Əmiraslanov Etibar Əmiraslan oğlu – Bozqurd batalyonunun komandiri. 1961-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Orta təhsilini Əlibəyli kənd orta məktəbində alan Etibar 1979-cu ildə Sovet ordu sıralarına hərbi xidmətə çağrılıb. Hərbi xidmətinin ilk illərini Ukraniyanın Lvov şəhərində keçirdikdən sonra Əfqanıstandakı döyüşlərdə iştirak edib. Bu döyüşlərin gedişatında əfqanlara əsir düşərək, 8 ay əsirlik həyatı yaşayıb və oradan sağ çıxan iki hərbçidən biri olub. Vətənə qayıdandan sonra isə Ağdam rayonunda baş verən hadisələr onu könüllülərdən ibarət batalyon yaratmağa məcbur edib. Beləliklə, maraqlı müsahibəmizi təqdim edirik:
- Salam, Etibar bəy!
- Salam, xoş gördük!
- Etibar bəy, sizdən əvvəl düşmən təxribatlarına qarşı necə mübarizə aparılırdı? Hansı birləşmələr döyüşürdü?
- Məndən əvvəl kiçik silahlı qruplaşmalar var idi. Onlar da könüllü idilər, çoxu da təcrübəsiz, ov tüfəngi ilə silahlanmış cavan oğlanlardan ibarət idi. Hərələrində beş-on nəfər olsa da, onların haqqını yeyə bilmərəm, döyüşürdülər. Təbii ki, təcrübə və lazım olan silah, mərmi ehtiyatı olsaydı, o dəstələrin hər biri bir batalyona bərabər olardı. Hər bir döyüş isə özü böyük təcrübə idi, real təcrübə. Bilirsinizmi, əsas odur ki, həmin oğulların manqal kimi ürəkləri var idi. Adi kənd sakinləri belə düşmən qabağına çıxmaq üçün yaba, dəhrə, bellə silahlanırdılar. Döyüş vaxtı bəlkə də yeganə rayonlardan biri də Tovuz idi ki, göydən top mərmisi, “Qrad”, iriçaplı silahlardan güllə yağırdı, amma hamı öz işində-gücündə idi, interval üzrə rayondan kəndə marşrut xəttə çıxırdı. Döyüşçüləri də gücləndirən bax, bu mənzərə idi. Bilirdilər ki, birinə bir güllə dəysə, hansı qapını döysə, oradan bir anamız, bacımız çıxıb yaramızı sarıyacaq. Maşını olan maşın, pulu olan pul, bir sözlə kimin əlində nə var idi, döyüşçülərdən əsirgəmirdi. Buna görə də Tovuz bir qarış da olsa, torpaq vermədi.
- Gələk “Boz Qurd” Batalyonuna. Bu əfsanəvi batalyonun yaranmasında kimlərin dəstəyi oldu?

- Batalyon, Azərbaycanda ordu yaranandan sonra quruldu, 1992-ci ilin may ayında yaratdıq. Bundan əvvəl mənim tabeçiliyimdəki könüllü dəstədə demək olar ki, bir batalyonun sayı qədər döyüşçü var idi, 400 nəfərdən çox və getdikcə artırdı. Batalyonun yaranmasında Qara Tofiqin, Novruz Həsənovun əməyi var idi. Rəhmətlik Novruz da axırdan-axıra gəldi. Qara Tofiq həmin vaxt səhv etmirəmsə, Tovuz rayon İcra Hakimiyyətinin müavini idi, sonradan da nazir oldu. Bundan başqa Tovuzun Ağdam kəndində Məmmədalı kişi var idi. Onların nəinki batalyonun, ümumiyyətlə Tovuzun bizdə qalmağında danılmaz rolu olub.
Həmin vaxt mən də “avtobazada” avtobus sürücüsü işləyirdim, Əfqanıstandan gəldiyim üçün mənə “veteran” deyə müraciət edirdilər, “avtobaza”nın müdiri Arif var idi. Ona dedim ki, mən işdən çıxıram, qalxıram dağlara. İki-üç nəfərlə başladıq, sonra da dəstə böyüdü, oldu batalyon.
- “Boz Qurdların” keçirdiyi əməliyyatlardan danışın. Necə olurdu ki, bütün döyüşlərdən qalib ayrılırdınız?
- Bizə el arasında təkcə “Boz Qurdlar” yox “məğlubedilməzlər”, “Xüsusi Təyinatlılar”, “gözəgörünməzlər” də deyirdilər. Çünki biz hər yerdə idik, Qazax-Ağstafa-Gədəbəy yolunu su yolu eləmişdik. Bizi köməyə çağıranlar da tez çatmağımızdan təəccüblənirdilər. Əslində biz normal yol gedirdik. Sadəcə erməninin onları sıxışdırdığı mövqeni öyrənib, “Çənlibel”dən oranı toplarla yerlə-bir edirdik. Sonra da üzbəüz döyüşə çatıb, geri oturdur, bir göz qırpımında girib-çıxırdıq.
