M1916-lardan "Bazuka"lara: ABŞ piyadalarının tank əleyhinə vasitələri – ARAŞDIRMA (I Yazı)

2018/06/123123_1529656013.jpg
Oxunub: 3224     16:11     22 İyun 2018    
ABŞ ordusunun II Dünya Müharibəsinin başlanmasına qədər ixtisaslaşdırılan tank əleyhinə silahı yox idi. Düşmən tankları ilə mübarizə əksəriyyəti köhnə olan səhra artilleriyasına həvalə edilirdi.

Zirehli vasitələrlə mübarizə sahəsində, istehkam qurğularını və atəş nöqtələrini məhv edərək hücum edən piyada bölmələrinə artilleriya dəstəyi vermək üçün yaradılan köhnə 37-mm M1916 piyada hücum topundan istifadə etmək planlaşdırılırdı. Bu silah Birinci Dünya Müharibəsi dövründə istehkam qurğuları və pulemyotlarla mübarizə aparmaq üçün Fransada yaradılan 37 mm "Puteaux" xəndək topunun ABŞ versiyası hesab edilirdi. Silah 100 kq-dan ağır çəkiyə malik idi. Lülə və lülə qutusu - 40 kq, üçayaqlı dayaq hissəsi - 40 kq, digər hissələr - 28 kq idi. Sığınacaqlara qarşı effektiv atəş məsafəsi 1200 m olan top dəqiqədə 15 atəş aça bilirdi.

560 qram ağırlığında küt və qalın başlıqlı zirehdələn mərmi 400 m/s sürət ilə taxta lövhələr arasında 50 sm-dən çox sıxlaşdırılan torpağa nüfuz edə bilirdi.


37mm M1916 piyada topu

Mərminin polad zirehə qarşı xüsusiyyətləri məlum deyil. Lakin 200 m məsafədə 15 mm zirehə qarşı təsirli olduğu düşünülür. İstənilən halda, ötən əsrin 30-cu illərində, 37-mm piyada topu gələcək tanklara qarşı səmərəli olmaq iqtidarında deyildi.

1940-cı ilə qədər alayların tank əleyhinə bölmələrdə yalnız iri çaplı 12.7-mm "Browning M2NV" pulemyotları mövcud idi. Üçayaqlı və hava soyutma sistemli pulemyotun piyadalar üçün versiyası 1933-cü ildə xidmətə qəbul edildi. 30-cu illərdə bir çox ölkələr yüngül tanklara sahib olduqlarından "Browning" ağır pulemyotu dövlətlərin silahlı qüvvələrində kifayət qədər effektiv silah hesab olunurdu. Xüsusiyyətləri, .50 BMG (12,7 × 99 mm) sursatına 20-300 m məsafədə yüngül tankların frontal zirehinə nüfuz etməyə imkan verirdi.

1931-ci ildə silahlanmaya qəbul edilən bərk karbon polad içliyə sahib 48.6 qr ağırlığında M1 mərmisi 810 m/s ilkin sürətlə 250 m məsafədən 20 mm zirehə, 100 m məsafədən atəş zamanı isə 25 mm zirehə nüfuz edə bilirdi.

Qeyd etmək lazımdır ki, SSRİ-nin T-26 və Polşanın 7TP tanklarının əsasında hazırlanan 6 tonluq Britaniyanın "Vickers Mk E" tanklarının ön zireh qalınlığı 16 mm-dən çox deyildi.


12.7 mm "Browning M2NV" pulemyotu atəş mövqeyində

12.7 mm "Browning M2NV" pulemyotu yüngül zirehli vasitələrlə mübarizə ilə yanaşı uzaq məsafədən düşmənin canlı qüvvəsinə qarşı da çox uğurlu istifadə edilə bilirdi. Lakin 20 kq-dan çox dayaq və 38.2 kq korpus çəkisi olan pulemyotun sökülü vəziyyətdə belə uzaq məsafəyə daşınması asan deyildi.

30-cu illərdə tabor və bölük səviyyəsini "Browning M2NV" pulemyotu bazasında daha yüngül tank əleyhinə silah yaradaraq təmin etmək qərara alındı. İlk növbədə atıcı silahlar üçün artıq çəkinin aradan qaldırılması üçün cəhd etdilər. Tank əleyhinə tüfəng qısa lülə gedişi hesabına avtomatlaşdırılma prinsipini miras olaraq qəbul etdi. Silahın kilidlənməsi lülənin mövqeyindən asılı olaraq, bir şaquli istiqamətdə hərəkət edən tıxac ilə həyata keçirilir. Geri təpməni azaltmaq üçün sərt yaylı qundaqdan istifadə edildi.

Silahdan atəş dayaqlara söykənərək aparılırdı. Silahın əsas hissələri eyni qaldığından çəkidə ciddi dəyişiklik baş vermədi. Tək-tək atəş açmaq üçün tapança dəstəyi tipində olan modeldən istifadə edildi. Silahın mərmi təchizatı standart lentadan istifadə edərək həyata keçirilirdi. Tuşlama dioptik nişangah vasitəsilə həyata keçirilirdi. Yeni silahın boş çəkisi 34 kq idi, yəni 12.7 mm "Browning M2NV" pulemyotunun dayaqsız çəkisi ilə eyni çəkidə idi.


