ABŞ-nin F-35-ləri radarsız təhvil verildi

2026/06/1782488944.jpg
Oxunub: 226     19:41     26 İyun 2026    
ABŞ Dəniz Piyadaları yeni nəsil AN/APG-85 AESA radarının istehsalındakı gecikmələr səbəbindən radar əvəzinə burun hissəsində balans yükü yerləşdirilmiş altı ədəd F-35B döyüş təyyarəsini təhvil alıb.

Ordu.az xəbər verir ki, eyni problemin bu il ərzində ABŞ Hərbi Hava Qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələri üçün istehsal olunacaq F-35 təyyarələrinin təhvilinə də təsir edəcəyi gözlənilir.

Yeni radarın istehsalında yaranmış gecikmələr səbəbindən təhvil verilən təyyarələr yalnız əsas uçuş hazırlığında istifadə olunacaq. Radarların daha sonra təyyarələrə inteqrasiya edilməsi planlaşdırılır.

F-35 proqramında Lot 17 istehsal partiyasından etibarən təyyarələr yeni nəsil AN/APG-85 AESA radarına uyğun yenidən layihələndirilmiş gövdə ilə istehsal edilməyə başlanıb.

Lakin mövcud AN/APG-81 radarını əvəz etməli olan AN/APG-85 radarının təhvil cədvəlindəki gecikmə istehsal xəttinə birbaşa təsir göstərib. Yeni radarın quraşdırılma nöqtələri əvvəlki radar sistemi ilə uyğun gəlmədiyi üçün təyyarələrə müvəqqəti olaraq köhnə radarın quraşdırılması da mümkün olmayıb.

İlk radarsız F-35-lər ABŞ Dəniz Piyadalarına təhvil verilib.

F-35 Birgə Proqram Ofisinin direktoru, ABŞ Dəniz Piyadalarının general-leytenantı Qreqori Masiello ABŞ Senatının Silahlı Xidmətlər Komitəsində çıxışı zamanı bildirib ki, indiyədək yalnız qısa məsafədən qalxma və şaquli enmə (STOVL) imkanına malik altı ədəd F-35B döyüş təyyarəsi radarsız şəkildə ABŞ Dəniz Piyadalarına təhvil verilib.

O qeyd edib ki, həmin təyyarələr ilin əvvəlində istehsal olunub və fevral ayında qəbul sınaqlarına başlayıb.

ABŞ Hərbi Hava Qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələri hələlik radarsız təyyarə qəbul etməsələr də, ilin sonrakı aylarında hər iki qoşun növü üçün də analoji təhvilin həyata keçirilməsi gözlənilir.

Proqram Ofisinin məlumatına görə, təyyarələr istehsal xəttində saxlanılmayacaq. Radarlar hazır olduqdan sonra artıq təhvil verilmiş təyyarələrə inteqrasiya ediləcək.

Bu müddətdə radarsız F-35-lər yalnız əsas pilot hazırlığında istifadə oluna biləcək, döyüş hazırlığı təlimlərində və əməliyyat tapşırıqlarında iştirak etməyəcək, tam döyüş qabiliyyətinə malik hesab olunmayacaq.

Pentaqon bildirib ki, qabaqcıl imkanların daha tez istismara verilməsi məqsədilə inkişaf və seriya istehsalı proseslərinin paralel aparılması qərarı məqsədli şəkildə qəbul edilib.

Radar böhranı onsuz da döyüş hazırlığı göstəricilərinə görə tənqid olunan F-35 proqramı ilə bağlı müzakirələri daha da gücləndirib.

ABŞ Hesablama Palatasının (GAO) 2026-cı il iyunun hesabatına əsasən, 2025-ci ildə F-35 parkının cəmi 25 faizi tam döyüş qabiliyyətinə malik olub.

Ən azı bir döyüş tapşırığını yerinə yetirə biləcək vəziyyətdə olan təyyarələrin payı isə 44,1 faiz təşkil edib.

Qreqori Masiello isə Proqram Ofisinin istifadə etdiyi fərqli hesablama metoduna əsasən döyüş qabiliyyəti göstəricisinin 56 faiz olduğunu bildirib.

Bununla yanaşı, Masiello radarsız təhvil verilən F-35-lərin tam döyüş qabiliyyətinə malik olmadığını da etiraf edib.

AN/APG-85 AESA radarı uzun müddətdir davam edən “Block 4” modernləşdirmə paketinin əsas elementlərindən biri hesab olunur.

“Block 4” paketi yalnız yeni radarı deyil, həmçinin daha güclü elektrik enerjisi istehsalı sistemi, yeni enerji idarəetmə infrastrukturu, təkmilləşdirilmiş istilik idarəetmə sistemi və artırılmış soyutma imkanlarını da əhatə edir.

Yeni radar mövcud AN/APG-81 ilə müqayisədə daha çox enerji sərf etdiyindən və daha yüksək istilik yaratdığından təyyarədə genişmiqyaslı infrastruktur dəyişiklikləri tələb olunur.

Yeni nəsil sistemlərlə birlikdə F-35-in enerji tələbatının 62-80 kilovata çatacağı gözlənilir. Mövcud soyutma sistemi isə maksimum 32 kilovatı dəstəkləyir. Bu səbəbdən proqramın qarşısındakı ən ciddi texniki problemlərdən biri soyutma imkanlarının məhdud olmasıdır.

Proqram Ofisi daha yüksək soyutma imkanları yaradacaq yeni nəsil mühərrikin hazırlanmasını xərc səbəbindən dayandırıb.

Bunun əvəzinə “Pratt & Whitney” tərəfindən hazırlanan “Engine Core Upgrade” proqramının 2031-ci ildən sonra istismara verilməsi planlaşdırılır.

Bildirilib ki, bu modernləşdirmə yalnız məhdud əlavə soyutma təmin edəcək, enerji və istilik idarəetmə sistemləri üzrə genişmiqyaslı yeniliklər isə bir neçə il sonra həyata keçiriləcək.

Bu səbəbdən AN/APG-85 radarının tam inteqrasiyası və “Block 4” modernləşdirmə proqramındakı gecikmələrin yaxın illərdə də F-35 proqramının əsas gündəm mövzularından biri olaraq qalacağı qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-35   Təyyarə  


Bizi "telegram"da izləyin