Əfqanıstan Pakistan ərazisində İŞİD hədəflərinə hava zərbələri endirdiyini açıqlayıb

2021/08/9550a-1630122425.jpg
Oxunub: 243     10:35     20 İyun 2026    
Əfqanıstanın Müdafiə Nazirliyi ölkənin Hərbi Hava Qüvvələrinin Pakistanın Bəlucistan və Xayber-Paxtunxva əyalətlərində yerləşən İŞİD sığınacaqlarına qarşı gecə saatlarında hava zərbələri endirdiyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Əfqanıstan İslam Əmirliyinin Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirliyin məlumatına görə, əməliyyat müdafiə xarakteri daşıyıb və hədəfə alınan məntəqələrdən Əfqanıstana qarşı hücumların planlaşdırıldığı iddia olunur.

Bəyanatda qeyd edilir ki, həmin obyektlər bəzi xarici kəşfiyyat strukturlarının dəstəyi ilə Əfqanıstana qarşı əməliyyatların koordinasiya mərkəzi kimi istifadə olunub və əvvəllər ölkədə baş vermiş bir sıra qanlı hücumların planlaşdırılmasında rol oynayıb.

Məlumata görə, əməliyyat çərçivəsində Bəlucistan əyalətinin Qila Abdullah rayonunun Gülistan bölgəsi və Çağay rayonunun Şakar Ab-Cəngəl Qardi ərazisində yerləşən obyektlər vurulub.

Əfqanıstan tərəfi bildirir ki, həmin məntəqələr İŞİD üzvləri və digər düşmən qrupların birgə istifadə etdiyi bazalar olub.

Xayber-Paxtunxvada isə Orakzay bölgəsinin Qəmbərxel ərazisində yerləşən İŞİD-Xorasan qruplaşmasının obyekti hədəfə alınıb. Bildirilir ki, bu məkan təşkilatın yüksək səviyyəli rəhbərləri tərəfindən tez-tez istifadə olunurdu.

Əfqanıstan Müdafiə Nazirliyi ilkin məlumatlara əsasən, əvvəlcədən müəyyən edilmiş bütün mühüm hədəflərin uğurla vurulduğunu açıqlayıb.

Nazirlik vurğulayıb ki, Əfqanıstan öz təhlükəsizliyinə qarşı yönələn təhdidlərə dözməyəcək və bu cür risklərin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edəcək.

Bəyanatda həmçinin qeyd olunub ki, ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı fəaliyyət zərərsizləşdiriləcək və dövlət bu istiqamətdə qətiyyətli siyasət yürütməkdə davam edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Pakistan   İŞİD  


Bizi "telegram"da izləyin