Əslində, bu, yalnız tək-tək atəş aça bilən, dayağa sahib iri çaplı pulemyot idi. Sınaqlar üçün, müxtəlif dizayn və lülə uzunluğunda bir neçə prototiplər yaradıldı, onların hamısı çox böyük və ağır alındı. Avtomatik əməliyyat sisteminin etibarlılığından şikayət olmamasına baxmayaraq, ordu komandanlığı bu nümunəni silahlanmaya qəbulunu məqsədəuyğun hesab etmədi. Silahın ölçüləri və çəkisi onun mobil imkanlarını məhdudlaşdırırdı, zirehə nüfuz etmə xüsusiyyətləri isə yalnız yüngül tanklara qarşı mübarizə aparmağa imkan verirdi. Bundan əlavə, silah kifayət qədər bahalı idi, 1940-cı ildə kütləvi istehsalda onun dəyəri ən azı 600 dollar gözlənilirdi.

ABŞ ordusu həmin ildə ədədi 85 dollar olan M1 "Garand" tüfənglərini aldı. İngiltərənin 13.97 mm-lik "Boys" tank əleyhinə silahı ilə keçirilən təcrübələrin nəticələri də ABŞ hərbçilərini təmin etmədi. Bir neçə yüz 13.97 mm-lik "Boys" tank əleyhinə silahı dəniz piyada korpusunun silahlanmasına verildi, lakin 100 m məsafədə 25 mm zirehə nüfuz etmək artıq əlavə zirehə malik tanklarla mübarizədə etibarlı vasitə hesab edilə bilməzdi.

Amerikalı piyada əsgərinə sadə, ucuz və kütləvi tank əleyhinə silahlar tələb olunurdu. İkinci Dünya Müharibəsi başlamazdan qısa müddət əvvəl M7 qəlpəli tüfəng qumbarası silahlanmaya qəbul edildi. Xüsusi 22 mm-lik adapter vasitəsilə M7 adını alan qumbara tufəngin lüləsinə bərkidilirdi. Qumbara bir minaatan mərmisinə bənzəyirdi. 1942-ci ildə kumulyativ döyüş başlığı ilə M9 tank əleyhinə tüfəng qumbarasının istehsalına başlandı.


M9 tank əleyhinə tüfəng qumbarasının M7 qumbaraatan adapteri ilə maketi

51 mm korpus diametrinə və 590 qr kütləyə malik olan bir qumbara 119 qr pentolitə sahib idi. Lakin qoşunlara tədarükü başladıqdan az sonra məlum oldu ki, qumbaranın başlığı heç də həmişə etibarlı və təhlükəsiz deyil. Bununla əlaqədar olaraq, qumbaranı modernləşdirib qoruyucu və balistik qapaq ilə təchiz etdilər. Sonra isə onu M9A1 adlandırdılar.

M1 "Garand" və "Springfield M1903" tüfənglərindən 45° altında atəş açarkən 250 m uçan qumbara 55 m/s ilkin sürət əldə edirdi, lakin effektiv zireh dəlmə məsafəsi 70 m idi. Hədəfə dəyən M9A1 qumbarası 50 metr məsafədə belə alman tanklarının daxilinə nüfuz edə bilmirdi. Buna baxmayaraq, 1945-ci ilin avqustuna qədər 2,5 milyon ədəd M9 və M9A1 qumbarası istehsal edilərək yüngül zirehli Yaponiya tankları əleyhinə çox uğurla istifadə olundu. Əvvəlcə, ABŞ ordusunun hər bir manqasında bir qumbaraatan nəzərdə tutulurdu, lakin 1944-cü ildə bu rəqəm 2-3 nəfərə qədər artırıldı. Dəniz piyada korpusunun Sakit okean adalarına desant çıxararkən atıcıların 25% ağız adapterləri ilə təchiz edilən tüfəng ilə silahlanırdı. Müharibədən sonra ABŞ-ın M1 "Garand" tüfəngləri ilə bərabər M7 qumbaraatanları da M9A1 qumbaraları birlikdə ABŞ-ın müttəfiq ölkələrinə verilməyə başladı. Koreya və Cənub-Şərqi Asiyadakı müharibə zamanı bu silahlardan əhəmiyyətli miqdarda Şimali Koreya qüvvələri, Çin Xalq Könüllüləri və Vyetnam partizanları tərəfindən ələ keçirildi.


M9A1 qumbarası tank əleyhinə çox effektiv deyildi, lakin zirehli personal daşıyıcıları, zirehli kəşfiyyat nəqliyyat vasitələri və yük maşınlarını zəmanətli şəkildə məhv edirdilər.

Hesablamalar göstərir ki, kumulyativ qumbara ilə orta tankın ön zirehinə nüfuz etmək üçün kalibri 57-60 mm qədər artırmaq və ən azı 200 qram güclü partlayıcıdan istifadə etmək lazımdır. Nəticədə, başlığı 220 qr pentolitdən ibarət olan 1500 qr çəkidə 60 mm-lik M10 tüfəng qumbarası yaradıldı. Düz bucaq altında hədəfə dəyən qumbara 90 mm zirehə nüfuz edə bilirdi. Lakin tezliklə məlum oldu ki, atıcının təhlükəsizliyi məsələlərində problemlər yaranır, bu səbədən qumbaranı tüfəngdən pulemyot bazasına keçirməyə qərar verdilər. Bu məqsədlə 12.7 mm M2NV pulemyot üçün boş mərmi və xüsusi başlıq hazırlandı. Lakin həddindən artıq təpmə qüvvəsi silahın etibarlılığına, atəş məsafəsinə və dəqiqliyinə mənfi təsir etdi.

