Çin bel çantasında daşına bilən lazer silahını təqdim edib

2026/06/1782489174.jpg
Oxunub: 218     19:53     26 İyun 2026    
Çinin “Harbin Xinguang Optic-Electronics Technology” şirkəti tərəfindən hazırlanmış “Lijian” lazer silahı Pilotsuz Uçuş Aparatı (PUA) əleyhinə lazer texnologiyasını bel çantasında daşına bilən portativ sistemə çevirib.

Ordu.az xəbər verir ki, 2 kilovat gücündə işləyən “Lijian” sisteminin bir PUA-nı dörd saniyə ərzində sıradan çıxara bildiyi və yeni hədəfi nişan almadan əvvəl beş saniyədən də az müddətdə yenidən istifadəyə hazır vəziyyətə gəldiyi bildirilir.

Sistem 30 kiloqram ağırlığında olan “Lijian II” və 25 kiloqram ağırlığa malik daha yüngül “Lijian III” olmaqla iki müxtəlif versiyada təqdim edilir. Hər iki modelin maksimal nişanalma mənzilinin 500 metr olduğu qeyd olunur.

“Lijian II” və “Lijian III” ortaq arxitekturaya malikdir. Sistem 15 kiloqram ağırlığında lazer yayıcısından, 10 kiloqramlıq hava ilə soyutma qurğusundan və əldə daşınan idarəetmə cihazından ibarətdir.

“Lijian” seriyası süni zəka dəstəyi ilə işləyən hədəfləmə sistemi və kompakt radarlarla təchiz oluna bilir. Bundan əlavə, xarici yönləndirmə interfeysləri vasitəsilə daha geniş PUA müdafiə şəbəkələrinə inteqrasiya edilə bilir.

90 dərəcədən artıq yüksəliş bucağı imkanına malik olan sistem dik bucaq altında hücum edən PUA-lara və qəfil meydana çıxan hava təhdidlərinə qarşı da nişanalma həyata keçirə bilir.

“South China Morning Post” qəzetinin məlumatına görə, “Lijian” seriyası hazırda Çin üzrə hərbi hava bazaları da daxil olmaqla strateji əhəmiyyətli obyektlərdə yerləşdirilib.

Sistem 2026-cı il Müdafiə Məlumat Avadanlıqları və Texnologiyaları Sərgisində nümayiş etdirilib. “Lijian” sisteminin bir ədədinin təxminən 2 milyon yuan (295 min ABŞ dolları) dəyərində olduğu bildirilir.

“Lijian” layihəsinin hazırlanması Çinin lazer və enerji istehsalı texnologiyaları sahəsində əldə etdiyi irəliləyişi nümayiş etdirir. Bununla yanaşı, istiqamətləndirilən enerji silahlarının yalnız xüsusi platformalarda deyil, cəbhə xəttinə daha yaxın ərazilərdə istifadə oluna bilən sistemlərə çevrildiyini göstərir.

Hərbi analitik və Çin Xalq Azadlıq Ordusunun keçmiş təlimatçısı Son Çjunpin bildirib ki, miniatür lazer əsaslı PUA əleyhinə sistemlər ayrı-ayrı hərbçilər tərəfindən yerləşdirilə və döyüş meydanında müvəqqəti hava hücumundan müdafiə qovşaqları yarada bilər.

Onun sözlərinə görə, bu yeni silah xüsusilə taqım və manqa səviyyəsindəki bölmələr üçün üzvi dəstək vasitəsi kimi istifadə oluna və çiyindən buraxılan raketlərlə müqayisədə daha aşağı xərc hesabına bölmələri PUA hücumlarından qoruya bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Lazer-silahı  


Bizi "telegram"da izləyin