Birləşmiş Krallıq “Type 83” proqramını ləğv edərək insansız dəniz döyüşü konsepsiyasına üstünlük verir

2026/06/1782729029.jpg
Oxunub: 238     14:27     29 İyun 2026    
Birləşmiş Krallıq Kral Hərbi Dəniz Qüvvələrinin istismarda olan Type 45 hava hücumundan müdafiə esmineslərini yeni nəsil “Type 83” döyüş gəmiləri ilə əvəz etmək planından imtina edib.

Ordu.az xəbər verir ki, hökumət bunun əvəzinə insansız hava, suüstü və sualtı platformaları idarə edə bilən ən azı altı ədəd “Common Combat Vessel” (CCV) gəmisinin tədarükünü planlaşdırır.

Qərar Birləşmiş Krallıq Müdafiə Nazirliyinin uzun müddətdir hazırladığı Müdafiə İnvestisiya Planı çərçivəsində açıqlanıb.

Yeni yanaşma ölkənin dəniz döyüş doktrinasında insansız sistemlərə və şəbəkə mərkəzli əməliyyat imkanlarına üstünlük veriləcəyini göstərir.

Hazırda Kral Hərbi Dəniz Qüvvələrinin inventarında olan altı ədəd “Type 45” hava hücumundan müdafiə esminesinin 2038-ci ilin sonunadək xidmətdən çıxarılması planlaşdırılır.

Əvvəlki plana əsasən, onların yerini yeni nəsil “Type 83” esminesləri tutmalı idi. Lakin yeni Müdafiə İnvestisiya Planı çərçivəsində bu proqram ləğv edilərək hibrid quruluşa malik “Common Combat Vessel” konsepsiyasına keçilməsi qərara alınıb.

Müdafiə Nazirliyi bildirib ki, yeni gəmilər hava, suüstü və sualtı insansız platformaların komanda və koordinasiya mərkəzi funksiyasını yerinə yetirəcək.

Nazirliyin məlumatına görə, CCV platformalarının ilk təhvilinin 2030-cu illərin əvvəlində başlanması gözlənilir.

Bu gəmilər xidmətə qəbul edildikdən sonra ekipajlı freqatlarla yanaşı, gələcəkdə donanmanın tərkibinə daxil olacaq avtonom dəniz platformaları ilə birlikdə fəaliyyət göstərəcək.

Birləşmiş Krallığın müdafiə naziri Den Carvis bildirib ki, “Common Combat Vessel” gəmiləri artan təhdidlər nəzərə alınaraq dənizçilərin ehtiyaclarına uyğun hibrid platformalar kimi hazırlanacaq.

O əlavə edib ki, yeni gəmilər Birləşmiş Krallıqda istehsal olunacaq və ölkədə məşğulluğun artmasına töhfə verməklə yanaşı, Kral Hərbi Dəniz Qüvvələrini müasir döyüş tələblərinə uyğun imkanlarla təmin edəcək.

Yeni qərar Müdafiə İnvestisiya Planı ətrafında yaranmış siyasi müzakirələrdən sonra qəbul olunub.

Ayın əvvəlində həmin dövrdə müdafiə naziri vəzifəsini icra edən Con Hili planın maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqları səbəbindən istefa verərək hökuməti ölkənin təhlükəsizliyi üçün kifayət qədər maliyyə ayırmamaqda ittiham etmişdi.

Onun yerinə təyin olunan Den Carvis isə planı yenidən hazırlayaraq qısamüddətli əməliyyat ehtiyaclarını prioritet elan edib.

Bu çərçivədə komando bölmələri üçün yüksək sürətli katerlər, qabaqcıl zərbə pilotsuz uçuş aparatları və insansız sistemlərlə inteqrasiya edilmiş dəniz platformaları əsas layihələr sırasına daxil edilib.

Birləşmiş Krallığın mənzil naziri Stiv Rid də bildirib ki, yeni strategiya yaxın günlərdə təqdim olunacaq.

Onun sözlərinə görə, ölkə gələcək müharibələrə və onların dəyişən xarakterinə hazır olmalıdır, keçmiş müharibələrə deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Birləşmiş-Krallıq   Type-83  


Bizi "telegram"da izləyin