Artıq qeyd edildiyi kimi, iri çaplı pulemyot kifayət qədər ağır və bahalı silah idi. Ondan 100 m məsafəyə tank əleyhinə qumbara atmaq isə məqsədəuyğun deyildi. Bu baxımdan təhlükəsiz şəkildə M10 qumbarasının başlığını hədəfə çatdırmağa imkan verəcək xüsusi silahın hazırlanmasına qərar verildi.

30-ci illərin sonunda ABŞ-da geri təpməyən silahı təcrübədən keçirdilər. Mərmi aşağı ilkin uçuş sürətinə və fuqas tipli partlayıcı döyüş başlığına sahib olduğundan məqbul zirehə nüfuzetməyə nail ola bilmədi. 1942-ci ildə, kapitan Lesli A. Skinner və leytenant Edvard Q. Yul tərkibində 75 qr azot sellüloza barıtı olan M10 qumbarasının kumulyativ döyüş başlığına reaktiv mühərrik uyğunlaşdırmağı bacardı. Yeni silah rəsmən "2,36-inch Anti-Tank Rocket launcher M1", yəni 2,36 düyümlük tank əleyhinə M1 qumbaraatanı" , qeyri-rəsmi isə nəhəng trombon komediya ustası və caz musiqiçisi Bob Bernsin şərəfinə "Bazuka" adlandırıldı.

M1 reaktiv tank əleyhinə qumbaraatanı hər iki tərəfdən açıq, uzunluğu 1370 mm olan hamar divarlı polad borudan, elektrik atəşləmə qurğusundan, qoruyucu mexanizmdən və çiyin dayaqlı qundaqdan ibarət idi. Tank əleyhinə qumbaraatanın reaktiv mühərrikinin elektrik atəşləməsi iki quru batareyadan qidalanırdı. Elektrik atıcı qurğunun strukturu indikator lampadan, naqildən və qoruyucu rolunu oynayan elektrik açarından ibarət idi. "Bazuka"nın əldə saxlanılması üçün orta hissəsinin altında tapança dəstəyi və daşınması üçün əlavə olaraq lülənin ön hissəsinin aşağısında yardımçı dəstək nəzərdə tutulurdu.


60 mm M1 tank əleyhinə qumbaraatan ilə amerikalı əsgər

"Bazuka"dan atəş açmaq üçün M6 reaktiv qumbaraları hazırlandı. Onun uzunluğu 540 mm, çəkisi isə 1550 qr idi. Raketin ilk variantında burun hissəsi axımlı formada idi və pərli sabitləşdirici ilə təchiz olunurdu. + 20° C temperaturda reaktiv qumbara 83 m/s sürətlə uçurdu. Nişangah isə 183 m məsafəyə hesablanıb. Təlim məqsədilə M7A1 reaktiv qumbarasının inert döyüş başlıqlı modelindən istifadə edilirdi. Döyüş və inert qumbaraların çəki və ballistikasını eyni səviyyədə qorumaq üçün tək partlayıcını metal yayla əvəz edirdilər. Təlim qumbaraları tamamilə qara rəngə boyanırdı.


M6 reaktiv qumbarası

8 kq ağırlığında qumbaraatandan atəşi bir əsgər açırdı, lakin silahın doldurulması olduqca mürəkkəb idi. Bunun üçün silahın qoruyucusu "SAFE" vəziyyətinə keçirilirdi. Əsgər bir əli ilə yaylı düyməni sıxırdı, digər əli ilə qumbaranın qoruyucusunu çıxararaq lüləyə yerləşdirirdi və yaylı düyməni sabitləşdiricinin kəsiyinə keçməsi üçün buraxırdı. Ən sonda silahın qoruyucusu "FİRE" vəziyyətinə keçirilirdi.


"Bazuka"nın doldurulması başa çatdıqdan sonra, heyətin ikinci üzvü atəş zamanı silah arxasında formalaşan təhlükə zonasını tərk edir, eləcə də orada digər əsgər, alışqan maddələrin və sursat yoxluğuna əmin olur. Qumbaraatan arxasında təhlükəli zona 25 m idi. Tez-tez barıt lülədə natamam yandığına görə baş verən yanıqların qarşısını almaq üçün heyətlər əlcəkdən və filtrsiz əleyhqazlardan istifadə etmək məcburiyyətində qalırdı. Yaxşı təlim keçən heyət dəqiqədə 10 atəş aça bilirdi. Doldurma və atəş bir əsgər tərəfindən həyata keçirildikdə atəş tezliyi üç dəfə azalırdı.


M6 xüsusi çanta və ya M1 minaatan gödəkçələrindən istifadə edərək iki nəfərlik "Bazuka" heyəti doqquz ədəd 60 mm reaktiv qumbara daşımalı idi. Adətən atıcı 2-3 ədəd, doldurucu isə 6 ədəd qumbara götürüdü. 1942-ci ilin noyabrın 8-də "Bazuka" qumbaraatanının ilk dəfə döyüşdə istifadəsi Şimali Afrikada keçirilən "Fakel" desant əməliyyatı zamanı baş verdi. Lakin, onların geniş şəkildə tanınması 1943-cü ilin yazında baş verdi. Tunisdə qumbaraatanlar Alman və İtalyan orta tanklarını inamla məhv etdilər. 110 m məsafədə atəş dəqiqliyi qənaətbəxş idi və təlimli qumbaraatan heyəti güclü yan küləyi olmadığı halda tankı ön tərəfdən məhv edə bilirdi.


