Ordu.az xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsi məlumat yayıb.
Məlumata görə, təxminən 6x6 metr ölçülərində olan obyekt ilk dəfə iyunun əvvəlində Skarboro laqununun giriş hissəsində aşkarlanıb. Daha sonra platforma Filippin patrul qüvvələrinin fəaliyyət göstərdiyi laqunun daxilində də müşahidə edilib.
Filippin rəsmiləri platformada insanların ola biləcəyini bildirsələr də, Çin tərəfi qurğunu müvəqqəti elmi-tədqiqat obyekti kimi təqdim edib. Hadisə diplomatik narazılığa səbəb olub. Manila Pekinə rəsmi etiraz notası təqdim edib, Tayvan isə mübahisəli dəniz zonasındakı bu fəaliyyətlə bağlı narahatlığını ifadə edib.
Müşahidəçilərin sözlərinə görə, platforma sabit mövqedə qalmayıb. O, həm Skarboro rifinin girişində, həm də rif sisteminin daxilində müşahidə olunub, daha sonra isə nəzarət zonasından itib. Skarboro rifi Luzon adasından təxminən 200 kilometr qərbdə yerləşir və regiondakı balıqçılıq sahələri ilə dəniz marşrutlarına nəzarət baxımından strateji əhəmiyyət daşıyır.
Filippin bildirir ki, Çin 2012-ci ildən etibarən ərazidə daimi sahil mühafizəsi mövcudluğu saxlayır və bununla da yerli balıqçıların fəaliyyət imkanlarını faktiki olaraq məhdudlaşdırır.
2016-cı ildə beynəlxalq arbitraj məhkəməsi Çinin bölgə üzərindəki “tarixi hüquqlar” iddialarını rədd etsə də, Pekin bu qərarı tanımayıb və patrul fəaliyyəti ilə infrastruktur layihələri vasitəsilə faktiki nəzarət siyasətini davam etdirib.
Analitiklərin fikrincə, üzən platforma Çinin hərbi baza yaratmadan nüfuzunu gücləndirmək strategiyasının bir hissəsi ola bilər.
Onların qənaətinə görə, Pekin elmi və mülki fəaliyyət görüntüsü altında bölgədə mövqeyini möhkəmləndirməyə çalışır. Hətta müvəqqəti obyektlər belə sahilyanı dövlətlərin davranışına təsir göstərən presedentlər yarada və mübahisəli dəniz ərazilərində təzyiqi artıra bilər.
Bundan əvvəl, 2025-ci ilin noyabrında Filippinin iki dəniz patrulu Çinin Skarboro rifi bölgəsində Filippinin suveren hüquqlarını pozmaq cəhdinin qarşısını almışdı.
Sevinc Əliyeva
Ordu.az