1. Giriş
Silah və hərbi texnikanın öz təyinatına uyğun istifadəsi zamanı onlar müxtəlif taktiki-texniki xüsusiyyətlər üzrə xarakterizə edilir. Məsələn, atıcı silahlar üçün bu xüsusiyyətlər sırasında "atəş gücü", "mobillik", " fəaliyyət qabiliyyətinin saxlanması" və "tətbiqilik" göstərilə bilər. Silah və hərbi texnikanın müxtəlif xüsusiyyətlərinin ayrı-ayrılıqda qiymətləndirilməsi hərbi əməliyyatın (döyüşün) planlaşdırılması zamanı onların rolunun nəzərə alınmasını mürəkkəbləşdirir. Ona görə də komandir və qərargahlar tərəfindən əməliyyatın (döyüşün) planlaşdırılması zamanı onların istifadə edə biləcəkləri konkret bir kəmiyyətin müəyyən edilməsi zəruridir. Bu baxımdan silah və hərbi texnika nümunəsi üçün "səmərəlilik əmsalı" anlayışından istifadə edilməsi daha məqsədəuyğundur.
Bu məqalədə silah və hərbi texnika nümunələrinin səmərəlilik əmsallarının müəyyən edilməsi üçün onların taktiki-texniki xüsusiyyətləri əsasında atəş gücü, mobillik, fəaliyyət qabiliyyətinin saxlanması və tətbiqilik kimi döyüş xüsusiyyətlərinin müəyyən edilməsi və bu döyüş xüsusiyyətlərinin vahid səmərəlilik əmsalının təyin edilməsi üçün hesablama qaydası təklif olunur.
2. Səmərəlilik əmsalı
Silah və hərbi texnikanın səmərəlilik əmsalı dedikdə, onun istifadəsi zamanı öz təyinatına uyğun olaraq düşmənin piyadalarını, hərbi texnikasını, hərbi rabitə vasitələrini, atıcı və artilleriya silahlarını və s.-ni nə dərəcədə məhv etdiyini göstərən bir kəmiyyət başa düşülür. Bu kəmiyyətin adekvat təyin olunması hazırlanan hərbi əməliiyatların düzgün qiymətləndirilməsini şərtləndirir, ona görə də bu kəmiyyətin təyin olunması üçün təklif olunan metodikanın seçilməsi çox vacib məsələdir.
Qeyd edildiyi kimi, məsələnin həllinə dair müxtəlif yanaşmalar mövcuddur və mövcud ədəbiyyatda bu yanaşmalardan asılı olaraq biri-birindən fərqli metodlar təklif olunur. Onların sırasında ehtimalların potensial paylanmasına, meyarların müqayisəsinə, meyarların nisbi vacibliyinə əsaslanan metodları göstərmək olar. Bir sıra hallarda, səmərəliliyin təyini üçün xüsusiyyətlərin qiymətləndirilməsində qeyri-səlis çoxluqlar nəzəriyyəsinin elementləri də tətbiq olunur. T.Saati və K.Kerns obyektlərin müxtəlif xüsusiyyətlərini qruplaşdıraraq onları iyerarxik strukturda birləşdirir (şəkil 1) və onların vaciblik əmsalını müəyyən edərkən hər bir xüsusiyyətin nəzərə alınmasını bu iyerarxiya üzrə həyata keçirməyi təklif edir.
Şəkil 1. Silah və hərbi texnikanın göstəricilər sisteminin iyerarxiyası. Burada TTX1,..., TTXN -taktiki-texniki göstəricilərdir, müxtəlif silahlar üçün onların sayı (N) müxtəlif ola bilər
Ayrı-ayrı mütəxəssislər silah və hərbi texnikanın səmərəliliyinin qiymətləndirilməsi üçün onların müxtəlif xüsusiyyətlərlərindən çıxış edirlər. Biz silah və texnika nümunələrinin döyüş xüsusiyyətləri siyahısını müəyyən etmək üçün hərb sənətinin əsas prinsiplərinə əsaslanacağıq.