Amerikalı piyadalar, çatışmamazlıqları olsa da, həqiqətən səmərəli və effektiv tank əleyhinə silaha sahib oldu. Reaktiv raketin elektrik sxemi çox narazılıqlara səbəb oldu. Quru batareyalar ən uyğun olmayan anda, xüsusilə rütubətli havada boşalırdı. Heyətlər uzun borunun daşınmasının da narahat olduğunu qeyd edirdilər. İsti havada raketlərin erkən seriyaları lülənin partlamasına, soyuqda isə barıtın tamamilə yanıb qurtarmadığına görə heyətə təsir edirdi. Qısası havanın temperaturu reaktiv mühərrik yanacağının yanma sürətinə çox güclü təsir edirdi. Sabitləşdiricilər asan deformasiyaya uğrayırdılar, bu isə qumbaraların atəş dəqiqliyinə təsir edirdi. Bundan başqa, qumbaranın axımlı başlığı rikoşetə meylli olduğu üçün hədəfi məhv etmə ehtimalını da aşağı salırdı.

Lakin yeni silahın müsbət cəhətləri mənfi cəhətlərindən daha üstün idi. ABŞ sənayesi aşağı dəyərə və sadə dizayna malik ilk modifikasiyalı 112790 qumbaraatan istehsal etdi. 1943-cü ilin sonunda, hər piyada bölüyünün ağır silahların idarəetmə taqımında üç ədəd "Bazuka" qumbaraatanı mövcud idi.

Hər piyada manqasında iki nəfər qumbaraatandan istifadə edəbilən əsgər olmalı idi. Tank əleyhinə qumbaraatanlar ağır silahlar taqımından bölmələrə zəruri hallarda verilirdi. Digər 7 ədəd "Bazuka" taborun ağır silahlar bölüyündə, 8 ədəd isə qərargah bölüyündə mövcud idi. Beləliklə piyada taborun şəxsi heyəti düşmən tanklarına qarşı 24 ədəd qumbaraatandan istifadə edilə bilərdi. Digər hissələrdə bu silahlara sahib oldular. Məsələn, 1943-cü ilin martında 105 mm və ya 155-mm haubitsalı artilleriya divizionlarının hər biri 40 ədəd "Bazuka" aldı. 1944-cü ilin yazında isə Avropada yerləşən ABŞ əsgərləri kifayət qədər qumbaraatanlara sahib oldular ki, bu da hərbi əməliyyatların gedişinə təsir etdi.

1943-ci ilin iyulunda M1A1 qumbaraatanı və M6A1 təkmilləşdirilən reaktiv qumbarası silahlanmaya qəbul edildi. Sərt yanacaqın tərkibinin dəyişdirilməsi hesabına daha sabit yanma sürəti əldə edildi. Etibarlılığı artırmaq üçün elektrik kabelinin dizaynı da dəyişdi. M1A1 qumbarası eyni uzunluğu qoruyarkən çəkisini 1,2 kq azaltdı. Lülə açılmalarının qarşısı alındı. Heyəti barıt qazlarının təsirindən qorumaq üçün lülənin ön kəsiyində diametrdən iki dəfə böyük metal ekran qoruyucu quraşdırıldı.

ABŞ ordusuna M1A1 qumbaraatanlarının kütləvi təchizatı Normandiyaya desant çıxarılması zamanı başlandı. Cəmi 59932 ədəd M1A1 modifikasiyalı qumbaraatan istehsal edildi. 1943-cü ildə İtaliyada döyüşlər zamanı məlum oldu ki, "Bazuka" ağır alman tanklarının ön zirehinə nüfuz edə bilmir. Bundan başqa, almanlar "Pz.Kpfw.IV" orta tanklarını, özüyeriyən artilleriya qurğularını və onların əsasında istehsal edilən son zirehli texnikaları fəal şəkildə kumulyativ qumbaralar əleyhinə ekranlarla təchiz etməyə başladı. Bu səbəbdən hərbçilər yeni qumbaraatan silahların və səmərəli kumulyativ qumbaraların hazırlanmasına başladılar.

1944-cü ilin yazında M9 qumbaraatanının ilk nümunələri Avropada fəaliyyət göstərən döyüş bölmələrinə daxil oldu. M1 modifikasiyalarına nisbətən M1A1 silahının döyüş və texniki xüsusiyyətləri əhəmiyyətli dərəcədə təkmilləşdirildi. Rəsmi olaraq "2.36 düymlük Rocket Launcher M9" olaraq adlandırılan modeldə, əvvəlki nümunələrin əsas çatışmazlıqlarının aradan qaldırılmasına cəd edildi. Yeni qumbaraatan qismən yüngül ərintidən hazırlandığı üçün kütləni artırmadan lüləni 1550 mm-ə qədər uzatmaq mümkün oldu. İqlim faktorlarına görə etibarsız və həssas olan batareyalar, tapança dəstəyində quraşdırılan daha etibarlı induksiya generatoru ilə əvəz edilib. Dəstəyin sol tərəfində əlverişli və rahat qoruyucunun keçidi yerləşdirilib.

