İki gün öncə, Azərbaycanın Dövlət Müstəqilliyi Günündə, Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd edilib və bu münasibətlə hərbi parad keçirilib.
Hərbi paradda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak ediblər. Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.
Bu gün Əlahiddə Ümumqoşun Ordusunun maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, şəxsi heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı artırılır. Son 25 il ərzində Muxtar Respublikanın etibarlı müdafiə təminatı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində müxtəlif hərbi təyinatlı 214 obyekt istifadəyə verilib. Əlamətdar yubiley günündə yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi də ordu quruculuğu sahəsində görülən işlərin davamıdır. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsində, buradakı ordu hissələrinin formalaşmasında təmənnasız köməkliyinə görə qardaş Türkiyə dövlətinə, xalqına və Silahlı Qüvvələrinə hörmət və ehtiramını bildirib.
Əlahiddə Ümumqoşun Ordunun bayrağının ardınca Ordunun mexanikləşdirilmiş, motoatıcı, xüsusi təyinatlı, kəşfiyyat, dağ atıcı, tank, reaktiv artilleriya, hava hücumundan müdafiə və rabitə bölmələrinin, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki-müdafiə alayının cəlb olunan şəxsi heyəti nizami addımlarla tribunanın önündən keçiblər. Sonra isə hərbi texnikanın keçidi olub.
Üzərində tank əleyhinə idarə olunan “SPAYK” raket kompleksləri quraşdırılan “Qred Vul” avtomobilləri, “Ştorm-3” Sofa maşını, “Kobra” yüngül zirehli transportyoru, iriçaplı pulemyot quraşdırılan “Sandkat” avtomobilləri meydana daxil olub. Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan “Marauder” zirehli döyüş maşınları, “Orbiter-3B” pilotsuz uçuş aparatları tribuna önündən keçib.
Sonra dağlıq ərazidə aparılan döyüşlərdə yüksək manevrliliyi ilə seçilən “Lancer” reaktiv artilleriya kompleksi, “Sani” minaatanları, avtomobillər üzərində quraşdırılan müxtəlif markalı artilleriya qurğuları, tank əleyhinə “D-44” topu və “MT-12” topları, atəş dəqiqliyi və effektivliyinə malik “D-30” haubitsası, “D-20” və “M-46” top haubitsası, atəş uzaqlığı 35 kilometrə qədər olan “Qiasint-B” topları nümayiş edilib.
Hərbi paradda “Tornad-Q”, “Tornado-S”, “Sakarya”, “Qasırğa” yaylım atəşli reaktiv sistemləri, döyüş maşınları, idarəetmə məsafəsi və məhvetmə imkanı artırılan “OSA”, “S-125” zenit raket kompleksləri, zirehli transportyor “BTR-82A”, piyadaların döyüş maşınları PDM-2 və PDM- 3, özüyeriyən tank əleyhinə “Xrizantema” kompleksi, müasir aşkaretmə, izləmə və atəş idarəetmə cihazları ilə təchiz olunan “T-72 M1” və “T-90C” tankları, eləcə də “T-90C” tankı üzərində quraşdırılan “TOS-1A” reaktiv sistemi və özüyeriyən artilleriya qurğusu “Qvozdika” keçidi davam etdirib.
Əlahiddə Ümumqoşun Ordunun silahlanmasında olan silah və texnika kolonunu “ZQ-23-2” zenit qurğularının keçidi tamamlayıb. “Mİ-17-1V” hərbi helikopteri Azərbaycan bayrağını dalğalandırıb. “SU-25” döyüş təyyarələri, “Mİ-17-1V” və “Mİ-35M” helikopterləri müxtəlif döyüş düzülüşündə səmanı fəth ediblər. Bununla da hərbi parad başa çatıb.
Hərbi parad özlüyündə çox geniş və təntənəli mərasimdir. Müharibə vəziyyətində olan ölkəmizin, xüsusilə 25 il ərzində, blokada şəraitində müharibə aparmaq məcburiyyətində qalan Naxçıvan Muxtar Respublikasının həm ölkəmizdə, həm də dünyada istehsal olunan silah sistemlərinin son modelləri ilə təchiz olunan bir ordu ilə, hərbi parad keçirməsi çox əlamətdar və təqdirəlayiq bir hadisədir.
Hərbi paradlar adətən siyasi və hərbi məqsədləri özündə birləşdirir. Hərbi parad ilk növbədə döyüşən qoşunların, arxa cəbhənin və xalqın döyüş ruhunu yüksəltməyə, qələbəyə inamı artırmağa, düşmənə onu gələcəkdə hansı zərbələr gözlədiyi mesajını verməyə hesablanıb.
Xatırladaq ki, 1941-ci ilin noyabr ayında almanlar Moskvanın bir neçə kilometrliyində idilər. Sovet Qoşunları isə, paytaxta giriş yollarını və körpüləri minalayırdı. Bu baxımdan, vəziyyətin necə ağır və acınacaqlı olduğunu təsəvvür etmək çətin deyil. Artıq, almanlar noyabrın 7-də, Oktyabr İnqilabının ildönümü günü Moskvada qələbə keçirməklə bağlı plan da tərtib edir. Lakin, heç kim kritik bir vəziyyətdə SSRİ tərəfindən hərbi parad keçiriləcəyini ehtimal belə edə bilməzdi. Nəticədə, Sovet rəhbərliyinin qısa müddət ərzində Qızıl Meydanda hərbi parad keçirməsi İkinci Dünya müharibəsinin gedişində dönüş nöqtəsi oldu. Bu parad öz təyinatının effektivliyinə görə, dünyada ən unikal parad hesab olunur.
Bütün bunları nəzərə alaraq, Naxçıvanda keçirilən paradın da Ordu və xalqımız üçün özünəməxsus müsbət təsirlərinin olduğunu deyə bilərik. İlk növbədə, ordu və xalq hansı silahlara, texniki vasitələrə malik olduğumuzu əyani şəkildə gördü.
Bildiyimiz kimi, oktyabrın 16-da İsveçdə Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in həmsədrlərinin vasitəçiliyi ilə görüşü keçirilib. Görüşdən dərhal sonra, Serj Sarkisyan danışıqları kölgə altında qoyan bəyanatla çıxış edir.
Belə bir sərsəm bəyanatdan cəmi iki gün sonra, Naxçıvanda yerləşən 5-ci Əlahiddə Ümümqoşun Korpusunda möhtəşəm hərbi paradın keçirilməsi Ermənistan rəhbərliyinə ünvanlanmış cavabdır.
Qeyd edək ki, paradda nümayiş olunan yaylım atəşli reaktiv sistemləri həm Ermənistanın paytaxtı, həm də istənilən strateji obyekti - Metsamor AES-i, Mehri körpüsünü və s. rahatlıqla öz atəşi altında saxlama imkanlarına malikdir.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az