Çin PUA-ları: Həvəs ehtirası üzərində düşüncələrin uçuşu - HƏRBİ EKSPERT (I Yazı)

2018/07/1_1530956895.jpg
Oxunub: 3231     17:52     07 İyul 2018    
PUA hazırlanmasına nisbətən gec başlayan Çinin CASC (China Aerospace Science and Technology Corporation - Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası) şirkəti yerli və xarici bazarlarda aparıcı mövqeləri fəth etmək niyyətindədir.

1999-cu ilin əvvəllərində CASC şirkətinin tərkibinə daxil olan Pekin aerodinamik tədqiqatlar institutu (hazırda CAAA - China Academy of Aerospace Aerodynamics), raket sınaqları zamanı telemetrik avadanlıqlar daşıya bilən pilotsuz aparatların hazırlanması üçün Çin Ordusundan sifariş aldı.

CAAA-nın 1956-cı ildən təsis edilməsinə, aerodinamika və uçuşların idarə edilməsi sahəsində çalışmışmasına və onilliklər ərzində ölkənin kosmik sənayesinin inkişafına böyük töhfə verməsinə baxmayaraq, özünün uçan aparatının yaradılması sahəsində heç bir təcrübəsi yox idi. Lakin institutun rəhbərliyi mülki və hərbi təyinatlı PUA-ların potensialına inandığı üçün layihəyə başlamaq üçün icazəni əldə etdi.

PUA-nın hazırlanmasının məqsədəuyğunluğunu təyin etmək üçün yeddi nəfərlik tədqiqat qrupu yaradıldı. Şirkət layihəyə demək olar ki, sıfırdan başladı. İşçi qrupuna CASC-a daxil olan, peyk rabitəsi və naviqasiya texnologiyaları sahəsində ixtisaslaşan xüsusi tədqiqat institutları da qoşuldu.

Layihəni sürətləndirmək üçün yüksək dəqiqlikli sensorlar və tuşlama sistemləri sahəsində böyük təcrübəyə malik CASIC (China Aerospace Science and Industry Corporation - Çin Aerokosmik Elm və Sənaye Korporasiyası) korporasiyasına müraciət edildi.

"Cai Hong"un birinci və ikinci nəsli

İlkin mərhələ, 140 kq ağırlığında maksimum çəkiyə və 4.4 metr qanad arası məsafəyə malik qısa mənzilli məsafədən idarə edilən PUA-nın hazırlanması ilə nəticələnərək altı ay davam etdi. 2000-ci ilin sonunda bu aparatın layihəsi kritik təhlil mərhələsindən keçdi.


"HangWu-01" (HW-01) kod təyinatını alan aparatın konstruksiyası normal aerodinamik sxemə malikdir, axımlı füzelyaja iki enmə xizəyi bərkidilib, qanadlar üst, porşenli mühərrik isə arxa tərəfdə yerləşdirilib, şaquli istiqamət pərləri isə əkiz quyruq oxları ilə birləşdirilib.

Əllə idarə edilən aparat 2001-ci ilin dekabrın 29-da ilk uçuşunu yerinə yetirdi. Bu PUA yük maşınına quraşdırılan, istiqamətləndirici relsləri olmayan atıcı qurğudan, raket start sürətləndiricisindən istifadə edilərək buraxılıb və paraşüt vasitəsilə geri qaytarılıb.

2002-ci ildə SAAA Akademiyası ilk uğurun yaratdığı təsirdən ruhlanaraq "Special Flight Vehicle" adlı yeni bölmə yaratdı. Onları elektron uçuş idarəetmə sistemləri, telemetrik avadanlıqlar, bir sözlə zəruri olan bütün elementlərlə təchiz etdilər. Tezliklə gərgin çalışmalar nəticəsində daha böyük və daha funksional, avtonom naviqasiya sistemi ilə təchiz edilən PUA-nın prototipi olan "Hang Wu-02" (HW-02) platforması yaradıldı.

2004-cü ilin iyulun 24-də hava sınaqları üçün uyğun olmasa da "HW-02" ilk uçuş üçün havalandı. Prototipin uçuşu zamanı havada böyük və parlaq göy qurşağı göründü, bu isə istehsalçıların bu nəsil PUA-lara "Cai Hong" (Göy Qurşağı) adını vermələrinə səbəb oldu. "Special Flight Vehicle" istehsalı olan bütün PUA vasitələri ilə yanaşı, onun hazırlanmasını həyata keçirən, sonradan isə CASC şirkətinin yenidən təşkil olunması ilə "Cai Hong UAV Technology Company" şirkətinə daxil olan bölmənin də adını dəyişdilər.