Taxta çiyin qundağı yüngül alüminiumdan olan çərçivə tipli dayaq ilə əvəzləndi və qoruyucu ekran yerinə geniş boru əlavə edildi. Qoruyucu ekrandan imtina edilməsi reaktiv mühərrik yanacağının tamamilə lülədə yanmasını təmin etmək məqsədilə atılan addım idi. Sadə mexanik nişanalma qurğusu əvəzinə gövdənin solunda 46-540 m məsafədə göstəriciləri olan optik nişangah yerləşdirildi.


M9 qumbaraatanının optik nişangahı

Bununla belə, qumbaraatanın effektiv atəş məsafəsi əvvəlki versiyalarda olduğu kimi qaldı. Maksimum 540 metr məsafədə yalnız böyük ərazi hədəflərini atəşə tutmaq mümkün idi.


M9 qumbaraatanı ilə atıcı

1944-cü ilin iyununda hava desant bölmələri üçün lülənin arxa hissəsi, gücləndirilən M9A1 qumbaraatanının sökülə bilən modelinin yaradılması nəticəsində mümkün oldu. Gücləndirmədən sonra silahın kütləsi 7,2 kq oldu. Silahlı Qüvvələr cəmi 26087 ədəd M9 və 27781 ədəd M9A1 qumbaraatanı qəbul etdi.


M1A1 və M9 qumbaraatanları sökülü vəziyyətdə

Qumbaraatanın yaxşılaşdırılması ilə yanaşı, sursatlar da təkmilləşdirilirdi. M6A1 və M6A2 reaktiv qumbaraları elektrik partlayıcısının dəyişdirilən sxeminə və daha güclü quyruq pərlərinə malik oldu. 1944-cü ilin sonunda köklü vəziyyətdə təkmilləşdirilən M6A3 kumulyativ qumbaraların istehsalına başlandı. Yeni qumbara əvvəlki nümunələrdən çox fərqlənirdi.


M6A3 Reaktiv qumbarası

Rikoşet ehtimalını azaltmaq üçün baş hissəni oval şəklinə saldılar. Bir çox tənqidə səbəb olan pər tipli stabilizatoru yükləmə zamanı daha sabit və rahat silindrik formaya saldılar. M6A3 qumbarasının döyüş başlığı 230 qr pentolitdən ibarət idi və raket mühərriki 65 qr barıt ilə təchiz olunurdu. Partlayıcının yükünün artması nəticəsində zirehə nüfüz etmə dərinliyi 100 mm-ə qədər yüksəldi. Qumbaranın uzunluğu 475 mm, kütləsi isə 1530 qr oldu. Barıt yükünün alışmasından sonra qumbara lüləni 85 m/s sürətlə tərk edirdi. Effektiv atəş məsafəsi 110 m olaraq qaldı. "Bazuka"lardan tez-tez küçə döyüşlərində canlı qüvvəyə və uzun müddətli atəş nöqtələrinə qarşı istifadə edildiyindən sursat nomenklaturasını genişləndirmək lazım idi. M1A1, M9 və M9A1 qumbaraatanları üçün qəlpəli, ağ fosfor tərkibli yandırıcı, eləcə də təyyarə və artilleriyaya hədəf göstərmək üçün nəzərdə tutulan qırmızı, sarı, bənövşəyi və yaşıl rəngli tüstü buraxan sursatların istehsalına başlandı.


1944-cü ilin payızında Fransanın cənub rayonlarında mübarizə aparan ABŞ desant qüvvələri, M9A1 qumbaraatanını döyüşdə sınaqdan keçirərək onun döyüş səmərəliliyini və istifadə rahatlığını bildirirdilər. Artıq 1945-ci ilin ilk aylarında M9 və M9A1 "Bazuka" silahları piyada və desant bölmələrindən M1 və M1A1 qumbaraatanlarını tamamilə sıxışdırdı. Eyni zamanda, M1 və M1A1 qumbaraatanları müharibə başa çatana qədər idarəetmə, təchizat və texniki xidmət bölmələrində istifadə edildi.

1945-ci ilin mayında 60-mm "Bazuka"nın son modifikasiyası olan M18-in seriya istehsalı başladı. Yalnız 500 nüsxədə buraxılan bu nümunədə gövdənin arxa hissəsinin hazırlanmasında daha da dayanıqlı alüminium ərintisindən istifadə edildi. Bu, silahın çəkisinin 2 kiloqramdan çox azalmasına və nəmli tropik iqlimdə korroziya müqavimətinin artmasına səbəb oldu. Xarici görünüşünə görə, M18 sələfindən lülə sonundakı konusvari lülə uzantısına, optik nişangahın rezin gözlüyünə və qoruyucu qapağına görə fərqlənirdi.

Ayrıca olaraq, "Bazuka"nın döyüşdə tətbiqinə nəzər salmağa da dəyər. Normandiyada müttəfiqlərin desant çıxarmasından sonra, alman tankları ilə mübarizənin əsas yükü, ABŞ və Britaniya döyüş təyyarələrinin üzərinə düşdü. Müttəfiqlərin hava üstünlüyü şəraitində, alman tankları heç də həmişə cəbhə xəttinə çatmağı bacarmırdı. Alman zirehli vasitələri döyüş meydanında görünən kimi 90-mm top ilə silahlanan M10 "Wolverine" tank əleyhinə özüyeriyən artilleriya qurğuları, qoşquda dartılan tank əleyhinə 57 və 76-mm M1 və M5 topları dərhal müqavimət göstərirdi. Buna görə, ABŞ piyadalarının mövqelərində alman tankları nadir hallarda görünürdü. Lakin ABŞ əsgərlərinin çox sayda "Bazuka" ilə təchizatı (1944-cü ilin yayında piyada diviziyasında ən azı 557 ədəd tank əleyhinə qumbaraatan mövcud idi) onların tanklara qarşı istifadə faktlarına şərait yaradırdı.