D.Roqozinin ümumi redaksiyası ilə nəşr edilmiş hərbi-siyası lüğətdə hərb sənətinin ümumi prinsipləri bu cür açıqlanır: hərbi fəaliyyət üsullarının siyasi məqsədlərə, dövlətin iqtisadi və hərbi imkanlarına uyğunluğu; güc və vasitələrin kütləvi toplanması, mühüm istiqamətlərdə əsas səylərin qətiyyətlə cəmləşdirilməsi, həlledici məqamda seçilmiş zərbə istiqamətlərində düşmən üzərində böyük üstünlüyün yaradılması; fəaliyyətlərin qəfilliyi; qoşunlarla, qüvvə və vasitələrlə çevik manevr; əldə edilmiş müvəffəqiyyətin inkişaf etdirilməsi üçün səylərin vaxtında artırılması və onun möhkəmləndirilməsi; ehtiyatlardan bacarıqla istifadəetmə, hərbi fəaliyyətlərin hərtərəfli hazırlanması və hərtərəfli təminatı; qoşun və qüvvələri qətiyyətlə və fasiləsiz idarəetmə.
Bundan başqa, vəziyyətdən asılı olan xüsusi prinsiplər də mövcuddur: düşmənin ardıcıl olaraq hissə-hissə məhv edilməsi; hücum və müdafiənin bacarıqla uyğunlaşdırılması; müxtəlif qoşun növlərinin səylərinin uzlaşdırılması; birləşmə və hissələrin cinahlarının təmin edilməsi; quru qoşunların zərbələrinin kütləvi atəşlə dəstəklənməsi; qoşunların atəş zərbələrindən etibarlı qorunması; radioelektron mübarizənin bacarıqla tətbiqi; informasiya qarşıdurması. Bu prinsiplər və onların rellaşması üçün tərəfimizdən silah və hərbi texnikanın zəruri döyüş xüsusiyyətlərini əksetdirən cədvəl tərtib edilib (cədvəl 1).
Silah və hərbi texnika nümunələrinin cədvəldə verilmiş döyüş xüsusiyyətlərinin qısa şərhini verək.
Mobillik – döyüş fəaliyyətlərinin yüksək tempinin saxlanılması, fəaliyyətlərin qəfilliyinə nail olunması, döyüş gücünün qısa zamanda əsas istiqamətdə cəmləşdirilməsi və qoşunların düşmən zərbələrinin altından çıxarılması üçün vacib döyüş xüsusiyyətidir.
Atəş gücü – döyüş gücünün tərkib hissəsi kimi atəşin həlledici məqamda lazım olan yerdə cəmləşdirilməsi və düşmənin döyüş düzülüşünün bütün dərinliyində ona atəşlə zərər vurulmasını təmin edən xüsusiyyətdir. O, atəşin dəqiqliyi və düşmənə təsir gücü, atəşlə manevr imkanları və atəşin dərinliyi kimi xüsusiyyətləri özündə ehtiva edir.
Fəaliyyət qabiliyyətinin saxlanması – silah və döyüş texnikasının, o cümlədən onlardan istifadə edən şəxsi heyətin düşmənin zərərvurma vasitələrindən nə dərəcədə qorunmasını səciyyələndirən xüsusiyyətdir.
Tətbiqilik – gecə və digər görmə məhdudluğu şəraitində, mürəkkəb fiziki-coğrafi və təbii-iqlim şərtlərində istifadəedilmə mümkünlüyünü, istənilən hava şəraitində və düşmən tərəfindən radiolokasiya və infraqırmızı maneələrin qoyulduğu hallarda effektiv tətbiqedilmə imkanının mövcudluğunu göstərir.
Beləliklə, dörd əsas döyüş xüsusiyyəti – atəş gücü, mobillik, fəaliyyət qabiliyyətinin saxlanması və tətbiqilik silah və texnika nümunəsinin müxtəlif döyüş şəraitində döyüş tapşırığını yerinə yetirməyə nə dərəcədə müvafiq olduğunu müəyyən edir.