Biz Qazaxın Xeyrimli, Aşağı Əskipara kəndlərində də vuruşmuşuq. Burada da üstünlük bizdə idi, amma sonradan qüvvələr nisbəti dəyişdi, həm canlı qüvvə, həm də texnika baxımından onlara əsaslı dəstək gəldi, yerli camaat da kənddən çıxdı. Bizə də xəbər gəldi ki, Gədəbəy işğal olunacaq, artıq ermənilər Baş Kənd, Mutudərəni götürüblər. Özümüzü ildırım kimi ora yetirdik, Qasımalılar kəndində erməniləri gələn dəstəklə birlikdə məhv etdik, biri də geri qaça bilmədi. Əgər bircə erməni sağ qalsa idi, vəziyyətimizi öyrənib daha güclü texnika və canlı qüvvə ilə gələ bilərdilər. Həmin vaxtı şəmkirlilər də bizə möhkəm dəstək verdilər.
- Türkiyəli qardaşlarımızdan ibarət “Rüzgar Birliyi” necə oldu ki, döyüşməyə gəldilər? Məxsusi olaraq nə üçün Tovuzu seçdilər? Həmin dəstədən kimləri tanıyırsınız?

- Bəli, “Rüzgar Birliyi” gəlmişdi. Onların komandiri Yusif Ziya Arpacık idi. Hamısı sözün əsl mənasında qardaş olublar və zabit idilər. Onlar ölkəmizə 1992-ci ildə, Xocalı qətliamından sonra, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Alparslan Türkeşin göstərişi ilə gəlmişdilər. İlk dəstədə səhv etmirəmsə, 10 nəfər vardı, Qara Tofiq və Novruz Həsənovun səyi nəticəsində onlar Tovuza gəldilər, əsasən də Novruz əminin sayəsində. Türklər burada əsasən təzə döyüşçülərə təlim keçirdilər. İndiki Kirən kəndində, Çənlibeldə, Ceyrançöldə düşərgələr qurmuşdular. Bir sözlə onlar arxada olan “rezerv” (ehtiyat) batalyona nə lazımdırsa, öyrədir, həmçinin xüsusi tapşırıqlara da gedirdilər.
- Hansı əməliyyatları reallaşdırıblar?
- Mənim yadımda qalan budur ki, Gürcüstanın içi ilə keçib, Ermənistan ərazisində xüsusi əməliyyatlar həyata keçirdilər. Həmin gün ermənilər matəm elan elədi. 60-dan çox erməni ölmüşdü, onu da qisas üçün elədilər, buradakı vəziyyəti görüb dinc oturmur, elə hey deyirdilər ki, “abi domuz avına (donu ovuna) gedirik”. Mənə deyirdilər ki, “bilirik ki, sən də biznən getmək istəyirsən, amma batalyona başçı lazımdır, qal burda”.
Onların Qarabağda da əməliyyatları olub, indi bəziləri hələ də hərbi sirr kimi qorunur deyə demək olmaz. Onlar bir bölük kimi olsalar da, mənə tabe idilər, yəni məndən məsləhət almamış heç bir əməliyyata getmirdilər. Hamid Hoca da çox təcrübəli idi, ona görə də sağ qala bildi. Lakin sonrakı intensiv atışmalarda bir-iki nəfər də yaralandı. Onlar 1993-cü ilə kimi burada qaldı.
Hamid Hocadan bir maraqlı, real olan hadisəni danışım. Bir dəfə “Qan Çanağı” postunda idik. Bura yüksək rütbəli zabit gəldi ki, bu nə topdu, nişangahı da yoxdur. Hamid dedi ki, “komutanım, sən vurulacaq yeri göstər, bu yetər”. Həmin zabit əli ilə qarşıdakı təpəni göstərdi ki, oranı lazım olsa, necə vuracaqsınız? Elə bu an, Hamid mərmini atıb, mənə dedi ki, “gedək abi”. Onda zabit soruşdu ki, “hara gedirsiniz, bəs mərmi hara düşdü?” Hamid isə cavabında “istəsəniz həmin yerə bir də diqqətlə baxın” deyə cavab verdi. Zabit baxanda, göstərdiyi təpənin tüstü-dumana büründüyünü gördü və başını yelləyərək dedi ki, Allah ümidinə olsa da, yaxşı atış idi, amma bilmirdi ki, biz koordinatları artıq 5 saniyəlik baxışla müəyyən edirdik.