60 mm çaplı qumbaraatanlar döyüşlərdə özlərini tamamilə doğrultdu. M9 və M9A1 modellərində induksiyalı elektrik start sistemi tətbiq edildikdən sonra qumbaraatanlar olduqca etibarlı silaha çevrildilər. Lakin hətta M6A3 qumbarası ilə də ağır "Tiqr" və "Panter" alman tanklarına yalnız yan tərəflərdən nüfuz edilə bilirdi.

Eyni zamanda, "Bazuka" müharibənin sonuna qədər ən böyük alman tankları olan "Panzerkampfwagen IV"lərin 80 mm ön zirehini məhv edə bilirdi.

Sakit okean teatrında, "Bazuka"nın qumbaraları asanlıqla istənilən Yaponiya tankını dəlirdi. İmperator Ordusunun tank birlikləri az idi və onlar dağınıq şəkildə istifadə edilirdi. Bundan əlavə, sıx bitki örtüyü qumbaraatan heyətlərinin yaxşı maskalanmasına və xəncər məsafəsindən atəş açmasına imkan verirdi.

Lakin, yaponlarla döyüşdə M9 tipli qumbaraatanlar zirehli vasitələrdən çox düşmənin canlı qüvvəsini məhv etmək üçün istifadə olunurdu. Düşmənlərin ələ keçirdiyi bir neçə yüz amerikalı qumbaraatan alman əsgərlər tərəfindən istifadə edilirdi. Almaniyada "Bazuka" qurğuları ilə tanışlıqdan sonra "Offenrohr" və "Panzerschreck" reaktiv qumbaraatanları yaradıldı. M1A1 qumbaraatanının bir nümunəsi də Macarıstanda M.44 markası ilə hazırlanıb.


ABŞ hərbi qulluqçusu M1A1 və Almaniyanın "Panzerschreck" qumbaraatanları ilə. Praktiki olaraq eyni uzunluqdadır, lakin kalibrdə əhəmiyyətli fərq var.

1944-cü ilin ortalarında Yaponiyada "Tip 4" kimi tanınan analoq qəbul edildi. "Bazuka"dan fərqli olaraq yapon qumbaraatanında mexaniki zərbə mexanizmindən istifadə edildi, qumbaranın trayektoriya boynca sabitləşməsi isə çəp istiqamətli dəliklərdən itələyici qazların keçməsi nəticəsində əmələ gələn fırlanma nəticəsində əldə edilir. Fırlanma zamanı mərkəzdənqaçma qüvvəsi kumulyativ kütləni ətrafa səpələdiyi üçün zireh dəlmə dərinliyi 60 mm keçmir ki, bu da M4 "Sherman" tanklarının ön zirehinə nüfuzu təmin etmək üçün kifayət deyildi.

ABŞ mənbələrinin məlumatlarına görə, 1943-cü ildə SSRİ-yə ilk seriyalı 3000 ədəd M1 qumbaraatanı və 8500 ədəd raket göndərilib. Sovet mütəxəssisləri silahın qeyri-mükəmməl elektrik sisteminə görə etibarlı olmadığını qeyd ediblər.

-10° C-dən aşağı olan temperaturda, elektrik batareyası çox qısa müddətə yetərli olurdu. Ola bilər ki, "Lend-Lease" əsasında SSRİ-yə verilən "Bazuka"lar sovet- alman cəbhəsində istifadə edilib. Lakin bunu sübut edəcək məlumatları tapmaq mümkün olmadı.

Sovet İttifaqından başqa "Bazuka" modelləri Böyük Britaniya və Çinə də verilib. Onlar almanlarla döyüşən fransız bölmələrinə də çatdırılıb. İkinci Dünya müharibəsindən sonra "Bazuka"ların son modelləri ABŞ meylli ölkələrin ordularında istifadə olundu. Müharibədən sonrakı dövrdə "Bazuka" ifadəsi tank əleyhinə qumbaraatan sözü ilə sinonimə çevrildi. İkinci Dünya Müharibəsi zamanı yaradılan ABŞ reaktiv qumbaraatanı dünyada geniş yayılaraq 70-ci illərin sonuna qədər istifadə edildi.

İkinci Dünya Müharibəsindən sonra M9A1 və M18 qumbaraatanlarından kütləvi istifadə edildiyi növbəti müharibə Koreya yarımadasında oldu. ABŞ tarixçiləri hərbi əməliyyatların ilkin mərhələsindədə ABŞ və Cənubi Koreya qoşunlarının hərbi uğursuzluqlarına haqq qazandırmaq üçün Sovet T-34-85 orta tanklarına qarşı 60 mm qumbaraatanların gücsüzlüyünü vurğulayırlar. Bu silahların uğurla "PzKpfw IV" orta Alman tanklarına və "Tiqr"lərə qarşı mübarizədə 80 mm-lik ön zirehə nüfuz etməsi fonunda bu bəyanatlar ciddi səslənmir.