"Special Flight Vehicle" hələ də özünün avtonom uçuş texnologiyaları ilə məşğul olurdu. "Cai Hong" kompaniyasının ilk nəsil PUA-sı (qısa təyinatı CH-1) son inkişaf mərhələsində idi, kefiyyət və uçuşa yararlılıq sınaqlarına hazırlanırdı. Bu mərhələdə adı açıqlanmayan xarici bir müştəri onunla maraqlandı. Layihənin iki ədəd "CH-1" PUA-sının təchizatı üçün "PW-01" adı altında müqavilə 2003-cü ilin iyununda imzalandı.

"CH-1" PUA-ları əslində ikinci nəsil hesab olunur, çünki "ilk nəsil" HW seriyalı prototiplər artıq istehsal edilərək satılmışdı. Bu sistemləri şirkət taktiki PUA sinifinə aid edir. 140 kq maksimum kütləyə və 4.4 metr qanad arası məsafəyə malik PUA, 20 kq faydalı yük daşıma qabiliyyətinə malikdir. Buraya daxil olan müxtəlif növ elektron-optik sensorlar, 100 km birbaşa görüntü sahəsində kəşfiyyat və müşahidə aparmağa, artilleriya atəşini tənzimləməyə və döyüş zərərini qiymətləndirməyə imkan verirdi.

"SN-1" əslində "HW-01"PUA- sının daha üstün versiyasıdır, onun korpusu alminiumdan deyil, kompozit materiallardan hazırlandı. Bu model də reaktiv katapultdan buraxılır və paraşütlə geri qaytarılırdı. Arxasında quraşdırılan porşenli mühərrik PUA-ya 150 km/saat kreyser və 175 km/saat maksimal uçuş sürəti toplamaq üçün imkan verirdi, üçuş yüksəkliyi 4500 metr, havada qalma müddəti 6 saat idi.

2005-ci ildə artıq "CH-2" adlı orta mənzilli və daha böyük versiyanın seriya istehsalına başlandı. Əvvəlki versiyanın aerodinamik dizaynı əsasında qurulan yeni PUA gecə də fəaliyyət göstərə bilirdi. Platformanın kütləsi 220 kq, qanad arası məsafəsi 6 metr idi. Yeni platforma bütün xüsusiyyətlər üzrə sələfini qabaqlayırdı, fəaliyyət radiusu 200 km, maksimum sürəti 200 km/saata və uçuş müddəti isə 8 saata çatdırıldı.

30 kq faydalı yük tutumu, PUA-nın səhra şəraitində funksional sistemlərini əvəz edərək daha geniş vəzifələri yerinə yetirməyə, məsələn rabitə ötürücüsü kimi istifadə olunmasına imkan yaradırdı.



"CH-1" və "CH-2" raket start sürətləndiricisi vasitəsilə buraxılır

Taktiki "CH-3"

Digər bir xarici müştərinin tələblərinə cavab vermək üçün üçüncü nəsil "CH-3" PUA- larının hazırlanmasına, "CH-2"nin istehsalına başlandıqdan dərhal sonra başlandı. Əvvəlki illərdəki tədqiqat işləri zamanı əldə edilən təcrübə və idarəetmə bacarıqlarından istifadə edən "Flight Vehicle Division" mühəndisləri müştəri tələblərini və məqsədlərini aydın şəkildə müəyyən edərək, qısa bir zamanda xüsusi prototipi yaratmaqla ümumi istehsal dövrünü azaltmağa nail oldular.

2005-ci ilin sentyabrında layihə qrupu təxminən 600 kq kütləyə sahib radikal şəkildə dəyişdirilən model üzərində dayandı. Güllə formalı füzelyaj modulunun ön tərəfində sensor stansiyası və üfiqi pərlər bərkidilirdi. Arxa tərəfdə isə qanadlar və müxtəlif raketlər daşıya bilən asqılar yerləşdirildi. Təklif edilən konseptdə avtomatik qalxma və enmə sistemi ilə yanaşı yığıla bilən burun və sabit arxa təkərlər təklif edildi.

Bu konfiqurasiya ilə yeni sistem 2006-cı ilin martında dizayn təhlilindən keçdi və yalnız altı ay sonra layihələndirmə mərhələsinə daxil oldu. Artıq dekabr ayında prototip yer sınaqlarına, 2007-ci ilin fevralında isə ilk uçuş sınaqlarına başladı.