- Qayıdaq “Boz Qurd”lara… Bu batalyonun içində özlərini “qara qurdlar” adlandıranlar da var idi. Bunlar kimlər idi?

- O “qara qurdlar” çeçenlər idi. Cəmi 10 nəfər çeçen Şamil Basayevin gətirdiyi döyüşçülər idi. Onlar bir gün dedilər ki, “siz boz, biz də qara qurdlarıq, biz burdaykən çaqqallar meydan sular?”. Çox çevik və dəqiq döyüşürdülər, bu qədər diqqətin qarşısında onlardan üç şəhidimiz oldu. Şəhidlərin nəşini şəxsən mən özüm əvvəlcə Qroznıya, ordan da öz kəndlərinə apardım. Orada kömək kimi birinci şəhidin atasına biraz pul təklif etdim, əlimi necə sıxdısa, iki gün əlim açılmadı. Sadəcə bir söz dedi: VƏTƏN SAĞ OLSUN, OĞLUM TORPAQ UĞRUNDA ŞƏHİD OLUB”.
- Bildiyim qədəri ilə döyüşçüləriniz arasında xanım da olub. O, da Çeçen idi?
- Bəli, olub, amma Çeçen deyildi, öz millətimizdən, İsmayıllıdan Əliyeva Sevinc adlı bir qız idi. Saçını oğlan kimi kəsdirib, gəlib batalyona düşmüşdü.
– Sizin yanınıza necə olub gəlib?
- Deməli, bu, şəhid olan dayısının qisasını almaq üçün döyüşə atılıb, bizdən
qabaq bir neçə batalyonda olub. O, efirdə rəhmətlik Çingiz Mustafayevin bizdən hazırladığı reportajı izləyəndən sonra yanımıza gəlmişdi. Gündə, bəlkə, 50-60 nəfər batalyona qatılırdı, axırda dedim yer yoxdu. Həqiqətən də qida, geyim, silah çatdıra bilmirdim. Bu qız da onların içində gələnlərdən olub.
- Bəs necə bildiniz onun qız olduğunu?
- Döyüşçülərimdən biri görüb ki, meşədə döyüşdən sonra kimisi yuyunur, kimisi köynəyini dəyişir. Bu isə əynini soyunmur, kənarda durur. Sonra qız bilib ki, bu, onun qadın olduğunu hiss edib. Döyüşçüm gəlib bunu mənə deyəndə, çox hirsləndim çünki, qadının əsir düşməyini götürə bilməzdim, xüsusilə də döyüşçü kimi. Yanıma çağırıb “Niva”dan paltar gətirdim, paltarın köhnəldiyini, geyinməsi üçün təzəsini aldığımı söylədim. Yaxşı, gedib geyinib gəlirəm deyəndə, yanımda geyinməli olduğunu əmr verdim. Bu vaxt ağladı ki, “komandir mən qadınam, dayımın qisasını almağa gəlmişəm”. Dedim ki, artıq bəs edər, düş aşağı, birbaşa rayona get. Onda erməni öldürmədiyini, ola bilsin ki, atışmada öldürmüş olduğunu, amma əmin olmaq istədiyini dedi. Nə demək istədiyini soruşanda dedi ki, “icazə ver, gedim bir “dığa” gətirim, öldürüm”. Yanına iki uşaq verdim, getdilər, bir də gördüm, bir “boyavik” erməni ilə gəlirlər. Qisasını aldıqdan sonra aramızdan ayrıldı. Bu yaxına kimi əlaqə saxlayırdım, ailəli olduğunu bilirəm, iki övladı da var.
- Silah ehtiyatını necə təşkil edirdiniz? Bildiyim qədəri ilə tank, top, BTR, BMP-ləriniz də olub.
- Bunlar bizə göydən düşməyib ki, oğul. Hamısını özümüz təşkil etmişik, olub. Yarısını rusdan aldıq, yarısını ermənidən, beləcə məndə bir korpusun balansında olan texnika var idi. Hələ o silahlardan Gədəbəbəy, Qazax, Ağstafaya da göndərirdim.
- O silahları necə əldə etmişdiniz?

- Deməli, erməni tərəfdə də, biz tərəfdə də sülhməramlı kimi rus polku dururdu. Onlar ordan atanda bunlar da havaya atırdılar. Nəsə bir gün artıq dirəndik ki, ruslar bizə xəyanət edib o tərəfə atmırlar, amma orada olan ruslar BMP-dən tutmuş hər şeydən atırdılar. Biz də eləmədik tənbəllik, bu ruslarla münasibət qurduq, gedib-gəldik, hər şeyin yerini öyrəndik, sonra da bunlara 80 litr çaxır, 20 kiloqram da ət verdik, yeyib-içdilər, biz də alaya girib, güllə də atmadan tərki-silah etdik. Nə var idisə, əllərindən aldıq, zabitləri bir müddətlik əsir götürdük, əsgərləri də göndərdik Bakıya. Sonra Qazaxdakı alay hiss etdi ki, orada da onlar alayı tərki-silah edəcəklər, gecəynən hərbi karvan üzü Bakıya yola düşdü. Biz bundan xəbər tutduq. O zaman Qovlar tərəf tənəklik idi, elə orada da karvanın qabağını kəsib, bütün silahları aldıq.
