Ordu.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi bu il iyunun birində qüvvəyə minəcək.
Qanuna görə, yeni hərbi ehtiyat sisteminin iki tərkib hissəsi olacaq: aktiv ehtiyat və səfərbərlik hissəsi. Aktiv ehtiyat 3 alt hissədən ibarətdir: silahlı qüvvələr, ərazi və ixtisaslaşdırılmış ehtiyatlar.
Silahlı qüvvələr ehtiyatı keçmiş qulluqçulardan və hüquq-mühafizə zabitlərindən təşkil olunacaq. Bu, silahlı qüvvələrə dəstək və gücləndirməklə yanaşı, ehtiyatların cəld hazırlığını təmin edəcək.
Ərazi ehtiyatı Milli Qvardiya nəzdində formalaşdırılacaq və silahlı qüvvələrin öz ərazisində olan hissələrinə dəstək verəcək.
İxtisaslaşdırılmış ehtiyat isə yüksək bacarıqlı mütəxəssislərdən ibarət olacaq və silahlı qüvvələrə xüsusi tapşırıqlarda yardım göstərəcək.
Aktiv ehtiyat könüllü formada işəgötürmə kimi 5 illik ödənişli müqavilə əsasında 18-65 yaş arası şəxslərdən təşkil olunacaq. Aktiv ehtiyat üzvlərinə aylıq olaraq öz hərbi dərəcələrinin maaşlarının 20%-i dəyərində, xidmət zamanı isə tam məbləğdə məvacib ödəniləcək.
Səfərbərlik ehtiyatı isə müharibə zamanı və fövqəladə hallarda silahlı qüvvələri dəstək üçün formalaşdırılacaq. Səfərbərlik nəzdində qulluq icbari olacaq və 18-60 yaş arası şəxslərdən təşkil olunacaq.
Ağalar Ağalarlı
Ordu.az