Qara dəniz və onun hüdudlarından kənarda Türkiyənin PUA strategiyası – ANALİZ (II YAZI)

2023/06/1686548379.jpg
Oxunub: 6591     10:21     12 İyun 2023    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Geosiyasi baxımdan Türkiyə oyunu dəyişdirən ölkədir. Türkiyə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvü olmasaydı, Transatlantik Alyansın həqiqətən fərqli bir “xəritəsi” olardı. Belə bir “fərqli xəritə” tamamilə mənfi olaraq İŞİD əleyhinə əməliyyatlarından tutmuş Qara dənizdəki qüvvələrin korrelyasiyasına və NATO sərhədlərindən kənarda böhranın idarə edilməsi əməliyyatlarını həyata keçirmək qabiliyyətinə qədər geniş bir sıra gündəmə aid olacaqdı.

2015-2019-cu illər arasında Ankaranın siyasəti Rusiyanın Suriyaya A2/AD mühitində istifadə olunan sistemlər, o cümlədən S-400 Hava Hücumundan Müdafiə (HHM) sistemləri yerləşdirməsinin əsas səbəbi idi, ancaq cəmi bir neçə il ərzində vəziyyət dəyişib. Türkiyə Moskvanın 2014-cü ildə Krıma təcavüzündən sonra Rusiyadan strateji silah almış yeganə NATO ölkəsidir. Eyni zamanda Türkiyə Ukrayna ordusunun aktiv istifadə etdiyi PUA-ların əsas istehsalçısıdır.


Şərqi Avropa və Cənubi Qafqazda Rusiya və onun dəstəklədiyi dövlətlərə qarşı Türkiyə sistemlərinin istifadəsi Türkiyə-Rusiya münasibətlərini daha da mürəkkəbləşdirib.

Türkiyə Silahlı Qüvvələri NATO daxilində ən “dronlaşdırılmış” ordulardan biri olaraq qalır. Fransis Fukuyamanın sözlərinə görə, Suriya, Liviya və Qarabağ teatrlarından alınan dərslərlə, görünür, Türkiyənin PUA-larından istifadə edilməsi quru gücünün mahiyyətini, mövcud güc strukturlarını sarsıdacaq şəkildə dəyişdirəcək.

Daha da əhəmiyyətlisi, Soyuq Müharibə zamanı İsrail-Ərəb müharibələrinə bənzəyən Suriya, Liviya və Qarabağ cəbhələri Türkiyənin robotlaşdırılmış müharibə həllərinin Sovet və Rusiya istehsalı olan adi silahlardan üstünlüyünü açıq şəkildə nümayiş etdirdi.

Türkiyə administrasiyası PUA-larını təkcə hazır vəziyyətdə satmır. Əvəzində Türkiyə xaricdə PUA müharibəsi ekosistemlərini alovlandırır, robot müharibəsi əməliyyatları vasitəsilə ittifaqlarını möhkəmləndirir. Bu baxımdan Rusiyanın strateji maraq dairəsində bəzi kritik epizodlar baş verib.


Bu yazıda ilk növbədə Qara dənizə xüsusi diqqət yetirməklə Türkiyə-Rusiya münasibətlərində aparıcı qüvvələrə və görünən nümunələrə toxunulacaq. Daha sonra “Türkiyə PUA-ların müharibə üsulu”nun geosiyasəti təhlil ediləcək. Habelə Türkiyənin robot müharibəsi sektorunda müdafiə əməliyyatlarının Ankaranın Moskva ilə əlaqələrinə necə təsir etdiyi müzakirə olunur. Yazı öz nəticələri ilə yekunlaşacaq.

Türkiyənin PUA müharibəsi aktivlərinin geosiyasəti: Türkiyə-Rusiya “Bölmələrə ayrılmış rəqabət” siyasəti üçün təsirləri

Türkiyənin hazırkı xarici və təhlükəsizlik siyasəti üç əsas amillə formalaşır: əsas geosiyasi məsələlərdə uzunmüddətli strateji muxtariyyət və müdafiə texnologiyalarında özünü təmin etmək, Türkiyənin ənənəvi Qərb müttəfiqlərindən həddən artıq asılılığını minimuma endirmək üçün yeni tərəfdaşlıqlar qurmaq və Rusiya ilə birbaşa qarşıdurmadan qaçmaq. Sonuncu Türkiyənin hərbi siyasətinə əhəmiyyətli təsir göstərir, birinci və ikinci isə maraqlıdır ki, Türkiyənin Rusiya ilə toqquşma kursundan yayınmasını çətinləşdirə bilər.

