Ordu.az qardaşlardan biri, I qrup Qarabağ Müharibəsi əlili Niyazi Əlövsət oğlu Qurbanov ilə müsahibəni təqdim edir.
Niyazi Əlövsət oğlu Qurbanov 1974-cü il avqustun 18-də Tərtər rayonu Qaradağlı kəndində anadan olub. O, 1993-cü ilin oktyabr ayında Tərtər rayon hərbi komissarlğı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinin ilk aylarını Sumqayıtdakı hərbi hissələrdən birində keçirən Niyazi, bir neçə ay burada xidmət etdikdən sonra, rayona qayıdaraq ərazi özünümüdafiə batalyonunda xidmətini davam etdirir. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alan Niyazi I qrup müharibə əlilidir.
- Salam xoş gördük, Niyazi müəllim. Hərbi xidmətə çağrılanda Sumqayıtda olmusunuz. Əslində elə orda da xidmətinizi davam etdirə bilərdiniz, niyə geri döndünüz?
- Bəli düzdür, əslində elə orda qalmağım üçün evdən də dəfələrlə təkidlər oldu. Çünki 5 qardaş idik, qardaşlarımın 4-ü burada - Tərtər özünümüdafiə batalyonuna yazılmışdılar. Elə ona görə də, atam tövsiyə edirdi ki, mən xidmətimi kənarda keçim. Lakin onun sözünü dinləmədim. Mənim bu tərsliyimi görüb niyə təkidlə cəbhəyə getmək istəyimlə maraqlandılar (gülür), dedim ki, hansısa dığanın əcəli mənim əlimlə gəlib. O üzdən onları çox gözlətmək niyyətim yoxdur.
- İlk əməliyyatınız hansı oldu?
- İlk əməliyyatımız “Platina” deyilən yer var, orda oldu, Rəhmətlik Orucov Vəzirin rəhbərlik etdiyi batalyonda. Daha sonra Çardaqlı, Turbaza istiqamətində gedən döyüşlərdə iştirak etdim. Həmin istiqamətdə gedən döyüşlərin birində mühsirəyə düşdük. Demək olar ki, ən çətin döyüşlərimizdən biri idi. Bizə əmr gəldi ki, ermənilərin arxasına keçməli, öndən həmlə olduqdan sonra ermənilərə gələn köməyin qarşısını almalıyıq. Biz Turbazaya gedən yolun sağ istiqamətində irəlilədik, orada Goranboy polisləri durmuşdular. Onların yanında bir az ləngidik. Çünki, düşmən tərəfdə hərəkətlilik vardı deyə, gözləməyimizi dedilər. Sən demə elə həmin gün, ermənilərin də hücum planı var imiş. Onlar ilk hücum etdilər. Artıq bizim düşmən arxasına keçmə planımız alınmadı. Biz də rəhmətlik Vəzirə dedik ki, ermənilər hücum edir, o, bizə əmr verdi ki, itki vermədən aldadıcı bir taktika ilə geri çəkilək. Düzdür, az itkimiz olsa da, geri çəkildik. Bizdən bir dəstə sağ, bir dəstə isə sol cinahda ermənilərin geniş miqyaslı hücumunun qarşısını almaq üçün pusquda durdular. Ermənilərin xeyli irəliləməsinin qarşısını elə bu taktika ilə aldıq. Həmin döyüşdə 2 şəhidimiz, 8 yaralımız oldu. “Paltina”nın bəri başında postumuzu quraraq mövqeləndik.
- Az öncə söhbətimizdə ermənilərlə qəfil üzləşdiyinizi demişdiniz. Bu, hansı əməliyyat olub?

- Madaqizdən yuxarı Tonaşen deyilən kənd var. Bizə məlumat vermişdilər ki, o istiqamətdə hərəkət etmək lazımdır. Müəyyən edilən yerə kimi qarşımızda heç bir maneə olmayacaq. Elə biz də deyilən yerdə mövqelənməli idik. Tonaşen 1, Tonaşen 2 və Tonaşen 3 deyilən yer var, qəfil həmlə ilə biz oranı götürməliydik. Lakin biz həmin yerə çatmağa az qalmış, irəlidə səslərin gəldiyini duyduq. Əsgər yoldaşlarımızla bir-birimizin üzünə baxdıq, axı burada heç kim olmamalıydı? Geri çəkilməyimiz isə artıq çox gec idi, çünki ermənilərlə rastlaşdıq. Bizə onda məlum oldu ki, ermənilər burada artıq çoxdan mövqelərini möhkəmləndiriblər. Çünki, onlar orada artıq daldalanacaq tikmişdilər. Biz onların post qərargahına qumbaraatanlarla hücum edəndə, artıq onlar bizim ora kimi irəlilədiyimizdən xəbərdar oldular. Bax həmin döyüşdə xeyli sayda düşmən silahlısını məhv etmişdik. Həmin döyüşdə də baxmayaraq ki, hücum edən tərəf biz idik, amma az itgi verdik. Lakin onlara əlavə qüvvələrin dərhal köməyə gəlməsi, bizi geri çəkilməyə məcbur etdi.
