“Keçmiş seçki pozuntularına istinad etmək bugünkü saxtakarlıqlara bəraət qazandırmır” - Köçəryan

2026/06/1782487901.jpg
Oxunub: 206     19:26     26 İyun 2026    
“Hakimiyyətin bugünkü seçki saxtakarlıqlarını əvvəlki illərdə, o cümlədən 1996, 2008 və 2013-cü illərdə baş vermiş pozuntulara istinad etməklə əsaslandırmaq cəhdləri məntiqsizdir və mövcud vəziyyətə bəraət qazandıra bilməz”.

Ordu.az xəbər verir ki, bunu iyunun 26-da Ermənistan Konstitusiya Məhkəməsinin binası qarşısında keçirilən müxalif qüvvələrin birgə etiraz aksiyası zamanı parlamentin “Hayastan” fraksiyasının deputatı Levon Köçəryan bildirib.

O xatırladıb ki, parlament seçkilərinin rəsmi nəticələrinə etiraz edərək eyni vaxtda yeddi siyasi qüvvənin Konstitusiya Məhkəməsinə müraciət etməsi görünməmiş hadisədir.

“Yaxın günlərdə məhkəmədə qeydə alınmış bütün qanun pozuntuları ətraflı şəkildə təqdim olunacaq. Seçkiqabağı kampaniya dövründə ümumi qorxu mühiti yaradılıb və inzibati resurslardan açıq şəkildə sui-istifadə olunub.

Gizli kameralar və şəffaf zərflərlə bağlı yayılan məlumatlar səbəbindən bir çox vətəndaş, xüsusilə bölgələrdə yaşayan insanlar hakimiyyətlə problem yaşamamaq üçün müxalifətə səs verməkdən çəkiniblər. Bu səbəbdən müxalifətin əldə etdiyi nəticələr əslində daha yüksək ola bilər”, - deyə Köçəryan qeyd edib.

Sonrakı addımlara toxunan Köçəryan bildirib ki, parlament mandatları ilə bağlı yekun qərar hələ qəbul edilməyib. Bununla belə, o hesab edir ki, bu alət mübarizənin davam etdirilməsi baxımından faydalı ola bilər.

“Əgər müxalifət parlamentə daxil olmaq barədə vahid qərar qəbul etsə, biz daha güclü, daha təşkilatlanmış olmalı və istənilən təzyiqə hazır olmalıyıq”, - deyə deputat bildirib.

O qeyd edib ki, hər bir müxalifətçi mümkün həbslərə və vergi təzyiqlərinə mənəvi cəhətdən hazırdır.

Köçəryan küçə mübarizəsinin səmərəsiz olduğu barədə iddiaları da rədd edərək vurğulayıb ki, bir neçə uğursuz cəhd küçə təzyiqi yolu ilə hakimiyyət dəyişikliyinin mümkünsüz olduğu anlamına gəlmir və hazırkı hakimiyyətin dəyişdirilməsi strateji məqsəd olaraq qalır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin