Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məqalədə adı çəkilən mətbuat orqanına ilkin araşdırma materiallarına giriş üçün müstəsna səlahiyyət verildiyi bildirilir.
Bununla da xidmətin Ermənistanın indiki hakimiyyəti ilə əlaqəli olmasına işarə edilir. Daha sonra erməni mətbuatına verdiyi müsahibəsində məqalə müəlliflərindən biri olan Qriqor Atanesyan istintaq komitəsi ilə əlqaələrinin olması şübhəsini inkar etməklə, Ermənistandan naməlum hər hansısa mənbələrin olmasını vurğulayıb.
Məqalədə “1 Mart” tarixində öldürülən 10 nəfərin günahı Qarabağdan gətirilmiş 20 nəfərlik dəstənin üzərinə qoyulur. Həmçinin BBC-nin məqaləsində ifadə olunur ki, bu general-mayor Samvel Karapetyanın rəhbərlik etdiyi, prezident administrasiyasında yerləşdirilən Qarabağ dəstəsi olub.
Lakin erməni mətbuatı daim bildirirdi ki, Qarabağdan gətirilən qüvvələr hökumət binasında yerləşdirilib və əsasən dövlət obyektlərinin mühafizəsi ilə məşğul olub.
Yeri gəlmişkən, Qarabağdan gələn qoşunların hökumət binasında yerləşdirilməsi barədə məlumatı “Aravot” nəşrinə verdiyi müsahibəsində general-mayor Samvel Karapetyan özü də təsdiqləyib və BBC-nin yaydığı məqaləni inanılmaz bir nağıl adlandırıb.
Həmin dövrdə işğal altında olan Qarabağdakı erməni “hərbi birləşmə”sinin komandiri olan, hazırda “silahlı qüvvələr”də qalmaqda davam etməklə, inqilabdan sonra “Baş hərbi müfəttiş” təyin edilmiş general-polkovnik Movses Hakobyan “168.am” saytına verdiyi müsahibəsində məqalədə işğal altında olan Qarabağdan gətirilən dəstəyə atəş etmək təlimatının verilməsi, onların prezident iqamətgahının zirzəmisində saxlanılmasına dair irəli sürülən iddiaları cəfəngiyat adlandırıb.
Onun sözlərinə görə, “1 Mart” hadisələri ilə bağlı bütün reallıq istintaq komitəsinə təqdim edilib.
“Bundan başqa həm özümün, həm də Karapetyanın istintaq komitəsinə verdiyi ifadələrdə belə bir məlumat və ziddiyyət təşkil edən məqam yoxdur. Həmin günlərdə reallıqda nə olubsa, bu barədə mən və Karapetyan istintaq komitəsində ifadə verdik. Təbii ki, indi bu barədə telefonla ictimailəşdirməyim arzuolunan deyil. İstənilən halda, bir şeyi əminliklə deyə bilərəm ki, bizim verdiyimiz ifadələrdə və BBC-nin yaydığı mətndə məlumat uyğunluğu yoxdur”, - deyə Hakobyan bildirib.
Yeri gəlmişkən, məqalə müəllifləri mart ayının 1-də baş verən hadisələrin siyasi olduğunu və əsas rolda olanların adlarını qeyd ediblər. Bunlar Ermənistan prezidentləri Robert Köçəryan və Serj Sarkisyandır.
Məqalədə, həmçinin həmin dövrdə və indiki hakimiyyətyönlü iki oliqarxın, “Çiçəklənən Ermənistan partiyası”nın sədri Qaqik Tsarukyan və Samvel Aleksanyanın adlarını da qeyd edərək, hər iki sahibkar deputatın prezident iqamətgahında yerləşdirilən qoşunların maliyyə təminatçısı olduqları bildirilib. Xüsusilə vurğulanır ki, Tsarukyanın adından dəstəyə baş çəkən şəxs olub. Hər iki oliqarxın telefon zənglərinə cavab verməməsi, onların bu iddialara münasibətini öyrənməyə imkan verməyib.
Alpər Mövludoğlu
Ordu.az