Çinin qeyri-kinetik "kozır"ları: SDQ barədə məlumatlar niyə gizli saxlanılır? – ARAŞDIRMA (FOTOLAR)

2017/12/1514166791_noak345345_4542611508.jpg
Oxunub: 685     20:08     25 Dekabr 2017    
2015-ci ilin dekabr ayının sonunda Çin Xalq Azadlıq Ordusunun tərkibində Strateji Dəstək Qüvvələri (bəzən Strateji Dəstək Qoşunları da adlandırılır-red.) yaradıldı. İki il keçməsinə baxmayaraq, bu hərbi qurum haqqında çox az məlumat var, Pekin SDQ haqqında məlumatları gizli saxlayır. Bu qoşunların üzərinə kosmik kəşfiyyatın aparılması, eləcə də kiberməkanda fəaliyyət həyata keçirilməsi vəzifələrinin qoyulduğu ehtimal olunur. Lakin strukturu və vəzifələri haqqında heç bir ətraflı və dəqiq məlumat yoxdur.

Strateji Dəstək Qüvvələri Çin ordusunun ən yeni qoşun növüdür. ÇXAO-nun SDQ, kosmosda və kiberməkanda potensial rəqiblər üzərində üstünlük əldə etməsi üçün yaradılıb. Onların əsas vəzifələri: kosmosda kəşfiyyatın təşkili və aparılması; kəşfiyyat peyklərindən, eləcə də radiolokasiya və optik- elektron kəşfiyyat vasitələrindən daxil olan informasiyanın toplanması, təhlili və emalı; "Baidou" Milli peyk radionaviqasiya sisteminin, erkən strateji xəbərdarlıq və kosmik məkana nəzarət sisteminin idarə olunması və kiberməkanda müxtəlif əməliyyatların həyata keçirilməsindən ibarətdir.


PLA Strateji Dəstək Qüvvələrinin fərqlənmə nişanı

Bu təyinatlar, hərbi ekspertlərin gəldiyi ortaq qənaətə əsaslanır. Rəsmi Pekin dəfələrlə vurğulayıb ki, "stels" texnologiyası elementləri ilə inşa olunan silahlar, o cümlədən dəqiq, uzun mənzilli, ağıllı və insansız silahların yayılması ölkə üçün potensial təhlükə törədir. Çində kosmos və kiberməkanın gələcəkdə həlledici döyüş sahələrinə çevriləcəyini iddia edirlər. Bundan əlavə, Pekin hərbi sahədə informasiya texnologiyalarının inteqrasiya prosesini daim sürətləndirir. Bu baxımdan SDQ-nin yaradılması yeni dövrün çağırışlarına cavabdır.

Strateji Dəstək Qüvvələrinin fəaliyyəti məxfidir. Eyni zamanda, ölkənin 4 və ya 5 hərbi təşkilatını bir qurumda birləşdirərək , onu dəniz və hava qüvvələri ilə eyni səviyyəyə qaldırmaqla, Çin hökumətinin qeyri-kinetik müharibə aparılmasının mümkünlüyünə çox ciddi yanaşdığını ifadə edir. Çin, ABŞ kimi güclü rəqiblə müharibədə qeyri-kinetik silahları özünün əsas "kozır" kartı hesab edir.

Çin Silahlı Qüvvələrinin Strateji Dəstək Qüvvələrinin strukturuna elektronika, kəşfiyyat , informasiya, kiberməkan və kosmosda üstünlük saxlaya biləcək qurumlar daxil edilib. Bu qüvvələr doğrudan ÇXAO-nun Baş Qərargahına deyil, ÇXR-in Mərkəzi Komitəsinin Hərbi Şurasına tabedir. Bunlarla yanaşı hərbi münaqişə vəziyyətində SDQ və yerli Çin ordusunun bölmələri ilə qarşılıqlı əlaqələrin qurulması bəzi suallar yaradır.


Çin SDQ-nin vasitəsilə daha yüksək hərbi texnologiyalardan - süni intellektdən müasir silahlara qədər- elektron mübarizə sahəsində və kiberməkanda fəal istifadə edəcək. SDQ ölkənin kiberməkanda döyüş qabiliyyətinin yüksəlməsinə xidmət edir. Onların böyük verilənlər (Big data-red.) bazası gələcəkdə bu sahədə üstünlük əldə etməyə imkan verəcək. "Böyük data" ilə bağlı onun geniş mənada bilavasitə məlumatların kütləvi təhlili üçün texniki imkanları olan sosial-iqtisadi fenomen olduğu deyilir. ÇXAO-nın SDQ ilə əməkdaşlıq edən İnformasiya Texnologiyaları Universitetinin tədqiqatçıları genişmiqyaslı kiber hücumlara qarşı qorunma üçün süni intellekt imkanlarından istifadə etmək üçün tədqiqatlar aparırlar.