Əlbəttə, silah və texnika nümunəsinin səmərəliliyini müəyyən edən bu dörd xüsusiyyətdən başqa, onun etibarlılığı, öyrənilməsinin və tətbiq edilməsinin asanlığı, təmir və bərpa olunmasının sadəliyi kimi bir sıra digər xüsusiyyətlərdən də danışmaq olar. Hesab edirik ki, adları çəkilən bu xüsusiyyətlər səmərəliliyə birbaşa deyil, yuxarıdakı dörd əsas döyüş xüsusiyyəti vasitəsi ilə təsir göstərir. Ona görə də bu xüsusiyyətlər dörd əsas xüsusiyyətin müəyyən edilməsində nəzərə alınmalıdır. Bu nöqteyi-nəzərdən, səmərəlilik əmsalının müəyyən olunmasında şəkil 1-də verilmiş iyerarxik qruplaşdırmadan çıxış edəcəyik.
İstifadə edilən hər bir silah və hərbi texnika nümunəsinin xüsusiyyətləri elə nisbətə malik olmalıdır ki, döyüşdə onun maksimal səmərəliliyini təmin etsin. Qeyd etmək lazımdır ki, silahın döyüş səmərəliliyini onun ayrı-ayrı xüsusiyyətlərinin formal cəmi kimi hesablamaq dürüst deyil. Belə ki, reallıqda bir döyüş xüsusiyyətinin digərinin hesabına artırması və ya azalması müşahidə olunur. Bu isə o deməkdir ki, belə hal son nəticədə ümumi döyüş səmərəliliyini nəinki artıra, hətta azalda bilər.
Təklif olunan struktur üzrə döyüş xüsusiyyətləri silah və texnika nümunələrinin səmərəliliyinin ümumləşdirilmiş göstəriciləri olmaqla iyerarxiyada orta yeri tutur (şəkil 1). Daha yüksək səviyyədə döyüş xüsusiyyətləri inteqrasiya edilmiş göstəricilərə – səmərəlilik əmsalına keçir. Aşağı səviyyədə isə silah və hərbi texnika nümunəsini onun taktiki-texniki xüsusiyyətləri xarakterizə edir.
Deyilənləri nəzərə alaraq, silah və hərbi texnika nümunəsinin səmərəlilik əmsalını müəyyən etmək üçün belə bir yanaşma təklif olunur: ilk növbədə taktiki-texniki xüsusiyyətləri döyüş xüsusiyyətlərinə inteqrasiya edilsin, sonra isə döyüş xüsusiyyətləri əsasında səmərəlilik əmsalı müəyyənləşdirilsin. Ümumi halda taktiki-texniki xüsusiyyətlərin döyüş xüsusiyyətlərinə inteqrasiyası aşağıdakı ardıcıllıqla aparılan hesablamanın nəticəsi olacaq.
Beləliklə, əvvəlcə hər bir xüsusiyyətin ümumi nəticəyə təsir mexanizmini xarakterizə edən funksional asılılığa görə döyüş xüsusiyyətinin ədədi göstəricisi hesablana bilər:

Həm (1), həm də (2) düsturlarındakı funksionallar qeyri-xətti təbiətə malikdir. Onların qurulma qaydası hərbi texnika nümunələrinin stenddə keçirilən sınaqların nəticələrinə, döyüş şəraitində özünü aparmasına, həmçinin hərbi-texniki ekspertlərin rəyinə əsaslanır. Məqaləni mürəkkəbləşdirməmək üçün onlardan birinin ifadəsi ilə kifayətlənirik. Məsələn, atıcı silahın səmərəlilik əmsalını hesablamaq məqsədi ilə (1) və (2) düsturlarına daxil olan funksiyaların təyin olunmasına baxaq. Cədvəl 2-də atıcı silahın taktiki-texniki xüsusiyyətləri və bu xüsusiyyətlərin hansı döyüş xüsusiyyətlərinə daha qabarıq təsir göstərdiyi verilib.
