Erməni deputat: “Konstitusiya Məhkəməsinin qərarından sonra mandatları götürəcəyimizi və ya götürməyəcəyimizi açıqlayacağıq”

2026/06/1782487537.jpg
Oxunub: 249     19:19     26 İyun 2026    
“Konstitusiya Məhkəməsinin qərarından sonra müxalifət parlament mandatlarını qəbul edib-etməyəcəyi və bundan sonrakı fəaliyyət planı ilə bağlı yekun mövqeyini açıqlayacaq”.

Ordu.az xəbər verir ki, bunu iyunun 26-da Ermənistan Konstitusiya Məhkəməsinin binası qarşısında keçirilən müxalif qüvvələrin birgə etiraz aksiyası zamanı “Hayastan” fraksiyasının deputatı İşxan Sağatelyan bildirib.

O qeyd edib ki, yaxın günlərdə Konstitusiya Məhkəməsinin qanun çərçivəsində fəaliyyət göstərib-göstərmədiyi məlum olacaq.

“Konstitusiya Məhkəməsinin indiyədək həmişə qanun çərçivəsində fəaliyyət göstərdiyini və yüksək nüfuza malik olduğunu demək olmaz. Ancaq müraciət təqdim olunub və məhkəməyə imkan verilib. Gözləyək, görək nəticə necə olacaq”, - deyə o bildirib.

Sağatelyanın sözlərinə görə, Konstitusiya Məhkəməsinin qərarından sonra mandatların qəbul edilib-edilməyəcəyi, qəbul ediləcəyi halda parlamentdə hansı gündəmlə fəaliyyət göstəriləcəyi, hansı yol xəritəsinin izlənəcəyi və hansı addımların atılacağı barədə yekun mövqe açıqlanacaq.

“Əgər parlamentə getməmək qərarı verilərsə, bu halda da alternativ fəaliyyət planı təqdim olunacaq. İndiyədək həm koalisiya daxilində, həm partiyada, həm də tərəfdaşlarla müxtəlif müzakirələr aparılıb və yekun qərar Konstitusiya Məhkəməsinin qərarından sonra veriləcək”, - deyə o qeyd edib.

Sağatelyan seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edərək bildirib ki, xalqın real iradəsi əks olunmayıb.

“Seçkilər həm seçkiqabağı mərhələdə, həm səsvermə günü, həm də seçkidən sonrakı dövrdə tamamilə saxtakarlıq mühitində keçirilib. Buraya Mərkəzi Seçki Komissiyasının biabırçı qərarı da daxildir. Bir imza ilə “Çiçəklənən Ermənistan” partiyasının 60 min səsini gündüz vaxtı oğurladılar”, - deyə erməni müxalif siyasətçi vurğulayıb.

Müxalifətin yenidən küçə aksiyalarına nə vaxt başlayacağı ilə bağlı suala cavabında isə Sağatelyan bildirib ki, bu barədə qərarı müxalifət özü verəcək və prosesi özü təşkil edəcək.

“Yalnız parlament alətləri ilə uğur qazanmaq mümkün deyil. Əgər parlamentə qayıtsaq belə, son beş ildə yalnız parlament fəaliyyəti ilə kifayətlənmədiyimizi görmüş olardınız. Bu müddətdə ən azı üç böyük etiraz hərəkatı təşkil etmişik və bu hakimiyyəti hakimiyyətdən uzaqlaşdırmağa cəhd göstərmişik. Bu sualı son beş ildə heç nə etməyənlərə verin”, - deyə o qeyd edib.

Sağatelyan bildirib ki, hazırda müxtəlif ssenarilər müzakirə olunur və küçə etirazlarının yalnız maksimum təşkilatlanmış şəkildə keçirilməsi halında uğur qazanmağın mümkün olduğu barədə ümumi anlayış formalaşıb.

Qeyd edək ki, hazırda Ermənistan Konstitusiya Məhkəməsinin binası qarşısında etiraz aksiyası keçirilir. Aksiyada “Güclü Ermənistan” alyansı, “Hayastan” alyansı, “Çiçəklənən Ermənistan” partiyasının nümayəndələri, “Hayakve” təşəbbüsünün üzvləri və onların tərəfdarları iştirak edirlər.

Xatırladaq ki, bu gün Ermənistan Konstitusiya Məhkəməsində parlament seçkilərinin nəticələrinə etiraz edən yeddi siyasi qüvvənin müraciətlərinə baxılmasına başlanılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sağatelyan   Seçki  


Bizi "telegram"da izləyin