Erməni siyasi xadim: “Bir vətəndaşın səsini heçə sayırlarsa, sabah hamımızın səsini heçə sayacaqlar”

2026/06/1782488388.jpg
Oxunub: 201     19:37     26 İyun 2026    
“Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifət nümayəndələri Konstitusiya Məhkəməsindən vətəndaşların konstitusion hüquqlarının qorunmasını tələb ediblər”.

Ordu.az xəbər verir ki, bunu iyunun 26-da Ermənistan Konstitusiya Məhkəməsinin binası qarşısında keçirilən müxalif qüvvələrin birgə etiraz aksiyası zamanı “Çiçəklənən Ermənistan” partiyasının seçki siyahısında yer alan Arman Abovyan bildirib.

O, laqeyd qalmayaraq aksiyaya qatılan insanlara təşəkkür edib və vurğulayıb ki, heç bir valideyn övladının gələcəyinə biganə qala bilməz.

“Hazırda baş verənlər təkcə “Çiçəklənən Ermənistan” partiyası ilə bağlı deyil. Məsələ mandatlarda və ya partiyanın parlamentə düşüb-düşməməsində deyil. Heç bir səsin mənimsənilməsinə və oğurlanmasına yol vermək olmaz. Əsas məsələ budur ki, əgər Ermənistanın bir vətəndaşının səsini heçə sayırlarsa, sabah kimliyindən asılı olmayaraq hamımızın səsini heçə sayacaqlar”, - deyə Abovyan bildirib.

Onun sözlərinə görə, hazırda hamı gərgin vəziyyətdədir, lakin Konstitusiya Məhkəməsindən gözlənilən yeganə məsələ Konstitusiya ilə vətəndaşlara verilmiş hüquqların qorunmasıdır.

“Biz Konstitusiya Məhkəməsindən yalnız Ermənistan Konstitusiyasının müddəalarının icrasını gözləyirik. Başqa heç nə”, - deyə o əlavə edib.

Qeyd edək ki, hazırda Ermənistan Konstitusiya Məhkəməsinin binası qarşısında etiraz aksiyası keçirilir. Aksiyada “Güclü Ermənistan” alyansı, “Hayastan” alyansı, “Çiçəklənən Ermənistan” partiyasının nümayəndələri, “Hayakve” təşəbbüsünün üzvləri və onların tərəfdarları iştirak edirlər.

Xatırladaq ki, bu gün Ermənistan Konstitusiya Məhkəməsində parlament seçkilərinin nəticələrinə etiraz edən yeddi siyasi qüvvənin müraciətlərinə baxılmasına başlanılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Abovyan  


Bizi "telegram"da izləyin