Çinli mütəxəssislər "elektron mübarizənin idrakı" və süni intellektdən istifadə edərək, müharibə zonasına daxil olan zaman təyyarə və digər silah sistemləri vasitəsilə bütün mövcud elektron təhlükələri qısa zamanda müəyyən edərək, onlara qarşı səmərəli mübarizə üsulunu təyin etmək üçün çalışırlar. Həmçinin, Çin hərbçiləri hər hansı bir radio-texniki siqnalın daha tez və effektiv izlənilməsinə imkan verəcək layihələri maliyyələşdirir.

ÇXR-nin artan hərbi gücünü seyr edən analitiklər SDQ-dən çox söz edir və bu qoşunlar haqqında çox az məlumatın olduğunu xüsusilə qeyd edirlər.
Strateji Dəstək Qüvvələri ilə bağlı ən ətraflı məlumat ABŞ və ÇXR arasında hərbi və iqtisadi əlaqələrin qiymətləndirilməsi üzrə Komissiyanın illik hesabatında verilib. 2015-ci ilin dekabrında, yarandığı vaxtdan SDQ-nin informasiya və elektronika, eləcə də kosmik, kiberməkanda əməliyyatlar həyata keçirməyə başladığı vurğulanır.


Çin Xalq Azadlıq Ordusunun Baş qərargahı 2015-ci ilin islahatları zamanı yenidən təşkil edilərək radio və radiotexniki kəşfiyyat xidməti (Baş qərargahın üçüncü departamenti) və radioelektron mübarizə xidməti SDQ-nin tərkibinə daxil oldu. Hesabata görə, hərbi kəşfiyyat xidməti də (Baş Qərargahın dördüncü departamenti) yeni qurumun tərkibinə daxil edilib. Hərbi kəşfiyyat xidməti məlumat toplayır, emal və təhlil edir, hərbi kəşfiyyatı həyata keçirir, və xüsusi əməliyyatlar aparır. Görünür, hazırda SDQ Çin Silahlı Qüvvələrinin maraqlarında hərbi kəşfiyyat və "informasiya müharibəsi"ni həyata keçirir, o cümlədən bu sahədə digər qoşun növləri ilə bütün sahələrdə sıx əməkdaşlıq edir.

ABŞ kəşfiyyatının rəsmiləri, ÇXAO-nun Baş qərargahının ikinci və üçüncü departamentlərinin ABŞ şirkətləri və dövlət orqanlarına kiberhücumların həyata keçirilməsinə cəlb olunduqlarına inanırlar. 2014-cü ilin may ayında ABŞ Ədliyyə nazirliyi ÇXAO-nun üçüncü departamenti ilə əlaqəli olan 5 hakerə qarşı ittiham irəli sürdü. Eyni zamanda, SDQ-nin irəliləyən müasir silahların, o cümlədən yönəldilən enerji silahlarının yaradılmasında iştirak etdiyinə inanırlar. Mümkün kibermüharibədə onlar kəşfiyyat, müdafiə və hücum əməliyyatlarında iştirak edə, fəal potensial ehtimal olunan düşmənin şəbəkələrinə aktiv müdaxilə edə bilərlər.

Pentaqon analitikləri Strateji Dəstək Qüvvələrinin müharibə ehtimalı anında hücum əməliyyatları həyata keçirə və kosmik qruplaşmanın mühəndis təminatına dəstək verə biləcəyini açıqlayıblar. Bu tədbirlər dəqiq yerləşmə, dayanıqlı rabitə və naviqasiya sayəsində mümkün olacaq. SDQ həmçinin ballistik raketlərin və kosmik vasitələrinin buraxılışının izlənilməsi də daxil olmaqla, kosmosda kəşfiyyat və müşahidə ilə məşğul olacaq.