Türkiyə sürətlə inkişaf edən müdafiə sektoruna malikdir. 2020-ci illərin əvvəlinə olan məlumata görə, ölkənin müdafiə texnoloji və sənaye bazası quruda döyüş platformaları, korvetlər, ağıllı döyüş sursatları, həmçinin radioelektron mübarizə vasitələri və komanda-nəzarət aktivləri kimi qabaqcıl konvensisional silahları tətbiq etmək qabiliyyətinə malikdir.


Türkiyə müdafiə sənayesində bəzi kritik sahələr xarici təchizatçılardan asılı olsa da, son iyirmi ildə Türkiyənin müdafiə qabiliyyəti özünü təmin etməkdə əhəmiyyətli dərəcədə yaxşılaşdı və xaricə bağlılığı təxminən 80 faizdən təxminən 20 faizə qədər azaldı. Bu, şübhəsiz ki, kritik bir irəliləyiş olsa da, mühüm komponentlərin xaricdən tədarük edilməsi əməliyyat suverenliyi, yəni kənar şəxslərin iştirakı olmadan hərbi əməliyyatları davam etdirmək qabiliyyəti ilə bağlı böyük fərq yaradır.

Türkiyənin PUA-larının, xüsusən də MALE (orta hündürlük/uzun uçuş müddəti) və taktiki sinifləri ilə yüksəliş tendensiyası İkinci Qarabağ Müharibəsi kimi yüksək geosiyasi əhəmiyyətə malik strateji nəticələr gətirməyə başlayıb. Kritik məsələ ondan ibarətdir ki, geosiyasi əhəmiyyət kəsb edən bu strateji nəticələr Rusiyanın mübahisəsiz “həyətyanı sahə”də hərəkət azadlığını sarsıtmağa başlayıb. Davam edən tendensiyanın daha yaxşı başa düşülməsi üçün ilk növbədə Türkiyənin PUA-larla mübarizəsi haqqında anlayış inkişaf etdirilməlidir.

Əslində, PUA-larla döyüş indi Türkiyənin hərbi strateji siyasətinin tacına çevrilib. Son illər Türkiyə Silahlı Qüvvələri yeni “Akıncı” PUA-larını almağa başlayıb. Bu PUA-lar da “Pantsir ovçusu” adını qazanan “Bayraktar TB-2”nin istehsalçısı olan “Baykar” tərəfindən hazırlanıb. “Akıncı” 1,5 ton döyüş yükü və çevik əməliyyat konsepsiyaları (CONOPS) və ağır atəş gücü ilə seçilir. TUSAŞ-ın sualtı döyüş qabiliyyətinə malik “Aksungur” PUA-ları, STM şirkətinin Süni Zəka (SZ) alqoritmlərinə malik “Kargu”, “Alpagu” PUA-ları, METEKSAN və “Ares” şirkətlərinin Gəmiqayırma Zavodunda istehsal olunan “Ulaq” insansız dəniz platformaları, HAVELSAN şirkətinin döyüş robotları Türkiyənin insansız sistemlər sahəsində naliyyətlərindəndir.

Uğur gətirən təkcə platformalar və sistemlər deyil, həm də döyüş sursatlarıdır. Türkiyənin ROKETSAN adlı şirkəti yerli PUA-lar üçün MAM-L və MAM-C ağıllı sursatları istehsal edir. MAM-L, xüsusilə, müxtəlif döyüş başlığı konfiqurasiyaları vasitəsilə təyin edilmiş geniş hədəfə qarşı çoxyönlü həllər təklif edir. MAM-L-nin tandem yükü reaktiv zirehlərlə təchiz olunmuş quru döyüş platformalarını məhv etmək üçün nəzərdə tutulub, termobarik variant isə qapalı şəraitdə və bunkerlərdə yerləşdirilən hədəflərə qarşı xüsusilə effektivdir. Bundan əlavə, yüksək partlaycı başlığı ilə qoşun konsentrasiyasını və yüngül zirehli platformaları dəqiq və effektiv şəkildə vurmağa imkan verir.


Türkiyənin PUA-larla apardığı döyüşdəki uğuru daha sonra müdafiə satışlarına və daha da əhəmiyyətlisi geosiyasi yardım aktivinə çevrilib. Bu, Türkiyənin PUA satışlarının əhəmiyyətli bir hissəsinin Rusiyanın təsir zonasında reallaşması baxımından əhəmiyyət kəsb edir.