- Bəs nə zaman və hansı döyüşdə yaralandınız?
- 1994-cü il yanvar ayının 6-da Malakanlar kəndində hücuma keçdik. Erməniləri Nəlbəki karyerinə qədər geri oturtduq. Onların Vışkaya qalxan yerdə postları vardı. Bizə ən çox müqavimət o istiqamətində oldu. Düzü, ordan göstərilən təzyiqə görə bir neçə gün fasilə verməli olduq.
Ayın 10-da bir daha hücuma keçdik, həmin gün xeyli erməni bizə güclü müqavimət göstərdi. Çünki onlar tam yüksəklikdə, biz isə hücum etdiyimiz üçün yamacda idik. Qarşı yüksəklikdən bir neçə minaatanla bizi vurduqlarından, cəld irəliləyə bilmirdik. Əsas artileriya nöqtələri məhv edildikdən sonra, həmin yüksəklik alındı. Bu zaman düşmən tərəfdən atılan güllələrdən biri mənim sol çiynimdən dəydi və bir ağrı hiss etdim. Yerimi dəyişmək, yandakı çökəkdə mövqelənmək istəyirdim, amma tərpənə bilmədim. Bu zaman uşaqlara yaralandığımı bildirdim. Onlar yaxınlaşıb məni götürdülər. İlk baxışdan yara elə də ağır görünmürdü, lakin güllə onurğa sümüyümə qədər çatmışdı. Ona görə də, sinirimi zədələyib. Elə o vaxtadan ayaqlarım işləmədi.
Baxışlarını üzümdən yayındırıb nəzərlərini bir az evin uzaq küncünə dikdi. Araya çökən sükutu pozmağa cürət etmirdim. Arada yaranan qısa fasiləni atası Əlövsət dayının səsi pozdu.
Qurbanov Əlövsət Əmrah oğlu
- Mənim 5 oğlum var idi, 5-i də döyüşlərdə iştirak edib. Atışmalar düşəndə əraziyə yaxın gedib, döyüşlərdən xəbər gözləyirdim. Döyüşlərin birində Niyazinin yaralanmasını eşitdim. Bildim ki, hospitala gətirəcəklər. Ona görə də elə birbaşa hospitala getdik. Gecə anası yanında qaldı. Bu zaman Niyazinin halı pisləşmiş, anası da dərhal həkimləri çağırmışdı. Məlum oldu ki, daxili qanaxması var. Həkimlər müdaxilə etdilər, sonra da helikopterlə Bakıya aparıldı. Elə bu oğlumun yarası tam sağalmadan, o biri oğlum Elşən Qurbanovun da yaralandığını eşitdim.
- Əlövsət əmi, 5 oğlunuzun hamısı döyüşlərdə iştirak edirdi. Axı o vaxt kimisə aparmaya bilərdilər.
- Bala, mənim 5 oğlum, indi də nəvələrim, hər kəsi, hamısını bu Vətən yolunda xidmət üçün böyüdürəm. Bizim vətənimiz olmayandan sonra nə ailəmiz, nə evimiz, nə də uşaqlarımız olmaz.
Söhbətimizi bitirib sağollaşıb evdən ayrıldım. Kəndin darısqal, palçıqlı küçəsilə gedən avtomobilin pəncərəsindən həyət evlərinin mənzərəsini seyr edirdim. Sadəcə seyr etdiyim mənzərələri elə bil görmürdüm. Əlövsət əminin qulağımda səslənən son sözləri, elə bil gözümün qarşısında canlanan mənzərələri görmək üçün pərdə çəkmişdi:
“O uşaqlar bu Vətənindir. Mən onların xidmət etmələrinə mane ola bilməzdim”

Daşqın Güneyli
Ordu.az