SDQ-nin hücum imkanlarına üç növdə peyk əleyhinə raket, eləcə də yerüstü idarəolunan enerji silahı daxildir. Çin ordusunun düşmən peyklərinə yaxınlaşaraq zərər verə biləcəyi peykləri olduğu düşünülür. ÇXR bu cür peyklərlə bağlı altı sınaq keçirib. Amerika tərəfinin məlumatına görə, SDQ-nin əsas vəzifəsi Çin Xalq Respublikasının və Çin sahillərinə yaxın ərazilərdə düşmən (əsasən ABŞ ordusu) qüvvələrilə mübarizədə onların hərəkət və manevr imkanlarını məhdudlaşdırmaqdan və Çin qoşunlarına dəstək təmin etməkdən ibarətdir. ABŞ-Çin hərbi və iqtisadi əlaqələrin qiymətləndirilməsi Komissiyasının üzvləri, Pekinin SDQ ilə hərbi gücünü artıraraq, Hind-Sakit okean regionunda ABŞ-a qarşı daha səmərəli qarşılıq verə biləcəyi barədə ortaq fikrə gəliblər.

Silahlı Qüvvələrinin bir hissəsi olan, SDQ vasitəsilə rəsmi Pekin gələcək döyüşlərdə qələbə üçün vacib olacaq "informasiya üstünlüyünü" qazanmaq fikrindədir.


ABŞ Hərbi Dəniz Qüvvələrinin birinci dərəcəli kapitanı, ABŞ Sakit okean Donanmasının kəşfiyyatının keçmiş rəhbəri Cames Fanelli qeyd edib ki, SDQ-nin fəaliyyəti haqqında hələ çox az məlumat mövcuddur və onların bütün fəaliyyətləri sirr pərdəsinə bükülüb. Si Szinpin iki il əvvəl ÇXAO-na SDQ-ni yaratdı, bu gün isə onlar Çin ordusunun qeyri-kinetik müdafiə və hücum əməliyyatlarını dəstəkləyirlər və eyni zamanda kölgədə qalmağı bacarırlar. Spektrlər üzrə olan peyklər və radar stansiyaları ÇXR-yə imkan verir ki, dəniz sahillərini daha effektiv nəzarət edə bilsin. SDQ-nin mütəxəsislərinin kiber müharibəyə inteqrasiya edilməsi Çin ordusunun döyüş qabiliyyətini hər gün artırır.

Çin Xalq Respublikasının Strateji Dəstək Qüvvələri tərəfindən kiber təhlükələrə qarşı müdafiə olunmaq Vaşinqton və onun müttəfiqləri üçün çətin olacaq. Eyni zamanda, onlar özləri SDQ-dən qorunmaq üçün daha mükəmməl kiberhücum silahları yaradaraq onu inkişaf etdirə bilərlər. Cames Fanelli Pentaqon büdcəsinin Çindən mövcud kiber təhdidlərə qarşı mübarizə xərclərini təmin etməli olduğu fikrindədir.

ABŞ-da ənənəvi olaraq Rusiya Federasiyasının və Çinin kiberhücum imkanlarını çox yüksək qiymətləndirirlər. Bu problemlə bağlı xəbərlər müntəzəm olaraq informasiya məkanında görünür. Məsələn, 2017-ci ilin noyabrın 30-da Nümayəndələr Palatasında dinləmələrdə çıxışı zamanı Daxili Təhlükəsizlik naziri əvəzi Elayn Dyuk "Rusiya və Çindən gələn kiber təhlükələr" haqqında fikirlərini dilə gətirdi.

Onun sözlərinə görə, bu təhlükəni on ballıq sistemdə 7-8 balla qiymətləndirmədə göstərmək olar.

2017-ci ildə ABŞ Milli Kəşfiyyat direktoru Ceyms Klepper Konqresdə çıxış edərkən Çinin ABŞ-a qarşı kiber casusluq hərəkətlərinə ara vermədiyinə işarə etdi. Onun sözlərinə görə, Pekin tərəfdən kiber casusluq fəaliyyətində bir az azalma olmasına baxmayaraq, aparılan fəaliyyətlər bu günə qədər də davam edir. Ceyms Klepperin Konqresinə dəvət olunmasının səbəbi, 22 milyon həssas məlumat daşıyan faylların çinlilər tərəfindən ələ keçirilməsi haqqında yayılan xəbərlər idi.


