərbi sənayesinin əsas “kommersiya agenti” kimi çıxış edib. Xüsusilə, prezident “Thales”, “Areva”, Alstom şirkətlərinin maraqlarını təmsil edirdi. “Intelligenceonline.fr” Ermənistanla hərbi əməkdaşlığın intensivləşdirilməsinin çətin geosiyasi fonda planlaşdırıldığını vurğulayırdı. Fransalı analitiklərin nöqteyi-nəzərindən Cənubi Qafqazda qüvvələrin əsas konfiqurasiyası Qərblə Ukrayna, Rusiya və Türkiyə alyansı arasında bölüşdürülüb.
Nəticədə, Fransanın xarici işlər naziri Ketrin Kolonna açıqlamasında Ermənistandakı səfirlikdə hərbi missiya yaradılmasını etiraf etdi. Eyni zamanda, Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Jilber-Lyuk Devinaz qarşıdan gələn silah tədarükü ilə bağlı belə bir bəyanat verib: “Biz Ermənistana imkan verməliyik ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni onun silahlanmasına kömək etməliyik”.
Rusiyanın REX nəşri də bildirirdi ki, Fransanın Ermənistana verməyi planlaşdırdığı hərbi yardıma ilkin olaraq “ölümcül silahlar” (Zirehli transpartyorlar və ya müxtəlif optik vasitələrin “ölümcül silahlar” kateqoriyasına daxil edilməsi, bir qədər yanlışlıq olardı. 155 mm/52 çaplı artilleriya qurğularının bu kateqoriyadan olması isə müzakirə mövzusu deyil.) daxildir. İranın “Yazeco” informasiya xidməti də yeni hərbi attaşenin Fransa silahlarının Ermənistana tədarükünə nəzarət edəcəyini qeyd edirdi.
Digər tərəfdən, attaşenin səlahiyyəti çox azdır. O cümlədən, onun müqavilə imzalamaq səlahiyyəti yoxdur. Əgər Fransa Ermənistana silah verəcəksə, bu, dövlətlərarası alqı-satqı müqaviləsi əsasında olacaq. Ona görə də hərbi attaşenin orada olub-olmaması heç nəyi həll etmir. Yəni, o olsa da, olmasa da silah-sursat satıla bilər. Bundan əlavə nəzərə almalıyıq ki, Ermənistandakı silahların 90-95 faizi Rusiya istehsalıdır. Fransanın verəcəyi silahlar Rusiyanın silahları ilə adaptasiya olunaraq atəşi avtomatik idarəetmənin ümumi sisteminə uyğun gəlməyəcək.
Beləliklə, Fransa Ermənistana silah satmaqla və digər ölkə tərəfindən silahlarının satışına icazə verməklə ATƏT-in münaqişə tərəflərinə silah satmamaqla bağlı 1992-ci il qətnaməsini pozmuş olur. Qeyd edək ki, məhz bu qadağa səbəbindən Azərbaycan Avropa ölkələrinin aparıcı hərbi texnikasını almaq imkanından məhrum idi. Bu hadisəyə qədər Fransa Ermənistanın ardınca münaqişənin bitmədiyini və hələ də davam etdiyini bildirirdi. Lakin Ermənistana silah-sursatın satılması ya Fransanın münaqişənin bitdiyini dolayısı yolla rəsmən qəbul etdiyini, ya da Minsk Qrupunda həmsədrlik statusundan könüllü sürətdə imtina etməsi kimi qəbul edilə bilər.
Habelə, ümumən Qərbin Moskvanın NATO üçün həssas bölgə olan Cənubi Qafqaz regionunda münaqişənin nizama salınması işində həddindən artıq çox şeyi üzərinə götürdüyünü düşünməsi məlumdur. Fransa iki xalqın çoxdankı dostluq əlaqələrindən (və Parisin nüfuzlu erməni diasporu) istifadə edərək təşəbbüsü öz əlinə götürməyə və Rusiyanı “bir kənara atmağa” çalışır.
Təbii ki, rəsmi Bakı bu vəziyyəti öz xeyrinə dəyişə bilər. Ermənistana silah satma 1992-ci il qətnaməsini qüvvədən salıb, Azərbaycanın silah-sursat almaq üçün Britaniya və digər Avropa tərəfdaşlarına müraciət etməsinə gətirəcək. Digər tərəfdən, bu, Fransanın Ermənistana silah satması, həmçinin Bakının Minsk Qrupunu rəsmən buraxması üçün çox yaxşı bir diplomatik fürsətdir.
Fransa tərəfi bunun kommersiya tərəfi ilə bağlı da Bakıya nağıl danışa bilməz. Ermənistana silah tədarükünün sırf kommersiya məqsədi daşıdığı Azərbaycana danışılan növbəti ağ yalandan başqa bir şey olmaz. Çünki Ermənistanın maliyyə resursları Fransadan bahalı silahlar idxal etməyə imkan vermir. Fransa gəlir əldə etmək məqsədi ilə silah satışında maraqlı olsa idi, o zaman 2019-cu ilin aprel ayında Azərbaycanla imzalanmalı olan 350 milyon dəyərində hərbi-texniki əməkdaşlıq haqqında müqavilədən imtina etməzdi. Demək ki, Fransanın planları Ermənistanan üzərindən bölgəyə daxil olub, təsir gücünü artırmaqdır. Makron buna da regionu müharibə poliqonuna çevirməklə ancaq nail olmağın mümkünlüyünü düşünür.
(Ardı var…)
Firuz Bağırov
Ordu.az