Britaniyanın aviadaşıyıcısı NATO-nun Rusiya ssenarili təlimində qırıcılarını havaya qaldırıb

2026/06/1781937287.jpg
Oxunub: 274     10:34     20 İyun 2026    
Böyük Britaniyanın “HMS Prince of Wales” aviadaşıyıcısından havaya qalxan F-35 “Lightning II” qırıcıları NATO-nun ən iri hava döyüş təlimlərindən biri olan “Ramstein Flag 26” çərçivəsində ilk dəfə Finlandiya səmasında fəaliyyət göstərib.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumata görə, 809-cu Dəniz Aviasiyası Eskadrilyasına məxsus F-35 “Lightning II” qırıcıları “Merlin” və “Wildcat” helikopterləri ilə birlikdə Böyük Britaniyanın təlimdəki hava komponentini formalaşdırıb.

Təlim NATO-nun üzv ölkələrindən birinə silahlı hücum halında alyansın necə reaksiya verəcəyini sınaqdan keçirmək məqsədi daşıyıb. Ssenari Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin tətbiqini nəzərdə tutan kollektiv müdafiə vəziyyətinə əsaslanıb.

Təlimlər zamanı qırıcılar Şimal dənizindən havaya qalxaraq yanacaq dolduran təyyarələrin dəstəyi ilə Avropanın dərinliklərində uzunmənzilli tapşırıqlar yerinə yetiriblər. Bəzi missiyalarda təyyarələr öz üzən bazalarından 700 mildən çox uzaqda fəaliyyət göstəriblər.

“Ramstein Flag 26” təlimi Norveçdən İspaniyaya və Finlandiyaya qədər uzanan 20 fərqli məkanda keçirilib. Təlimdə NATO-ya üzv 18 ölkədən 150-yə yaxın hava vasitəsi iştirak edib və hər gün təxminən 150 uçuş həyata keçirilib.

Təlimlərə quru bazalı və aviadaşıyıcı əsaslı F-35 qırıcıları, “Typhoon”, F/A-18, “Gripen”, “Rafale”, “Mirage” təyyarələri, həmçinin yanacaqdaşıyan, nəqliyyat və kəşfiyyat vasitələri cəlb olunub.

Təlimin diqqət çəkən məqamlarından biri ABŞ Dəniz Piyadaları Korpusuna məxsus F-35B qırıcılarının Finlandiyanın avtomobil yollarına enərək yenidən havaya qalxması olub. Britaniyanın 809-cu Eskadrilyasının təyyarələri isə Tampere şəhəri yaxınlığındakı Pirkkala aviabazasında fəaliyyət göstəriblər.

Britaniya Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, təlimin əsas məqsədi müxtəlif ölkələrə məxsus, fərqli silah və sensor sistemləri daşıyan təyyarələrin vahid komanda altında koordinasiyalı şəkildə fəaliyyət göstərə bilməsini təmin etmək olub.

Böyük Britaniyanın Aviadaşıyıcı Zərbə Qrupunun komandanı komodor Riç Hyuitt bildirib ki, 18 müttəfiq ölkə ilə koordinasiyalı fəaliyyət dənizçilərin və pilotların peşəkarlığını nümayiş etdirir.

Onun sözlərinə görə, “HMS Prince of Wales” zərbə qrupu artıq NATO-nun ön xətt müdafiə sisteminə tam inteqrasiya olunub və potensial rəqiblərə aydın mesaj verir.

Təlim çərçivəsində aviadaşıyıcının tibbi imkanları da yoxlanılıb. Gəmidə təcili cərrahi əməliyyatlar həyata keçirməyə imkan verən əməliyyat bloku, 24 saat fəaliyyət göstərən tibbi heyət və hava yolu ilə təcili tibbi yardım göstərən xüsusi qrup müxtəlif ssenarilər üzrə sınaqdan keçirilib.

“Ramstein Flag 26” təlimi “HMS Prince of Wales” aviadaşıyıcısının son dövrlərdə iştirak etdiyi “Arctic Sentry” və “Dynamic Mongoose” missiyalarından sonra NATO-nun şimal və şərq cinahlarında fəaliyyətinin davamı hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   NATO   Rusiya  


Bizi "telegram"da izləyin