Bundan başqa, 1945-ci ildə 120 mm homogen zirehə nüfuz edən M6AZ/S qumbarasının istehsalına başlanılıb. Məlum olduğu kimi, T-34-85 tankının gövdəsinin ön zirehi 45 mm idi. Ön zireh meylının 45° bucaq altında olduğunu nəzərə alarsaq, onun düz bucaq altında 60 mm homogen zirehə ekvivalent olduğunu hesab etmək olar. M6A3 qumbaralarının partlayıcılarının etibarlı fəaliyyəti nəticəsində T-34 tanklarının zirehi rahat bir şəkildə dəlinməli idi. Buna sübut kimi Çin Ordusunun trofey "Bazuka"lar ilə 56° meyl ilə 51 mm ön zirehə sahib ABŞ-ın "Sherman" tanklarının ön zirehinə nüfuz edə bilirdilər. Bundan başqa, ABŞ-ın M26 "Pershing" ağır tankları da bəzi hallarda T-34-85 tankları əleyhinə effektiv olmayan qumbaraatanlara qarşı həssaslıq göstərirdi. M26 "Pershing" tankları 46° meyl bucağı ilə 102 mm-lik ön zirehə, 76 mm-lik isə yan zirehə sahib idi.


Koreyada məhv edilən ağır ABŞ tankı M26 "Pershing"

Aydındır ki, burada məsələ 60 mm zirehə nüfuzetmənin az və ya çox olmasından asılı deyil, sadəcə münaqişənin ilkin dövründə ABŞ və Cənubi Koreya əsgərləri yaxşı motivasiya olunan rəqib ilə mübarizəyə hazır deyildi.


M9A1 və M20 qumbaraatanları ilə amerikalı hərbi qulluqçu

Rəsmi olaraq, ABŞ Ordusunda 60 mm M9A1 və M18 qumbaraatanlar "səmərəsiz" və "köhnə" hesab edilməsinə baxmayaraq, onlardan 1953-cü ildə atəşkəs elan olunana qədər münaqişənin bütün tərəfləri fəal şəkildə istifadə etdi.

Lakin tezliklə müharibə uzandı və ərazi tanklardan istifadə üçün çətinlik yaratdığı üçün qumbaraatanlar tez-tez atəş nöqtələrini məhv etmək üçün istifadə edildi. Bu baxımdan, daha yüngül və kompakt M9A1 və M18 qumbaraatanları 88.9-mm M20 silahlarından müəyyən üstünlüyünə sahib idi. Uzun müddətli atəş nöqtəsinə 60 mm-lik bir silah ilə effektiv atış məsafəsinə qədər yaxınlaşmaq daha asan idi.


T-34 tankları ilə tanışlıqdan sonra Koreyada yerləşən ABŞ hərbi kontingentinin sərəncamına 88.9-mm M20 qumbaraatanları göndərildi. 1950-ci ilin iyul ayının sonunda, ilk M20 silahları ABŞ-dan olan təlimatçılarla birlikdə havadan endirildi. "Super Bazuka" kimi tanınan 88.9-mm qumbaraatanın 1945-ci ildə silahlanmaya qəbul edilməsinə baxmayaraq, hərbi əməliyyatların dayandırılması, anbarlarda və qoşunlarda çox böyük sayda 60 mm "Bazuka" ehtiyatlarının olması səbəbindən onun kütləvi istehsalına yalnız 1950-ci ildə başlandı.


Müdafiə mövqeyində 88.9 mm-lik M20B1 qumbaraatanı

Kalibrinin böyüməsi ilə əlaqədar olaraq, zirehdəlmə və effektiv atəş məsafəsi əhəmiyyətli dərəcədə artdı. Eyni zamanda, M9A1 ilə müqayisədə atəş tezliyi dərəcəsi iki dəfə azaldı və dəqiqədə 4-5 atəşə bərabər oldu.


88.9 mm M20 qumbaraatanı döyüş vəziyyətində 11 kq, səfər vəziyyətində isə 6.8 kq çəkiyə malik idi. Döyüş vəzifələrə istifadə rahatlığı üçün hündürlüyü tənzimlənən dayaq, əlavə dəstək və çiyin qundağı ilə təchiz edilən qumbaraatanın qoruyucu örtüyü və atəş zərbə mexanizminin ölçüləri böyüdülərək isti əlcəklərdə belə silahdan rahat istifadə etməyə imkan verirdi.


88.9 mm-lik "Super-Bazuka" qumbaraatanı səfər vəziyyətində

"Super Bazuka"nın, uzunluğu 1524 mm olan lüləsinin çəkisini azaltmaq üçün alüminium ərintisindən istifadə edilib və hər biri 762 mm uzunluğunda iki hissədən ibarətdir. Lülənin ön və arxa hissələrinin çəkisi modellərə görə fərqlənirdi. M20A1 və M20A1B1 yüngül modellərində bu göstəricilər müvafiq olaraq 2 və 4,4 kq, 1,8 və 4,1 kq idi. Yüngül versiyalı M20A1 (çəkisi 6,4 kq) və M20A1B1 (çəkisi 5,9 kq) qumbaraatanlar Koreya müharibəsindən sonra ortaya çıxdı. Silah kütləsinin azaldılması əsasən dayaqlardan imtina ilə əldə edildi.


"Super-Bazuka"nın heyəti atəş mövqeyində

"Super Bazuka"dan atəş açmaq üçün bir neçə növ qumbara yaradıldı: kumulyativ, tüstü və inert başlıqlı təlim qumbaraları. 88.9 mm M28A2 kumulyativ qumbaranın 4080 qram çəkisinin 850 qramı "Composition B" (64/36 nisbətində TNT ilə RDX – qeksogen qarışığı) partlayıcı tərkibindən ibarətdir. Bu isə ABŞ piyadalarına 280 mm nüfuzetmə ilə həm T-34, həm də T-54 tanklarına qarşı səmərəli mübarizə aparmaq imkanı verirdi.

