XİN nümayəndəsi: "Cəbhədə kəndlərimizin atəşə məruz qalması davam edir"

2018/05/345345_1525761095.jpg
Oxunub: 1494     14:29     08 May 2018    
"Təmas xətti boyunca Azərbaycan kəndlərinin atəşə məruz qalması mütəmadi olaraq davam edir. Bunlar tək hərbçilərə qarşı deyil, həm də mülki vətəndaşlara istiqamətlənib".

Ordu.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Xarici İşlər Nazirliyinin əməkdaşı, səfir Kamil Xasıyev bildirib.

Səfir, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycan torpaqlarının işğalının pislənilməsini, ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olunmasını vurğulayıb.

"BMT Baş Assambleyası da bu məsələ ilə bağlı 3 sənəd qəbul edib. Bundan başqa, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, GUAM da eyni mövqedədir. Beynəlxalq ictimaiyyətin rəyinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları azad etməyib, bu torpaqlarda hərbi gücünü saxlayır, o torpaqlardan qovulmuş yüz minlərlə azərbaycanlının torpaqlarına qayıtmasının qarşısını alır. Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur. Bununla yanaşı, təmas xətti boyunca Azərbaycan kəndlərinin atəşə məruz qalması mütəmadi olaraq davam edir. Bunlar tək hərbçilərə qarşı deyil, həm də mülki vətəndaşlara istiqamətlənib. 2016-cı ilin aprel ayında bu cür təxribatlar törədilib, yaşayış məntəqləri atəşə məruz qalıb və xeyli ev dağıdılıb. Bu hadisələr zamanı bir neçə mülki vətəndaş ölüb".

Səfir qeyd edib ki, Suriyadakı ermənilər qanunsuz olaraq Qarabağa köçürülür və bütün bunlar münaqişənin uzadılmasına xidmət edir.

"Avropa Birliyi (AB) Suriya ermənilərinin Dağlıq Qarabağ ərazisinə deyil, Ermənistanın öz ərazilərinə köçürülməsini dəstəkləməlidir".

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal  


Bizi "telegram"da izləyin