3. Silah və hərbi texnikanın kateqoriyalara bölünməsi
Məlum olduğu kimi, silah və hərbi texnikanın müxtəlif növləri döyüş sahəsində müxtəlif funksiyalar yerinə yetirir. Məsələn, yüngül atıcı silahlar düşmənin canlı qüvvəsini məhv etmək, iriçaplı atıcı silahlar həm düşmənin canlı qüvvəsini məhv etmək, həm də zirehsiz və yüngül zirehli texnikasına qarşı mübarizə aparmaq, tank əleyhinə vasitələr düşmənin tank və digər zirehli texnikasını məhv etmək, zirehli transportyorlar şəxsi heyəti döyüş sahəsində daşımaq və atəşlə onun fəaliyyətini dəstəkləmək üçün nəzərdə tutulub və s. Yuxarıda göstərilən dörd döyüş xüsusiyyətinin mənası və əhəmiyyəti müxtəlif silah və texnika növləri üçün fərqlidir. Məsələn, döyüş texnikası üçün onun mobilliyi dedikdə, ilk növbədə hərəkət sürəti, bir dolduruma zamanı hərəkət ehtiyatı və çətin keçilən ərazidə hərəkət qabiliyyəti nəzərdə tutulursa, atıcı silah üçün bu onun daşınma imkanları – çəkisi, ölçüləri, döyüş heyətinə daxil olanların sayı nəzərdə tutulur. Bu səbəbdən də müxtəlif silah və hərbi texnika növləri üçün taktikitexniki xüsusiyyətlərin döyüş xüsusiyyətlərinə inteqrasiyası, yəni funksional asılılığı müxtəlif olur. Bu müxtəliflik isə, öz növbəsində, silah və hərbi texnikanın kateqoriyalara bölünməsini və hər bir kateqoriya üçün bu funksional asılılığın ayrıca müəyyən edilməsini zəruri edir [9]. Hər bir kateqoriya təyinatına və əsas göstəricilərinə görə bir-birinə yaxın olan silah və hərbi texnika nümunələrini özündə birləşdirir.
Həmçinin qeyd etmək lazımdır ki, silah və hərbi texnika nümunəsinin bu və ya digər kateqoriyaya aid edilməsi, onun hansı qoşun növünə aid olmasından və öz funksiyalarını yerinəyetirilmə xüsusiyyətlərindən asılıdır. Bu nöqteyi-nəzərdən, quru qoşunlarının silahlanmasında olan silah və texnika nümunələrini aşağıdakı
on iki kateqoriyaya bölmək olar:
tanklar;
zirehli transportyorlar;
piyadanın döyüş maşınları;
kəşfiyyat (dozor) döyüş maşınları;
iriçaplı atıcı silahlar;
yüngül atıcı silahlar;
toplar;
minaatanlar;
taktiki raketlər;
tank əleyhinə vasitələr;
yaylım atəşli reaktiv sistemləri;
qumbaraatanlar.
Baxılan silah və hərbi texnika kateqoriyaları üçün hər bir döyüş xüsusiyyətini (atəş gücü, mobillik, fəaliyyət qabiliyyətinin saxlanması, tətbiqilik) müəyyənləşdirmək üçün taktiki-texniki xüsusiyyətlərin siyahısı təyin edilməlidir. Qeyd etmək lazımdır ki, bəzi hərbi texnika kateqoriyalarında (tank, piyadanın döyüş maşını və s.) atəş vasitələrinin sayı birdən çox ola bilər. Bu halda hərbi texnikanın atəş gücü bu atəş vasitələrinin atəş gücünün cəmi kimi müəyyən ediləcək. Bundan başqa, bəzi silah kateqoriyalarında döyüş xüsusiyyətlərinin sayı az ola bilər. Məsələn, yüngül atıcı silahlar üçün onların fəaliyyət qabiliyyətinin saxlanması müəyyən taktiki-texniki xüsusiyyəti yoxdur.
Nəticə
Beləliklə, döyüş xüsusiyyətlərinin siyahısı müəyyən edilmiş, silah və hərbi texnika nümunələrinin səmərəlilik əmsallarının onların taktiki-texniki xüsusiyyətlərindən asılılıq funksiyasının müəyyən edilməsi üçün ikimərhələli yanaşma təklif olunub. Birinci mərhələdə taktiki-texniki xüsusiyyətlər əsasında döyüş xüsusiyyətlərini xarakterizə edən ədədi göstəricilərin hesablanması, ikinci mərhələdə isə onların əsasında nümunələrin səmərəlilik əmsalının hesablanması nəzərdə tutulur. Həmçinin döyüş sahəsində yerinə yetirdikləri funksiyalara görə silah və hərbi texnika nümunələri kateqoriyalara ayrılıb.
Polkovnik A.Ə.Əliyev, Silahlı Qüvvələrin Hərbi Akademiyası
Ordu.az