Döyüş başlığında partlayıcının TNT ekvivalentində miqdarının 1 kq olması M28A2 qumbaralarının istehkam qurğularına və canlı qüvvəyə qarşı istifadəsinə də imkan verirdi. Reaktiv yükün temperaturundan asılı olaraq qumbaranın başlanğıc sürəti 103-108 m/s bərabər idi. Ərazi tipli hədəflər 800 m-ə qədər məsafədə atəş açıla bilərdi.


M28A2 reaktiv qumbarası

Kumulyativ sursatdan başqa sursat dəstinə 1060 qr ağ fosfor tərkibli T127E3/M30 WP "tüstü" qumbaraları daxildir. Rəsmi olaraq, bu sursatların əsas məqsədi duman pərdələrinin yaradılması və hədəf göstərmək idi. Döyüş başlığının partlaması nəticəsində yanan ağ fosfor 20 metr radiusa yayılırdı və qumbaranı yandırıcı vasitəyə çevirirdi.

Tank əleyhinə və fosfor qumbaralarda M404A1 və ya M404A2 partlayıcılarından istifadə edilirdi. Təlim qumbaralarının döyüş başlığı gipslə doldurulurdu. Çəkisinə, ballistikasına və ölçülərinə görə M29A2 döyüş qumbaralarından fərqlənmirdi. Bütün qumbaralar 598 mm-lik eyni uzunluğa malik idi.

Lakin, iki nəfər heyətin daşıması nəzərdə tutulan qumbaraatan heyətinin, 88.9-mm qumbaralarının çəki və qabaaritlərinin artması səbəbilə daşıyacaqları sursat sayı dördə qədər azaldı. Sursat dəstinin artırılması məqsədilə əlavə iki nəfər "sursat daşıyan" təyin edildi. 6 ədəd sursat yerləşən əlavə çantalar sifariş edildi. Yükün çəkisi 27 kq idi. Lakin praktikada, əsgərlər minimum yük götürməyə üstünlük verirdilər, ehtiyat sursatlar arxa çəbhənin təminat bölmələri tərəfindən çatdırılırdı.


M20 qumbaraatanlar ailəsi normal istismar və döyüş xüsusiyyətlərinə görə daha geniş yayıldı. Koreya müharibəsi zamanı, ABŞ ordusunun piyada manqalarının hər birinə bir ədəd "Super Bazuka" verildi. 1953-cü ildə ABŞ piyada diviziyasında 465, Cənubi Koreya ordusunun diviziyasında isə 258 "Super Bazuka" var idi. ABŞ dəniz piyada korpusunda isə 88.9-mm qumbaraatanlarla atıcı bölüklərin silah taqımlarının hücum seksiyaları təmin olunurdu. Seksiyanın hər birində üç nəfər olmaqla 6 qumbaraatan heyəti mövcud idi. 1960-cı illərin əvvəllərində hər dəniz piyada alayının silahlanmasında 98 ədəd M20A1B1 qumbaraatanı yerləşdirildi.


ABŞ Ordusunun müntəzəm bölmələrində "Super Bazuka" 60-cı illərin ortalarına qədər, Milli Qvardiyada isə 70-ci illərin əvvəllərinə qədər istifadə edildi. 88.9-mm tank əleyhinə qumbaraatanlar fəal şəkildə müttəfiqlərə də ötürülürdü və rəsmən 40-dan çox ölkənin salahlanmasında yer alırdı. Avstriya, İspaniya və Yaponiyada qumbaraatanın görünüşü dəyişdirilən formaları istehsal edildi. 50-ci illərin ortalarında M20 istehsalı Çində yaradıldı. Lisenziyasız Çin variantı "Tip 54" kimi tanınır. 60 illərdə 88.9-mm tank əleyhinə qumbaraatanların istehsalı Kubada da həyata keçirilib. "Super Bazuka"nın Çin və Kuba surətləri Afrika, Asiya və Latın Amerikasındakı üsyançılar tərəfindən geniş şəkildə istifadə edilib.


Çin istehsalı olan "Tip 54" qumbaraatanları Vyetnam partizanları arasında da kifayət qədər məşhur olub. 60-cı illərdə vyetnamlıların sərəncamında Sovetlərin RPQ-2, 70-ci illərin əvvəllərində isə təkmilləşdirilən RPQ-7 qumbaraatanları mövcud olsa da, Çinin "Tip 54" və trofey M20A1V1 qumbaraatanlarından müharibənin sonuna qədər istifadə etdilər. Ötən əsrin 70-ci illərinin ortalarına qədər ABŞ-ın 60 mm və 88.9 mm qumbaraatanları və onların klonları piyada bölmələrinin ən kütləvi tank əleyhinə silahı hesab edilirdi. Əksər ölkələrdə silahlanmadan çıxarılmasına baxmayaraq, hələ də "Super Bazuka" qumbaraatanı "üçüncü dünya" ölkələrinin və bəzi nizamsız silahlı birləşmələrin arsenallarında yer alır.

(Ardı var...)
Yazı Sergey Linnikin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tank-əleyhinə-vasitələr  


Bizi "telegram"da izləyin