Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ruzanna Asatryan Vanadzor şəhərindəki “N” saylı hərbi hissənin ərazisində yerləşən Sivaş məhəlləsində artıq 14 ildir ki, körpə vaxtından əlil olan oğlu və digər böyük oğlu ilə birlikdə yaşayır.
Məlumata görə, qadın Vanadzor şəhər sakini olsa da, illərlə işğal altında olan Dağlıq Qarabağda yaşayıb, daha sonra oğlunun müalicəsi ilə əlaqədar Vanadzor şəhərinə qayıdıb. Ona “N” saylı hərbi hissədə tərcüməçi işləmək təklif edilib. Evinin olmadığına görə, ona hərbi hissənin tərkibindəki binadakı mənzillərdən birində yaşamaq təklif edilib.
Onun sözlərinə görə, bina elə təmirsizdir ki, yaşayış üçün heç bir şərait yoxdur və buna görə də orada heç kim qalmaq istəmir.
“Mənə tərcüməçi işi verilməsə də, binada yaşamağa icazə verildi. Daha sonra zabit yataqxanasında gecə təmizlik işləri aparırdım. 3-cü ordu korpusu komandanlığına mənzilin təmiri üçün müraciət etsəm də, mənə dedilər ki, o binada yalnız mənə qarşı yaxşılıq edildiyi üçün yaşamağıma icazə verilib, təmiri üçün vəsait yoxdur. Körpə yaşlarından əlil olan oğlum və böyük oğlum ilə birlikdə 25 min dram təqaüd, 18 min dram müavinət və böyük oğlumun gündəlik qazancı hesabına yaşayıram”, - deyə Asatryan bildirib.
O qeyd edib ki, mülki vətəndaş olaraq, hərbi şəhərcikdə yaşamağına (14 il) imkan verilməsini yaxşılıq əlaməti olaraq qəbul etsə də, hazırda oradan çıxmaq istəyir və bunun üçün aidiyyatı qurumlardan yardım gözləyir.
“Heç olmasa mənzilin təmiri üçün yardım edilməsini xahiş edirəm. Aidiyyəti qurumlara etdiyim müraciətlər cavabsız qalıb”, - deyə o şikayətlənib.
Alpər Mövludoğlu
Ordu.az