Erməni ekspert: “Avropanın dəstəyi ilə Ermənistana nə neft, nə də qaz gələcək”

2026/06/1781940847.jpg
Oxunub: 229     11:32     20 İyun 2026    
“Avropanın özü neft və qaza ehtiyac duyur. Burada demək yerinə düşər ki, biri olsun Avropaya dəstək versin”.

Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı və dövlət idarəçiliyi üzrə mütəxəssis Hovhannes Avetisyan deyib.

O, müsahibə zamanı Nikol Paşinyanın seçkilərdən əvvəl verdiyi bəyanatları xatırladaraq bildirib ki, baş nazir konstitusion çoxluq əldə edilməyəcəyi təqdirdə sentyabr ayında fəlakətli nəticələrə səbəb olacaq müharibənin baş verəcəyini söyləmişdi.

Avetisyanın sözlərinə görə, indi hakimiyyət konstitusion çoxluğa malik deyil, lakin Paşinyan bir neçə gün əvvəl müharibənin qarşısını aldığını və belə bir təhlükənin olmayacağını bəyan edib. O hesab edir ki, bu ziddiyyətli açıqlamalar böyük bir yalanın göstəricisidir.

“Seçki saxtakarlığı yalnız səslərin saxtalaşdırılması ilə məhdudlaşmır. İki seçki məntəqəsində nəticələrin ləğv edilməsi və “Çiçəklənən Ermənistan” Partiyasının parlamentdən kənarda saxlanılması artıq ciddi seçki saxtakarlığıdır”, - deyə Avetisyan qeyd edib.

Bundan əlavə, seçki kampaniyasının müharibə qorxusu, təhdid və şantaj üzərində qurulduğunu deyən Avetisyan bunun cəmiyyətə qarşı psixoloji təzyiq olduğunu vurğulayıb.

O bildirib ki, Paşinyanın əsas mesajları xarici dairələrə ünvanlanıb. Avetisyanın fikrincə, baş nazir konstitusion çoxluq əldə etməklə Konstitusiyaya dəyişikliklər etmək barədə verdiyi vədləri yerinə yetirməyə çalışır.

“Paşinyan bu məqsədə çatmaq üçün başqa yollar axtaracaq və Azərbaycan Prezidenti İlham Əliyevin bütün istəklərini yerinə yetirir. Vaşinqton regiondan Rusiyaya qarşı istifadə etməyə çalışır və bunun nəticəsində Ermənistanın Türkiyənin təsir dairəsinə keçməsi nəzərdə tutulur. İran da məhz bu səbəbdən belə proseslərə qarşı çıxır”, - deyə o qeyd edib.

Avetisyan deyib ki, Rusiya Prezidenti Vladimir Putinin Nikol Paşinyanı seçkilərdə qələbə münasibətilə təbrik etməməsi və seçkilərlə bağlı müəyyən şübhələrin olması da diqqət çəkən amildir.

Onun fikrincə, bu vəziyyət Paşinyanın növbəti hakimiyyət dövrünü daha çətin və mürəkkəb edəcək.

Erməni iqtisadçı Avropa İttifaqının Ermənistana dəstəyini də şərh edib.

“Avropanın dəstəyi ilə Ermənistana nə neft, nə də qaz gələcək. Avropanın özü enerji resurslarına ehtiyac duyur və bu səbəbdən Ermənistan üçün real iqtisadi dəstək mənbəyi ola bilməz. Bu günə qədər Avropadan hər hansı əhəmiyyətli və hiss olunan dəstək göstərilməyib və göstərilməyəcək. Ermənistan onlar üçün yalnız Rusiyaya qarşı istifadə oluna biləcək platforma kimi maraqlıdır”, - deyə o bildirib.

Avetisyan Rusiyanın Ermənistanın güclənməsini istəmədiyi barədə səslənən fikirləri də tənqid edib. O vurğulayıb ki, Rusiya Ermənistana uzun illər güzəştli şərtlərlə yanacaq satıb, infrastruktur layihələrində və Atom Elektrik Stansiyasının idarə olunmasında dəstək göstərib.

O, həmçinin bəzi təşkilatların və qurumların guya söz azadlığı və maarifləndirmə adı altında fəaliyyət göstərərək əslində Rusiyaya qarşı işlədiklərini iddia edib.

Avetisyan bildirib ki, Nikol Paşinyan heç vaxt seçkilər yolu ilə hakimiyyəti təhvil verməyi planlaşdırmayıb. Onun sözlərinə görə, müxalifətə səs verən insanlar parlamentdə sadəcə sərt suallar verilməsi üçün deyil, hakimiyyət dəyişikliyinin baş verməsi üçün səs veriblər.

“Ermənistan reallığında hakimiyyətin seçkilər yolu ilə dəyişməsi heç vaxt baş verməyib və seçkilər yalnız əvvəlcədən verilmiş siyasi qərarların rəsmiləşdirilməsi rolunu oynayıb. Küçə etirazlarının uğurlu olması üçün cəmiyyətə keyfiyyətli liderlik lazımdır. Belə lider özünü prosesə tam həsr edən və lazım gəldikdə həyatını belə qurban verməyə hazır olan şəxs olmalıdır”, - deyə o qeyd edib.

Söhbət zamanı dövlət borcu məsələsinə də toxunan Avetisyan qeyd edib ki, qanunvericilikdə edilən dəyişikliklər nəticəsində dövlət borcu rəqəmləri daha aşağı görünür. O bildirib ki, Mərkəzi Bankın təxminən yarım milyard dollar həcmində olan borcu artıq dövlət borcunun tərkibində göstərilmir.

“Əslində dövlət borcu daha böyükdür. Qanun tələsik dəyişdirildi və ilin əvvəlindən etibarən borcun həcmi kağız üzərində bir qədər azaldılıb. Lakin bu da hakimiyyətə kömək etməyəcək, çünki faktiki borc artmaqda davam edir”, - deyə Avetisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Avetisyan  


Bizi "telegram"da izləyin