Hər iki ölkənin, Ukrayna və Rusiyanın müdafiə sənayesi şirkətləri arasında hind silah bazarları (dünya bazarının 12%-ni tutur) uğrunda qarşıdurma daha da sürətlənir.
Rusiyanın müdafiə sənayesinin etibarsızlığını və Qərbin tətbiq etdiyi sanksiyaların mənfi nəticələrini nəzərə alan Hindistan, silah təchizatını diversifikasiya etməyə imkanlar axtarır, buna görə də daha çox müqavilələr NATO ölkələri ilə imzalanır.
Hindistan üçün mühüm tərəfdaş Ukraynadır. Hindistanın bütün Silahlı Qüvvələrində böyük paya sahib olan Sovet hərbi texnikasının təmiri və müasirləşdirilməsində əsas aksent Ukraynaya edilir. Bu tendensiya Donbas müharibəsindən sonra Rusiya və Ukrayna arasında texniki əməkdaşlığa xitam verilməsi ilə əlaqədar Moskvanın Dehli qarşısında müqavilələrin çox hissəsini yerinə yetirə bilməməsi ilə bağlıdır.
Bu isə Rusiyanı narahat edə bilməz. Hindistan bazarında mövqelərin zəifləməsi təkcə çox faydalı müqavilələrin itirilməsi deyil, həm də son dərəcə mühüm bir bölgədə geosiyasi təsirin itirilməsidir. Birləşmiş Ştatların mövqelərini möhkəmləndirmək şansından faydalanacağı qaçılmazdır.
Ukrayna-Hindistan hərbi-texniki əməkdaşlığına vurulan ziyanlara baxmayaraq, Kiyev hind silah bazarında iştirakını artırır. Bu gün Hindistan və Ukrayna arasında təxminən 400 müqavilə icra edilir.
Əməkdaşlığın perspektivli sahələrinə hind tank və zirehli vasitələrinin modernləşdirilməsi, onların idarəolunan raketlər ilə təchiz edilməsi, RLS və HHM vasitələrinin yenilənməsi, HHQ-də olan təyyarə və helikopterlərin servis xidməti, müxtəlif gəmilərin və sualtı qayıqların dizayn və istehsalı, onların ehtiyat hissələrinin təchizatı və birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi daxildir.
Rusiyanın Çin və Pakistanla yaxınlaşmasını nəzərə alan Hindistan güclü bir xarici müttəfiq axtarır və ABŞ bu rolda getdikcə daha çox fəallıq göstərir. Bu məsələdə, Cənubi Çin dənizi regionunda qüvvələr balansının dəyişməsində Çinin fəal siyasət katalizatoruna çevrilməsi də nəzərə alınır.
ABŞ-Hindistan yaxınlaşmasının əsas vasitələrindən biri hərbi-texniki əməkdaşlıq mexanizmi oldu. 2011-ci ildən ABŞ bu bazarda öz maraqlarını uğurla həyata keçirərək, Rusiya Federasiyasından sonra Hindistan ordusu üçün ikinci ən böyük silah təchizatçısına çevrilib. Hindistan və ABŞ arasında hərbi-texniki əməkdaşlığın əsas sənədi 2012-ci ildə qəbul edilən Müdafiə Texnologiyaları və Ticarət Təşəbbüsü (DTTI) adlı sənəddir. 2008-ci ildən ABŞ və Hindistan arasında hərbi-texniki əməkdaşlıq həcmi təxminən 1 milyard dollar idisə, hazırda bu rəqəm 15 milyard dollara qədər artıb.
Bu əməkdaşlığın inkişaf etdirilməsinə hazırlıq barədə bəyanat ABŞ-ın müdafiə naziri Ceyms Mettisin Hindistana etdiyi son səfəri zamanı səsləndirilib. Danışıqlardan sonra Hindistanın müdafiə naziri Nirmala Sitaraman da bu tezisi təsdiqlədi.
Buna baxmayaraq, hind bazarının Rusiya tərəfindən itirilməsi barədə danışmaq hələ tezdir. Hindistan Silahlı Qüvvələri tərəfindən istifadə edilən Sovet və Rusiya silahlarının əhəmiyyətli payını nəzərə alarsaq, Rusiyanın hələ uzun müddət Hindistanın əsas tərəfdaşı olacağını görərik, o cümlədən tədricən bu bazarda payını itirəcəyi də gözləniləndir.
Bu baxımdan, Ukraynanın ABŞ-Hindistan əməkdaşlığına cəlb edilməsi, Rusiyanın Hindistandan çıxarılması prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Bu gün Rusiya müdafiə sahəsində yeni tərəfdaşların axtarışında çox məhdud imkanlara malikdir, Çin ilə əməkdaşlığın qaçılmaz azalması fonunda, Hindistan Rusiya müdafiə sənayesi üçün əsas maliyyə donoruna çevrilir.
Moskva tərəfindən Hindistan bazarının itirilməsi Rusiya Federasiyasının yeni silah hazırlamaq və istehsal etmək qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu isə ABŞ və Ukraynanın maraqlarına cavab verir.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az