Əfqanıstan Milli Ordusunun yüzlərlə əsgəri ölkənin şimalında yerləşən Fəryab vilayətindəki bazalarını döyüşsüz tərk ediblər.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əfqan rəsmiləri bu əsgərlərin bazaları tərk etməsinə dair mübahisəli açıqlamalar verirlər.
Fəryab vilayətinin rəhbəri Naqibullah Fayəq bildirib ki, postların tərk edilməsinə səbəb əsgərlər arasında yayılan ruh düşkünlüyü olub. Lakin Əfqanıstan ordusunun generallarından biri, daha yaxşı təlim və ləvazimat əldə etmək üçün əsgərlərə bazaları tərk etmələri barədə əmr verildiyini bildirib.
Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat katibi Qafur Əhməd Cavid isə bu hadisə üçün bir qədər də mübahisəli səbəb göstərib: “Brüssel sammitində 2024-cü ilə qədər maliyyə dəstəyinin təsdiqlənməsindən dolayı əvvəlcə dörd il olub, sonradan altı ilə artırılmış təhlükəsizlik planına əsasən, ordunun yenidən yerləşdirilməsi, daxili təhlükəsizliyi və digər təhlükəsizlik planları tətbiq edilir”.
Ağalar Ağalarlı
Ordu.az