Bundan sonra əlimizdə T-72 tankından tutmuş BTR, BMP və iriçaplı silahlar da oldu, gecəynən o texnikaları “Çaxır Zavodunun” anbarına yığdım. Ruslar Gəncədən iki vertalyot qaldırsalar da, texnikaları tapa bilmədilər. Bundan sonra ermənilər və oradakı rus alayı qızışdılar, üç gün güclü atışma getdi. Axırda erməni tərəfdən Samvel adlı biri rabitəylə əlaqəyə çıxdı ki, “Boz Qurd”, mən “Qara Ayıyam”, atışmanı dayandırın, meyitləri götürək. Ehtiyat etdim ki, bəlkə də aldadır. Buna görə də, hazır gözləyirdik. Onlar ağ bayraqla gələndə biz də gedib şəhidlərimizin nəşini götürdük. Ümumilikdə 42 nəfər şəhidimiz oldu. 1994-cü ilin 4 iyununda 4 şəhid verdik.
Hə, qayıdım Samvelə. Meyitləri götürəndən sonra Samvel rabitəyə çıxıb söyüşlə danışdı ki, “deyəsən döyüşçün qalmadı?”. Yetərincə döyüşçüm olduğunu və iki belə batalyonun da ehtiyatda gözlədiyini dedim. Yenə söyüş söyüb dedi ki, isətəsə hamısını məhv edər. Dedim ki, sən “istəsəm” deyirsən, amma mən bu şənbə Ermənistanı yasa boğacam, matəm elan edəcəksiniz, gülüb, yenə söydü. Bundan sonra o vaxtki korpus komadirinin yanına gedib, ermənilərə belə bir söz verdiyimi və etməli olduğumu dedim. O, məndən nə edə biləcəyini soruşanda cavab verdim ki, “heç nə, mən Çənlibeldən vurduğum yeri siz də vurun”. Onlar dağın arxasındakı Çuratan kəndində yığışırdılar, oranı vuracaqdım.

Səhər saat 6-da başladıq, Gədəbəy, Qazax, Ağstafadan oranı vurduq, daşı daş üstündə qoymadıq, axşam da oturub “Vremya”nı gözlədik. Nədənsə 9-da vermədilər, bir də saat 12-də gördük ki, Petrosyan efirdə ağlaya-ağlaya deyir ki, Tovuz istiqamətində mövqelərimizi yox ediblər, xəstəxanalarda yaralı və meyit əlindən yer yoxdur. Beləliklə, Petrosyan üç günlük matəm elan etdi. Ondan sonra Samveli rabitədə görmədim. Bu mənim ən xoşbəxt günüm idi.
- “Boz Qurd” ləqəbi necə oldu formalaşdı?
- Əfqanıstanda əsir olanda, məni orada “Boz Qurd” komandası deyə xüsusi təyinatlılar xilas etdi. Ondan sonra məni də “Boz Qurd” adı ilə çağırdılar. Sonra da döyüşçülərim belə çağırdılar. Həm mənim özümün də bir qurdum olub, hara getmişəmsə, özümlə gəzdirmişəm. Şəkillərimiz olmalıdır, əlimdən ət, şokalad yeyirdi, sonradan öldü…
- Etibar Əmiraslanov hazırda nə işlə məşğuldur?
- Şəxsi mikroavtobusumla Bakı-Qazax marşrutu üzrə sərnişin daşıyıb, ailəmə çörəkpulu qazanıram.
- Əfanəvi “Boz Qurd” ehtiyac olarsa, yenidən döyüşə hazırdırmı?
- DAİM HAZIRDIR!!! Nəinki “Boz Qurd”, həmin batalyonun sağ qalan döyüşçüləri də… Bu gün onların özləri bir batalyon qura bilərlər. Mən 2016-cı ilin aprel döyüşlərində də Müdafiyə Nazirliyinə müraciət edim, dedilər ki, ehtiyac yoxdur. Amma mən hər an əlimdə telefon və kitabça, döyüşçülərimin zənglərini gözləyirdim ki, bəlkə çağıralar…
- Müsahibə üçün təşəkkür edirəm!
- Sağ olun! Allah Azərbaycanı, türk dünyasını qorusun!
Cümşüd Məmmədov
Ordu.az