Taktiki "CH-3" PUA-ları Myanma və Pakistan da daxil olmaqla bir sıra ölkələrə verilib

Şirkətin məlumatına görə, "CH-3" seriya platforması 650 kq maksimum kütləyə, 8 metr qanad arası məsafəyə və 180 kq faydalı yük tutumuna malikdir. Arxa tərəfdə quraşdırılan porşenli mühərrik 3 pərli vinti hərəkət etdirərək aparata 180-220 km/saat kreyser və 260 km/saat maksimum sürət toplamağa imkan verir. Optimal fəaliyyət hündürlüyü 3000-5000 metr, maksimum 6000 metr, fasiləsiz uçuş müddəti isə 112 saatdır. Birbaşa görüntü sahəsində fəaliyyət radiusu 200 km-dir. "CH-3" CASC tərəfindən istehsal edilən ilk zərbə tipli PUA oldu. Onun üçün xüsusi olaraq lazer tuşlama sistemli "AR-1" tank əleyhinə raketlər hazırlandı.

Raket üzərində iş 2006-ci ildə başlandı. CASC əlli illik aerodinamik tədqiqat təcrübəsinə, Çin ordusu üçün taktiki və strateji raketlərin istehsalında iştirak etməsinə baxmayaraq, öz raket sistemlərinin hazırlanmasına ilk dəfə başlayırdı.

Nəticədə "AR-1" raketini layihələndirən qrup, xarici təcrübədən və Çin komponentlərinin təchizatından istifadə etmək məcburiyyətində qaldı. 2007-ci ilin aprelində raketin prototip dizaynı tamamlandı. 2008-ci ilin aprel ayında reallaşan raketlərin ilk sınaqları müvəffəqiyyətsizliklə nəticələnsə də şirkət bu proqramın həyata keçirilməsində böyük mühəndis təcrübəsi əldə etdi. Növbəti üç ildə davam edən tədqiqatlar 2011-ci ildə raketın uğurlu sınaqlarına, sonda isə kütləvi istehsalı üçün yolun açılmasına səbəb oldu.


Xüsusi olaraq "CH" ailəsi üçün hazırlanan lazer tuşlama sistemli "AR-1" yüksək dəqiqlikli raketlər

Rəsmi sənədlərdə "AR-1" raketlərinin, 8 km məsafədə zirehli vasitələri və binaları məhv etməyə imkan verən ətalətli naviqasiya və yarımaktiv özütuşlanan lazer başlıqla təchiz olunduğu bildirilir. Raket 1.1 Max sayı sürətə malikdir, 10 kq çəkidə qəlpəli fuqas və ya zirehdələn döyüş başlığı daşıyır. Raketə atəşdən öncə və sonra hədəfləri ələ keçirmək üçün yeni sistem inteqrasiya edilib. Maksimum atəş məsafəsində dəqiqlik və ya dairəvi yayınma ehtimalı 1.5 metrə bərabərdir.

CAAA Akademiyasının və Çinın Geologiya, Geodeziya və Xəritəçəkmə Xidmətinin birgə səyləri nəticəsində "CH-3" PUA-sının mülki bir versiyası hazırlandı. Bu, ölkənin geoloji kəşfiyyat sahəsində artan tələbatını ödəmək üçün vacib layihə idi. Yaradılan PUA-nın ilkin olaraq illik 500 min kv. km, perspektivdə isə 3 milyon kv. km ərazinin üzərindən uçaraq kəşfiyyat aparması nəzərdə tutulurdu. 2012-ci ildə geoloji xidmətin sifarişinə əsasən ucuz və təhlükəsiz geoloji kəşfiyyat platformasının inkişaf etdirilməsi üçün proqrama start verildi.

Bu məqsədlə 2013-cü ildə 80-120 metrlik aşağı hündürlükdə uçan, ərazinin qeyri-bərabər hündürlüyünü nəzərə alan və müxtəlif kameralarla təchiz edilərək modernləşdirilən "CH-3" platforması seçildi.

SAAA mühəndisləri, 5 m/s küləyin təsirinə tab gətirən və uçuş kursu istiqamətindən 20 metr yayınmada belə maksimum idarəolunan platformanı hazırladılar.

"CH-3" prototipi 2013-cü ildə Heilongjiang əyalətində sınaqdan keçirildi. Bu zaman PUA müvəffəqiyyətlə 80 m sabit yüksəklikdən 200 km² çətin ərazinin çəkilişlərini həyata keçirdi. Sonrakı ildə uçuşu idarəetmə sistemlərinin dizaynını optimallaşdırmaq üçün işlər aparıldı. Sintszyan əyalətinin dağlıq bölgələrində, PUA 33 uçuşda 25000 km ərazinin çəkilişlərini yerinə yetirdi.

