Ordu.az xəbər verir ki, Ərdoğan daha öncə Fəxri və Şəhidlər Xiyabanında olub.
O, Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib.
Sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoydu, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzdü. Ali qonaq Xatirə kitabına ürək sözlərini yazıb.
Ərdoğan Xatirə kitabına bu ifadələri qeyd edib:
“Əziz şəhidlərimiz,
Tarixi 24 iyun seçkilərindən sonra Prezident Respublika sisteminin 1-ci prezidenti olaraq mənəvi hüzurunuzda olmaqdan böyük bəxtiyarlıq duyuram. Sizin fədakarlığınızdan aldığımız ilhamla bu günə qədər olduğu kimi, inşallah bundan sonra da Türkiyə və Azərbaycan əlaqələrinin inkişaf etməsi, hər sahədə böyüməsi üçün mübarizə etməyə davam edəcəyik. Ruhlarınız şad olsun”.
Daha sonra prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Zaqulba sarayında rəsmi mərasimlə qəbul edib. Prezidentlər fəxri qarovul dəstəsini salamladıqdan sonra hər iki ölkənin dövlət himni səsləndirilib.
Hazırda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək baş tutan görüş davam edir.
Ordu.az