Ermənistan sərhəddəki təxribatlarını Azərbaycanın üstünə yıxmağa çalışır: KTMT İrəvana “yox” deyir

2019/07/Untit-1564396471.jpg
Oxunub: 5988     14:45     29 İyul 2019    
Xəbər verdiyimiz kimi, düşmən iyulun 27-də təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib. Düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan “Kamaz” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. Nəticədə düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.

Qeyd edək ki, daha öncə erməni KİV-ləri saat 11:00 radələrində təmas xəttinin şimal şərq hissəsində (Tavus vilayəti) müqaviləli hərbi qulluqçularının yaralandığı barədə məlumat yaymışdı. Bununla kifayətlənməyən düşmən növbəti gün saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimizi və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimizi snayper tüfənglərindən atəşə tutdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu 1995-ci il təvəllüdlü Arman Arayiki Bulğadaryan məhv edildi.

Ermənistanın Ağdam və Göygöl istiqamətindəki son təxribatlarına da nəzər alsaq, düşmənin faktiki olaraq Düşənbə və Vaşinqton razılaşmalarını pozduğunu görərik. Lakin son zamanlar Naxçıvan istiqamətindəki təxribatları da xatırlasaq, bu, bizi artıq Azərbaycan sərhədinin bütün istiqamətlər üzrə hədəf alınmasını diqqətçəkən məqam kimi nəzərdən keçirməyə məcbur edir.

Bununla təbii ki, Ermənistan KTMT-nin rolu haqqında məsələləri qabartmaq niyyəti güdür. Dolaylı yolla olsa belə İrəvanın bugünkü təxribatlarının motivi bunu aşkar izah edir.

Bu günlərdə Rusiya Dövlət Duması Rusiya prezidenti Vladimir Putinin irəli sürdüyü KTMT-nin əsasnaməsinə bəzi dəyişikliklərin edilməsi paketini təsdiqlədi. Bununla da KTMT-də müşahidəçi və tərəfdaş statusu müəyyən edildi.

Bu təşəbbüs Ermənistan baxımından xüsusilə diqqət çəkir. Ermənistanı narahat edən məsələ bu təşəbbüsün Azərbaycan və Türkiyəyə yol açmasıdır. Yeri gəlmişkən, bu təşəbbüsə Ermənistan nümayəndəsi də razılıq verib.

Bu gün Azərbaycanın dövlət sərhəddi istiqmətində törədilən təxribatların Rusiyanın Dövlət Duması tərəfindən sənədin təsdiqləməsinə reaksiya olduğu istisna edilmir. Bildirilir ki, İrəvanda Putinin təşəbbüsünü olduqca kəskin şəkildə qarşılayıblar.

Əlbəttə, Moskva İrəvanı sakitləşdirməyə, yaxud təhlükəsizliyin təmin edilməsi üzrə başqa alətlər təklif etməyə cəhd edəcək. Lakin bu İrəvanın ruslardan “küsməklə” erməni maraqları naminə güzəştlər əldə etmək üçün atdığı ilk addım deyil.

Gələk, KTMT-nin mövqeyinə... Doğrudur, keçmişdə KTMT tərəfindən bir neçə bəyanatlar edilib. Lakin KTMT-nin bu dəfə Ermənistanın təxribatçı nağıllarına inanacağı real görünmür. Bundan əlavə Bakının əleyhinə konkret diplomatik fəaliyyət, yaxud sanksiyalar tətbiq ediləcəyini düşünmək daha gülüncdür. Çünki təşkilatda Ermənistanla müqayisədə Azərbaycan müttəfiqlərinin daha çox olduğu hamıya yaxşı məlumdur.

Yeri gəlmişkən maraqlıdır ki, Kremlə yaxın ekspertlərdən biri Stanislav Tarasov bu günlərdə sözün həqiqi mənasında belə bir ifadə işlədib: “Əgər qısa desəm, o halda Paşinyan öz inqilabı ilə çox gecikib. Bunu 5 il bundan öncə etməli idi. İndiki halda artıq rusların türklərlə bir yerdə olduğu məqamda, inqilab ermənilərə heç nə verməyəcək. Biz Türkiyə ilə birlikdəyik”.

Rusiyanın yuxarı dairələrində açıq şəkildə Türkiyə ilə əməkdaşlıq etdiklərini və bu sövdələşmə platformalarından birinin məhz KTMT platforması olacağını deyirlər. Bununla da yeni müşahidəçi və tərəfdaş statusu qazanmaq istəyən KTMT açıq-aşkar Ermənistana “mən sənin təxribatlarına yox deyirəm” ismarıcını göndərir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat   KTMT  


Bizi "telegram"da izləyin