Şirkət nümayəndəsinin sözlərinə görə, 2017-ci ilin iyul-noyabr ayları ərzində iki ədəd "CH-3" PUA-sı mütəxəssis qrupu ilə Afrika ölkələrindən birində geofiziki kəşfiyyat həyata keçirib. Bu müddət ərzində onlar 170 uçuşda 800 saatdan çox vaxt keçiriblər. Ümumi uçuş məsafəsi 150 min kilometr olub.




Yenilənən "CH-4" zərbə PUA-sı yəhərvari burun hissəsinə görə fərqlənir. Çinin şimal şərqində aparılan döyüş atışlı sınaqlar

MALE sinifindən PUA-ların hazırlanması

CASC mühəndisləri bir neçə ildir ki, ABŞ-ın "General Atomics Aeronautical System" şirkətinin MALE (medium-altitude long-endurance - orta hündürlük, uzaq məsafə) sinfindən olan MQ-1 "Predator" və MQ-9 "Reaper" layihələrinin həm Əfqanıstandakı, həm də İraqdakı fəaliyyətlərini yaxından təqib edir. "İsrail Aerospace Industries" (IAI) tərəfindən hazırlanan "Heron-1" də diqqətlə izlənilən pilotsuz uçan vasitələrdəndir.

Şirkətin operatorlar vasitəsilə uzaq məsafədən uzunmüddətli müşahidə aparmaq və hədəflərə zərbə endirmək imkanına malik olan platformanın yaratmaq niyyəti dördüncü nəsil "CH-4" layihəsində həyata keçirildi. SAAA şirkətinə görə, ilkin dizayn işlərinə 2010-ci ilin martında başlandı və 9 nəfərlik mühəndis qrupu iyul- noyabr ayları ərzində 2600 insan/saat sərf edərək gələcək layihə üçün 1400 çertjoj hazırladı.

"CH-4" möhkəmliyini artırmaq və kütləni azaltmaq üçün inkişaf etmiş kompozit materiallardan hazırlanan, füzelyaj ətrafında bərkidilən uzun qanadlı, tipik orta ölçülü PUA-dır. Füzelyaja yığılan 3 dayaqlı şassi, orta hissədə qanadlar, arxa tərəfdə isə mühərrik və V-formalı quyruq pərləri bərkidilib. Prototipin ilk uçuşu 2011-ci ilin sentyabrında baş tutub, seriya istehsalı isə 2014-cü ildə başlayıb.

İraq və Səudiyyə Ərəbistanı da daxil olmaqla, Yaxın Şərqin bir neçə ölkələri tərəfindən alınan "CH-4" zərbə PUA-sının maksimum kütləsi 1330 kq, daşıdığı faydalı yükün çəkisi isə 345 kq-dır. Karbon lifinə əsaslanan kompozit materiallardan hazırlanan korpusun uzunluğu 8.5 metr, qanadlarının uzunluğu isə 18 metrdir. Bu materiallar platformanın ümumi kütləsini və radara görünmə səviyyəsini azaltdı.

Hazırda PUA 100 at gücünə malik porşenli mühərriklə 180 km/saat kreyser və 235 km/saat maksimal sürət toplaya bilir. Maksimum uçuş müddəti isə 40 saata qədərdir. Bir qayda olaraq, öz vəzifələrini 3000-5000 metr hündürlükdə yerinə yetirir, baxmayaraq ki, 7000 metrədək yüksəkliklərdə də fəaliyyət göstərə bilər.

"CH-4" zərbə PAUA-larının baza modelləri bir qayda olaraq 250 km məsafədə fəaliyyət göstərən rabitə kanalı ilə təchiz olunur. Lakin, son illərdə şirkət onun 2000 km məsafədə fəaliyyət üçün imkan verən peyk kanalı ilə təminatını nəzərdən keçirir. "CH-4" PUA-sının peyk rabitə kanalı ilə təchiz edilən modelini, genişləndirilən burun hissəsində yerləşdirilən 70 sm diametrində olan anten və modem bloku ilə asanlıqla fərqləndirmək mümkündür.


CASC mühəndisləri, iki ədəd "CH-4" PUA-sını şimal-qərbi Çində uçuş sınaqları üçün hazırlayır

SAAA mühəndisləri "CH-4" platformasının uğurlu inkişaf və ixrac satışları fonunda daha böyük, daha funksional MALE səviyyəli platformanı inkişaf etdirməyə başlayıb. 2015-ci ilin avqustunda Qansu əyalətinin şimal-şərqindəki aerodromdan havalanan "CH-5" PUA-sının ilk prototipi təxminən 20 dəqiqə davam edən ilk uçuşunu həyata keçirdi.

(Ardı var...)
Yazı Aleks Alekseyevin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   PUA   CH  


Bizi "telegram"da izləyin