Türkiyə PUA-ları qiyməti və döyüş effektivliyi nəzərə alınmaqla beynəlxalq silah bazarlarında ən yaxşı həll yoluna çevrilir. Azərbaycanın Qarabağ Müharibəsində əldə etdiyi nailiyyətlərdən sonra Türkiyənin PUA istehsalçıları ixrac müştərilərinin sayının artmasına səbəb olub. Əslində, Türkiyənin PUA müharibəsi modeli Rusiyanın astanasında kifayət qədər populyarlaşır ki, bu da Moskva üçün məsələni daha da çətinləşdirir.

Ukrayna bu baxımdan ən diqqətçəkən nümunədir. 2019-cu ildə rəsmi Kiyev türk PUA-larının alınmasına dair müqavilə imzalayıb. Daha sonra Ukrayna hökuməti aviaparkı üçün daha çox “Bayraktar TB-2” almaq üçün əlavə sorğular göndərib. Rusiya satınalmaya reaksiya göstərərək, onun geosiyasi mühitində Türkiyənin robot müharibəsi həlləri ilə bağlı narahatlıqlarını dilə gətirib. Ukrayna ordusunun Donbasdakı PUA zərbələrindən sonra bu narahatlıqlar real təhlükəyə çevrildi.

Polşa daha bir əhəmiyyətli bazardır. Qarabağ Müharibəsindən əldə edilən dərslər fonunda Polşa strateji ictimaiyyəti artıq Türkiyənin təmin etdiyi PUA-ları Azərbaycanın uğurunun əsas köməkçiləri kimi qeyd edib. Polşa Türkiyənin “Bayraktar TB-2”lərini satın alan ilk NATO müttəfiqi oldu və Alyansın şərq cinahında Türkiyənin PUA satışlarına real transatlantik üstünlük əlavə etdi.

Rusiya üçün pis xəbər odur ki, Baltikyanı müttəfiqlər də bundan sonra nümunə götürə bilərlər. Qeyd edək ki, Latviya Türkiyənin PUA-larına üstünlük verən növbəti müttəfiq kimi görünür və Baltikyanı regionun qapılarını türk silah istehsalçılarına açır. Tezliklə Kreml Qərb və Cənub hərbi rayonlarının Türkiyənin PUA-ları ilə mühasirəyə alınmasının şahidi ola bilər.


PUA imkanları sayəsində Türkiyə indi təhdidləri öz mənbəyində zərərsizləşdirə bilir ki, bu da onu müdafiə düşüncəli deyil, fəal və bəzi hallarda hətta qabaqlayıcı regional aktora çevirib. PUA sənayesi həmçinin strateji tərəfdaşlıq qurmaq üçün yeni marşrutlar təklif edir, bu, Türkiyənin təsir imkanlarını və bazarlıq gücünü daha da artıra bilər. Moskva üçün xüsusilə narahatedici bir qeyd olaraq bildirək ki, hazırda Türkiyənin PUA-ları Sovet və Rusiya silahlarına qarşı effektivliyinə görə beynəlxalq diqqəti cəlb edir. Türk PUA-ları Suriya, Liviya və Qarabağ da daxil olmaqla dünyanın ən sərt döyüş meydanlarında əsl güc artırıcıları olduqlarını sübut etdilər. Əslində, 2020-ci ilin əvvəlində İdlibdə “Bahar Qalxanı” əməliyyatı “Bayraktar TB-2”nin ən böyük şöhrət anını qeyd etdi və bundan sonra nələrin ola biləcəyinə işarə etdi. Kampaniya boyu, Türkiyənin “Bayraktar TB-2” və “Anka-S” PUA-ları kifayət qədər sensor şəbəkə imkanlarına malik olmayan Suriya Ərəb Ordusuna ağır itkilər verib. Az sonra Azərbaycanın apardığı unikal əməliyyatlarla Qarabağdakı erməni birləşmələrinin taleyi də belə oldu.

