Konyanın Huğlu qəsəbəsi 70 milyon dollarlıq ixracı ilə 20 vilayəti geridə qoyub - VİDEO
Oxunub: 283
14:31
29 İyun 2026
Türkiyənin Konya vilayətinin Beyşehir rayonuna bağlı 2 min 700 nəfər əhalisi olan Huğlu qəsəbəsində fəaliyyət göstərən müəssisələr ildə 70 milyon dollar həcmində ixrac həyata keçirir.
Ordu.az xəbər verir ki, Toros dağlarının ətəyində yerləşən Huğlu qəsəbəsi kənd yaşayış məntəqəsi olmasına baxmayaraq, müdafiə sənayesi üçün formalaşdırdığı istehsal infrastrukturu ilə seçilir.
Təxminən 100 illik silah istehsalı ənənəsinin davam etdiyi qəsəbədə hər il 100 mindən çox ov tüfəngi istehsal olunur. Huğlu Ov Tüfəngləri Kooperativi və 20-yə yaxın şirkət burada fəaliyyət göstərir.
Türkiyə İxracatçılar Məclisinin 2025-ci il məlumatına görə, 59,5 milyon dollarlıq ixracla 62-ci yerdə qərarlaşan İğdırdan sonra Ərzincan, Sinop, Yozqat, Ərzurum, Tokat, Van, Kırıkkale, Ağrı, Siirt, Bartın, Batman, Hakkari, Muş, Bitlis, Ardahan, Bingöl, Qars, Tunceli və Bayburt gəlir.
Huğlu qəsəbəsi isə 70 milyon dollarlıq ixrac göstəricisi ilə bu 20 vilayətin hamısını geridə qoyub.
Huğlu Ov Tüfəngləri Kooperativinin İdarə Heyətinin sədri Naci Tanık bildirib ki, 1962-ci ildə 126 ortaqla yaradılan kooperativ hazırda 350 ortaq və 500 əməkdaşla fəaliyyətini davam etdirir.
Onun sözlərinə görə, kiçik emalatxanalarda başlayan istehsal prosesi zamanla müasir istehsal müəssisələrinə çevrilib.
“Bu gün Huğlu adambaşına düşən ixrac göstəricisinə görə Türkiyə orta göstəricisini xeyli üstələyir. Qəsəbənin 2 min 700 nəfər əhalisi var. Kooperativ və 20-yə yaxın iri müəssisə birlikdə ildə 70 milyon dollarlıq ixrac həyata keçirir. Bu isə adambaşına təxminən 25 min dollar deməkdir. Huğlu müdafiə sənayesi, kooperativi, liseyi və universiteti ilə Türkiyə üçün nümunə ola biləcək yaşayış məntəqəsidir”, - deyə Naci Tanık bildirib.
O qeyd edib ki, qəsəbədə 30-dan çox müxtəlif silah növü istehsal olunur və onların çapına, konstruksiyasına, həmçinin sifarişçinin tələbinə uyğun olaraq 250-300-ə yaxın fərqli model hazırlamaq mümkündür.
Tanık əlavə edib ki, istehsal edilən silahlar arasında “Ovis” snayper tüfəngi və “Mohaç” pulemyot-tapançası da var.
Onun sözlərinə görə, qəsəbədə Səlcuq Universitetinin Huğlu Peşə Məktəbi və Müdafiə Sənayesi Elmi-Tədqiqat Liseyi fəaliyyət göstərir.
Kənardan gələn əməkdaşlarla birlikdə müdafiə sənayesində çalışanların ümumi sayı 1500 nəfərə çatır.
Tanık bildirib ki, Huğluda müdafiə sənayesinə aid mühüm layihələrdə iştirak edən əsas və alt podratçı şirkətlər də fəaliyyət göstərir.
Qəsəbə muxtarı Cihangir Sandal isə qeyd edib ki, yerli əhalinin böyük əksəriyyəti dolanışığını bu sənaye sahəsindən təmin edir.