Qırmızı Xaç: Venesuelada zəlzələdən sonra dağıntıların miqyası ilə bağlı məlumatlar məhduddur

2026/06/1782376159.jpg
Oxunub: 220     12:22     25 İyun 2026    
Venesuelada baş verən güclü zəlzələdən sonra insan tələfatı və dağıntıların miqyası ilə bağlı rəsmi məlumatlar hələ də məhdud olaraq qalır.

Ordu.az xəbər verir ki, bu barədə Venesuela Qırmızı Xaç Cəmiyyətinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, hazırda fəlakətin humanitar nəticələrinin tam qiymətləndirilməsi prosesi davam edir.

“Hazırda humanitar nəticələrin tam miqyasının qiymətləndirilməsi davam edir. Həlak olanlar, məcburi köçkünlər və infrastruktura dəyən ziyanla bağlı rəsmi məlumatlar hələ də məhduddur”, - deyə sənəddə vurğulanıb.

Təşkilatın məlumatına görə, zəlzələ nəticəsində yaşayış və kommersiya binalarına ziyan dəyib.

Karakasın bəzi rayonlarından binaların uçması ilə bağlı məlumatlar daxil olub. Həmçinin fəlakətdən zərər çəkmiş bir sıra ərazilərdə infrastruktur obyektlərinə ciddi ziyan dəydiyi qeydə alınıb.

Bundan başqa, bəzi yaşayış məntəqələrində elektrik enerjisi və rabitə xidmətlərində fasilələr müşahidə olunur.

Qırmızı Xaç nümayəndələri sosial əhəmiyyətli infrastruktur obyektlərinin, o cümlədən hava limanlarının və xəstəxanaların ciddi zərər gördüyü barədə siqnallar aldıqlarını bildiriblər.

Eyni zamanda kommunal xidmətlərin fəaliyyətində ciddi pozuntular və bəzi yerlərdə onların tam dayanması halları qeydə alınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırmızı-Xaç   Venesuela   Zəlzələ  


Bizi "telegram"da izləyin