İkinci Qarabağ müharibəsi Türkiyə-Azərbaycan hərbi yaxınlaşmasında mühüm mərhələ oldu. Əslində müharibə iki strateji paradiqma arasında gedirdi: Ermənistanın XX əsr silahları ilə apardığı Sovet tipli strategiyasına qarşı Azərbaycanın müasir, yüksək texnologiyalı hərbi strategiyası. Sonuncu qalib gəldi, müasir müharibədə texnoloji üstünlüyün və çevik CONOPS-un vacibliyini sübut etdi. Qarabağ müharibəsində Bakı yüksək səviyyəli müdafiə texnologiyalarından, xüsusilə Türkiyə və İsrail PUA-lardan yüksək əməliyyat tempində uğurla istifadə etdi. Azərbaycan öz PUA imkanlarını dost sensorlar və quru bölmələri ilə inteqrasiya edərək optimallaşdırmaq üçün şəbəkəli yanaşma tətbiq edib. Düşmənin hava hücumundan müdafiə sistemlərinin sürətlə hədəfə alınması müharibənin əvvəlində güc balansını tez bir zamanda dəyişdirdi, şəbəkəli yanaşma isə PUA-lar və quruda yerləşən atəş-dəstək bölmələri arasında gücləndirilmiş koordinasiya və əlaqə yaratmağa imkan verdi. Azərbaycan bir növ “Bahar Qalxanı” əməliyyatında Türkiyənin Suriya Ərəb Ordusuna qarşı strategiyasını yaxından əks etdirdi. Tam oxşarlıqda Azərbaycan ordusu Qarabağ Müharibəsi zamanı hava hücumundan müdafiəni məhv etmək üçün PUA-lardan, əsasən “Bayraktar TB-2” və İsrailin “Harop” kamikadze PUA-lardan istifadə etdi. Bir həftə ərzində Azərbaycan Silahlı Qüvvələri Ermənistana məxsus 60 HHM sistemini məhv etdi.

Qarabağ Müharibəsi ilə yanaşı, Türkiyə PUA-larının Ukrayna müdafiə bazarına daxil olması Rusiyada da böyük narahatlıq yaradıb – çünki türk robotlaşdırılmış döyüş həlləri 2022-ci ilin fevral işğalı zamanı Kiyevin əlini gücləndirməyə kömək edir.


Yəqin ki, yaxın tarixdə ilk dəfədir ki, davam edən müharibə zamanı bir millətin müdafiə orqanı “Twitter” vasitəsilə xüsusi bir silah istəyib. Bu, Ukrayna və Türkiyə arasında baş verdi və Qara dənizdə xüsusi münasibətləri nümayiş etdirdi. Bu baxımdan Türkiyə-Ukrayna strateji əlaqələrinin gətirə biləcəyi potensial sinerji rusları narahat edən başqa bir sahədir. Türkiyə və Ukrayna daha əvvəl müdafiə ilə bağlı müxtəlif məsələlərdə birgə çalışıblar. Onlar hazırda reaktiv mühərriklər kimi müdafiə sənayesinin kritik seqmentlərində əməkdaşlıq edirlər və Müdafiə Sənayesi üzrə Birgə Ukrayna-Türkiyə Komissiyası kimi əlamətdar tərəfdaşlıq sazişləri imzalayıblar.

Son bir neçə ildə iki ölkə PUA istehsalı sahəsində də bəzi birgə təşəbbüslərə başlayıb. Səxavətli texnologiya transferi və sərfəli hərbi həllər müqabilində Ukrayna Türkiyənin müdafiə sənayesinə mühüm töhfələr verir. Qeyd edək ki, Türkiyənin ən son yüksək səviyyəli “Akıncı-C” PUA-ları Ukraynanın “İvaçenko-Progress” şirkətinin istehsalı olan AI-450T turboprop mühərrikləri ilə təchiz ediləcək. Hər iki ölkə “Akıncı”nın birgə istehsalı üçün addımlar atıb və bu layihəni əsas prioritetləri arasında hesab etdikləri iddia edilir.

Türkiyə-Ukrayna strateji tərəfdaşlığı Qara dənizdə də özünü büruzə verir. Bu yaxınlarda “Baykar” və dövlətin hərbi-texniki konqlomeratının üzvü “Ukroboronprom” müştərək müəssisə müqaviləsi imzaladılar, yəni Qara Dəniz Qalxanı proqramına başladılar. Hərəkət əhəmiyyətli idi, çünki o, aerokosmik mühərriklərin birgə istehsalı və raket texnologiyalarının birgə istehsalı kimi əməkdaşlıq üçün yeni yollar açdı. Əslində, bu proqram artıq müsbət təsirlərə malikdir, çünki bəzi türk müdafiə şirkətləri hazırda istehsalat hissələrini “autsorsinq”lə tədqiq edir və ya Ukrayna ilə birgə istehsal xətləri yaradırlar. ASELSAN kimi bəzi aparıcı Türkiyənin müdafiə konqlomeratları Ukrayna bazarını əhatə etmək üçün portfellərini genişləndirir. Şirkət Kiyevdə yerləşən yerli istehsal müəssisələrində aktiv müdafiə sistemləri və ən müasir hərbi rabitə vasitələrinin istehsalı üçün yerli firmalarla sərfəli müqavilələr imzalayıb.