Sovet İttifaqının dağılması Çin böyük strategiyasının prioritetlərini əhəmiyyətli dərəcədə dəyişdi. İndi Çini qitənin yüksək hazırlıqlı quru qoşunlarının işğalı təhdid etmir, buna görə də strateji planlaşdırmanın əsas diqqəti dənizə doğru istiqamətlənib. Əsasən Tayvan və ABŞ diqqət mərkəzindədir. Pekin, Taybey ilə arasındakı hər hansı bir ciddi qarşıdurmada Vaşinqtonun müdaxilə edəcəyi ehtimalını nəzərə almaya bilməz. Belə bir müdaxilənin qarşısını almaq üçün Çin, həqiqətən, "dolayı hərəkət strategiyası" nın milli versiyasına üstünlük verir. Bu strategiyada güc əsasən diplomatiyaya tabe edilir və ehtimal olunan düşməni məhv etməkdən çox onu hərbi əməliyyatlardan çəkindirməyə hesablanır.

ABŞ ilə rəqabət edə biləcək okeanda hərbi dəniz donanmasını tez bir zamanda qura bilməyən Çin digər silah və müharibə sistemlərinə üstünlük verməyə məcbur idi.

Xüsusilə, sahillərdə güclü havadan müdafiə sisteminin qurulması, donanma, qeyri-nüvə başlıqlı çoxsaylı qanadlı və ballistik raketlərin hazırlanması və yerləşdirilməsi Sakit okean zonasında çoxsaylı "ağcaqanad" donanmasının yaradılması, Çinə Sakit okean qərbindəki bütün ABŞ bazalarını hücum altında saxlamağa və Tayvan akvatoriyasında ABŞ-ın manevr imkanlarını məhdudlaşdırmağa imkan verir. SDQ-nin digər mübarizə üsullarına və fərqli silahların yaradılmasına üstünlük verməsi özünü tamamilə doğruldur.

SDQ-nin yaradılması və güclü kiber nəhəng olmaq 13-cü beşillik plan (2016-2020) çərçivəsindəki Çinin planlarına uyğun gəlir. Yeni beşillik planda Çin kiberməkanda texniki nəzarət imkanlarını artırmaq, eləcə də internet idarəçiliyinin, çoxtərəfli şəffaf və demokratik beynəlxalq sistemin yaradılmasını təşviq etmək niyyətindədir. Bundan əlavə, ÇXR-in suveren onlayn məkanda rəqiblərinə qarşı mübarizəni gücləndirməsi və internetdə ictimai məkan üzərində nəzarəti artıracağı gözləniləndir.


Çin hərbi tarixçilərinin fikrincə, 2049-cu ilə qədər hazırlanan ÇXAO islahatları da informasiyaya sahəsinə böyük diqqət yetirəcək. İslahatların əsas məqsədi hərbi münaqişələrdə informasiya texnologiyalarından istifadə etməklə effektiv fəaliyyət göstərə biləcək müasir silahlı qüvvələrin yaradılmasıdır.

Onların mövcudluğu indiki mərhələdə ÇXAO-nun döyüş imkanları gücləndirmək məqsədilə silahlı qüvvələrinin müasirləşdirilməsi, informasiya və kompüterlə təmin olunması, birgə əməliyyatlar zamanı bütün qoşun növlərinin qarşılıqlı əlaqələndirilməsindən ibarətdir.

ÇXAO, davam edən hərbi islahatların əsas məqsədini uğurla bugünkü yüksək texnologiyalı müharibələrdə (yerli miqyasda) fəaliyyət göstərən və anti-terror əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirən, nüvə silahından istifadədən səmərəli şəkildə çəkindirəcək silahlı qüvvələrin yaradılmasında görür.

Çin və xarici hərbi analitiklər bu gün SDQ-nin fəaliyyətinin əsas üç istiqamətini göstərirlər: kiberməkan (düşmən kompüter şəbəkələrinə hücumlar və öz milli şəbəkə resurslarının müdafiəsi), kosmik (kosmik kəşfiyyat təminatı, naviqasiya xidməti və peyk rabitəsi), elektron istiqamət (elektron mübarizə, radiomaneələr, kəşfiyyat, naviqasiya və peyk rabitəsinin pozulmasının təmin edilməsi).

SDQ, Baş qərargah islahatlarının bir hissəsi kimi əvvələr ÇXAO tərkibində quru, hərbi dəniz və hərbi hava qüvvələrinin fəaliyyət göstərən bölmə və hərbi hissələrini öz tərkibində birləşdirdi.

Qeyd edək ki, SDQ-nin vəzifələrindən biri də sülh və müharibə dövründə Çinin siyasi və hərbi rəhbərliyini strateji məlumatlarla təmin etməkdən ibarət olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SDQ   Kiber-müharibə   Çin-ABŞ  


Bizi "telegram"da izləyin