Ordu.az xəbər verir ki, Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor Ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakunts “Medialab” agentliyinin suallarını cavablandırıb.
Müsahibəni olduğu kimi təqdim edirik:
- Cənab Sakunts, Ermənistan Silahlı Qüvvələrində və Qarabağdakı “hərbi birləşmədə” 2018-ci il ərzində 63 hərbi qulluqçunun ölüm faktı qeydə alınıb. Bunlardan 27-si müddətli xidmət hərbi qulluqçusu, 23-ü müqaviləli hərbi qulluqçu, 11-i zabit, 2-si isə gizirdir. Bu statistikaya əsasən 11 hadisə qətl və intihar həddinə çatdırma, 7 hal isə rəqib tərəfindən açılan atəş nəticəsində baş verib. Bu həcmdə statistika nə ilə əlaqədardır?
- Keçən il atəşkəs rejiminin pozulması nəticəsində ölümlərin sayı kəskin şəkildə azalıb. Lakin dinc şəraitdə ölüm sayının səviyyəsi ondan xəbər verir ki, Silahlı Qüvvələrdə nizam-intizam, şəxsi heyətlə aparılan iş, təminat, həmçinin mümkün korrupsiya risklərinin aşağı salınması istiqamətində həyata keçirilən fəaliyyət, hələ də təəssüf ki, qənaətbəxş səviyyədə deyil.
- Son zamanlar Nikol Paşinyan orduda dəyişikliklər, nəsil dəyişimi haqqında danışıb. Ümumiyyətlə son 1 ildə orduda hansı dəyişikliklər aparılıb və bu addımlar kifayət edirmi?
- Mən deyə bilmərəm ki, hansı dəyişiklikləri həyata keçirirlər. Lakin hərbi nizam-intizamın gücləndirilməsi, şəxsi heyətlə aparılan iş istiqamətində dəyişikliklər görmürəm. Bu barədə məlumat yoxdur.
- Orduda qətl və ya özünəqəsd hallarının aşağı salınması və ya aradan qaldırılması üçün hansı addımlar atılmalıdır, “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zöhrabyan təklif edir ki, bu cür hadisələrə görə cəzalar sərtləşdirilməli, xüsusilə 3 il azadlıqdan məhrum edilmə cəzası, 5-7 ilə qədər artırılmalıdır.
- Özünəqəsd əsasında cinayət məsuliyyəti üçün Cinayət Məcəlləsinin maddəsi ilə nəzərdə tutulmuş cəzanın artırılması mümkünlüyü əsaslandırılıb və yerində olduğunu hesab edirəm. Ona görə ki, özünəqəsd həddinə çatdırma ilə bağlı istənilən hadisə həmişə ləyaqətin alçaldılması, təhdidlər, fiziki zorakılıqların əlamətidir. İşgəncə və pis münasibətlə bağlı maddə cinayət məcəlləsində nəzərdə tutulsa da, təəssüf ki, intihar həddinə çatdırma maddəsi ilə yanaşı tətbiq edilmir. Eyni zamanda əminəm ki, yalnız cəzanın sərtləşdirilməsi ilə bu problem həll edilməyəcək.
Cəzalandırma siyasəti ümumiyyətlə, ədliyyə sahəsində nəticə vermir. Dəqiq deyə bilərəm ki, cəzanın müddətinin artırılması yolu heç zaman cinayətkarlığın azalmasına səbəb olmayıb. Daha çox bu cinayətlərin törədilməsinə səbəb olan amillərin aradan qaldırılması istiqamətində iş aparılmalıdır. Xüsusilə Silahlı Qüvvələrdə şəxsi heyətlə aparılan işi səmərəli vəziyyətə gətirib çatdırmaq lazımdır. Məsələn, orduya psixoloq zabitlər cəlb edilməlidir. Bu barədə illərdir, danışılsa da, heç bir iş görülmür. Mənim üçün kilsə xadimlərinin orduya cəlb edilməsi anlaşılmazdır. Bu orduya heç bir fayda vermir. Bəyan edilir ki, din xadimlərinin orduya cəlb edilməsi səmərəlidir. Lakin bu faktiki olaraq, əks olunmur. Ancaq psixoloq zabitlər xidmətə cəlb edilərsə, şəxsi heyətlə aparılan işlə məşğul olan zabitlərin peşə bacarıqları inkişaf etdirilərsə və hər bir cinayətə layiqincə diqqət ayrılarsa, o halda əmin edirəm ki, cinayətlərin sayı azalacaq.
Elə bir vəziyyət yaratmaq lazımdır ki, xidmət zabitlər üçün cəlbedici olsun. Təəssüf ki, zabitlərin ordudan çıxma halları artıb. Bu o deməkdir ki, hərbi xidməti peşə olaraq, seçmiş insanlar müəyyən vaxtdan sonra məyus olur və sonrakı xidmətdən imtina edir. Bundan başqa deyilənlər müdafiə sahəsinə də aid olmalıdır. Müəyyən vaxt ərzində korrupsiya sxemləri içərisində batmış insanların sonrakı hərbi xidməti ümumiyyətlə xidmətin keyfiyyətinə kifayət qədər ciddi mənfi təsir göstərir. Biz görürük ki, yanacağın mənimsənilməsi ilə bağlı ayrı-ayrı cinayət işləri açılır. Bu hal belə əlamətlərin hələ də orduda mövcud olduğunu göstərir. Hərbi mütəxəssislərin təhsil səviyyəsinin artırılması çox vacibdir. Bu sahədə kompleks iş aparılmalıdır. Təktərəfli iş nəticə verməz. Hərbi ombudsman insitutunun tətbiq edilməsini vacib hesab edirik. Bu barədə illərdir, məsələ qaldırılsa da, təəssüf ki qəbul olunmur. Şikayət mexanizmlərinin səmərəliliyi artırılmalıdır. Çünki xidmət müddətində şikayət edən şəxsin təhlükəsizliyi təmin olunmalı, gələcək təqiblərdən qorunmalıdır. Kompleks yanaşma lazımdır, lakin biz bunu görmürük. Konsepsiya hazırlanmalı və həyata keçirilməlidir.
Alpər Mövludoğlu
Ordu.az