Türkiyənin əsas layihələri bu yaxşılaşan əlaqələrdən faydalanır. Ukrayna mənbələri iddia edir ki, ölkələr Türkiyənin PUA imkanlarını tamamlaya biləcək yerli həlli təmin edəcək birgə istehsal edilən pilotsuz döyüş təyyarəsi (MIUS) üçün danışıqlar aparır. “Baykar” Ukrayna istehsalı olan mühərriklərdən istifadə edəcək pilotsuz təyyarənin istehsalına rəhbərlik edəcək.


Davam edən müharibədə Türkiyənin TB-2-ləri artıq Rusiya quru və dəniz qüvvələrinə qarşı əhəmiyyətli qələbələr əldə edib. Xüsusilə şəhər şəraitində Ukrayna hərbçiləri öz PUA-larından məharətlə Kremlin kritik kinetik hədəflərinə, məsələn, həddindən artıq uzanan təchizat və logistika marşrutlarına zərbələr endirmək üçün istifadə edirdilər. Dəniz müharibəsi seqmentində Kiyev Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva” raket kreyseri də daxil olmaqla, Rusiyanın ən əhəmiyyətli hərbi-dəniz qüvvələrini müvəffəqiyyətlə müəyyən etmək və vurmaq üçün türk PUA-larından faydalanıb.

Kateqoriyalaşdırmanın hədləri

Türkiyə administrasiyası mövcud hakimiyyətə zidd olmamaq üçün ehtiyatlı davransa da, yaxşı bilir ki, PUA transferləri hazırda Qara dənizdə Rusiyaya qarşı güclü bir maneədir. Əslində, “Bayraktar TB2”dən Azərbaycanın İkinci Qarabağ Müharibəsində uğurla istifadə etməsi Rusiya müdafiə planlayıcılarının gözünü açdı. Bu, xüsusilə “imtiyazlı maraqlar zonası” və ya yaxın xaric üçün aktualdır. Bu, rusiyalı analitiklərin Rusiyanın bilavasitə “təsir dairəsini” təşkil edən postsovet məkanı kimi müəyyən etdiyi ərazidir. Qeyd etmək lazımdır ki, Türkiyə-Azərbaycan birliyinin Ermənistan-Azərbaycan münaqişəsində hərbi güc balansını PUA-lar vasitəsilə dəyişdirmək qabiliyyəti Rusiyanın bir vaxtlar mübahisəsiz “arxa bağçası”ndakı hegemonluğunun gələcəyi üçün stres sınağıdır. Bir növ, Türkiyənin PUA imkanları Ərdoğan hökumətinə Kremlə qarşı, xüsusən NATO-nun şərq cinahında və Qafqazda kəskin şəkildə artan təsir rıçaqları və sövdələşmə gücünü təmin etdi.

“Bayraktar TB-2” ilə bağlı Türk-Ukrayna razılaşması yuxarıda qeyd olunan artırma tendensiyasının dərslik nümunəsidir. Donbasda artıq Türkiyə istehsalı olan PUA-larından istifadə edən Ukrayna ordusundan başqa, Ukrayna Hərbi Dəniz Qüvvələrinin planları Türkiyənin PUA satışının aşkar geosiyasi ölçüsünü əks etdirir. Ukrayna Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Oleksiy Neyjpapa bildirib ki, PUA-lar Qara və Azov dənizlərində də istifadə olunacaq. Türkiyə PUA-larının Rusiya proksilərinə və Suriya Ərəb Ordusu və ya Qarabağdakı erməni işğalçı rejiminə qarşı istifadəsi onların Ukraynada birbaşa Rusiyanın özünə qarşı tətbiq edilməsindən fərqli məsələdir.


PUA-ların ixracı üzrə müştəriləri ilə yeni strateji tərəfdaşlıqlar qurmaqla Türkiyə özünü cənub-şərqi Avropada yüksələn regional güc kimi təqdim edir. Əslində, bəzi ekspertlər Türkiyənin xarici siyasətinin GUAM qrupuna (Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova) əhəmiyyətli yardım göstərərək, Qərbə meylli postsovet və keçmiş Varşava Müqaviləsi ölkələri ilə ittifaqlar qurmaqla yeni geostrateji oxun qurulmasında uğurlu olduğunu iddia edirlər. Bu ox Rusiya Federasiyasına münasibətdə enerji və təhlükəsizliklə bağlı gündəmlərdə vacibdir. Türkiyə bu yaxınlarda Azərbaycandan qaz tədarükündən asılılığını artırmağa razılaşdı, çünki TANAP kəməri Azərbaycanın Avropa enerji bazarına əsas qaz ixracatçısına çevrilməsinə imkan verir ki, bu da Rusiyanın hegemonluğunu təhdid edir.

İkinci ölçü, Rusiyanın mübahisəsiz səlahiyyətləri altında görmək istədiyi mübahisəli bölgədə güclü, strateji ittifaqlar yaratmaqla xarakterizə olunan Türkiyənin regional siyasətinə əsaslanır. Bununla Türkiyə nəinki Cənubi Qafqazda mövcudluğunu və statusunu vurğulayır, həm də onun Qara dənizdə maraqlarına xidmət edən xüsusi geostrateji dəyərə malik mühüm tərəfdaşlıqlar qurur. Məsələn, Türkiyə Ukrayna Hərbi Dəniz Qüvvələrini MİLGEM sinifli korvetlər və döyüş silahları ilə yenidən quran aktorlardan biridir. Ukrayna Hərbi Dəniz Qüvvələrinin yenidən qurulması, başlanğıc üçün, müdafiə sövdələşməsindən xeyli kənara çıxır. Bu, daha çox Rusiyanın Qara dənizdəki hökmranlığına qarşı balanslaşdırıcı bir addımdır.


Nəticə

Qərblə davamlı fikir ayrılığına baxmayaraq, postsovet məkanında Türkiyə NATO-dur. Türkiyənin Rusiya ilə sıx birləşdiyi hipotetik ssenaridə Türkiyə-Ukrayna ortaqlığı sona çatacaq. Tandemdə Gürcüstan Qərbə heç bir coğrafi açılış olmadan artan təzyiq hiss edəcək. Bundan başqa, Azərbaycanın təbii geosiyasi müttəfiqinin transatlantik təhlükəsizlik körpüsü olmayacaq. Amma hər şeydən əvvəl, Türkiyə Transatlantik Alyansdan çıxsa, Qara dəniz dinamikası həmişəlik dəyişəcək. ABŞ Ordusunun Avropadakı keçmiş komandanı, amerikalı general Ben Hodges perspektivdə dediyi kimi, “Rusiyanın [Qara dənizdəki] narahatlığı aqressivdir, həm də müdafiə xarakteri daşıyır. O, Qara dənizi “NATO gölünə” çevirə biləcək Qərbin və xüsusən də Türkiyənin Qara dəniz regionunda təsirinin artmasından qorxur”.

Bu günə qədər Türkiyə Rusiya ilə əməkdaşlıq və rəqabət modellərini ehtiyatla balanslaşdırmağa məcbur olub. Bu ayıq və diqqətlə hesablanmış xarici siyasət anlayışı uzun müddətdir ki, müxtəlif türk administrasiyalarının Montrö Konvensiyası ilə bağlı mövqelərində özünü göstərir. Tarixi uğurları və Rusiyanın strateji təsir zonasında artan müştəriləri ilə Türkiyənin ənənəvi Rusiya siyasətini həyata keçirmə səviyyəsi kritik həddə çatmış ola bilər.

Əvvəllər Azərbaycan və Türkiyə hərbçiləri Rusiyanın dəstəklədiyi qüvvələri hədəfə alırdılarsa, Ukraynanın Donbasdakı PUA zərbələri yaxın illərdə Türkiyə-Rusiya münasibətləri üçün tamam başqa məsələdir. Bundan sonra Türkiyə administrasiyasının Rusiya ilə balanslı əməkdaşlıq və rəqabət modellərini necə incə şəkildə tənzimləyəcəyini görmək qalır. Türkiyə Rusiyanın astanasında “dronlaşdırılmış” hərbi güc olaraq qalır, Moskva bunu gözardı edə bilməyəcək.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Türkiyə   Rusiya   Qara-Dəniz  


Bizi "telegram"da izləyin