Macarıstan İsveçdən son iki “Gripen C” təyyarəsini təhvil alıb

2026/06/56456-1782369398.jpg
Oxunub: 240     10:34     25 İyun 2026    
Macarıstan İsveçin SAAB şirkəti tərəfindən istehsal olunan iki yeni JAS 39 “Gripen C” qırıcısını qəbul edib və bununla da 2024-cü ilin yanvarında imzalanmış müqavilə əlavəsi üzrə bütün təhvil prosesi başa çatdırılıb.

Ordu.az xəbər verir ki, bu barədə SAAB və “Combatant Blog” məlumat yayıb.

Yeni təyyarələr Keçkemet aviabazasına eniş edib. Bununla da Macarıstan Hərbi Hava Qüvvələrinin inventarında ümumilikdə 18 Gripen təyyarəsi - 16 “Gripen C” və 2 “Gripen D” mövcud olacaq.

Bu təyyarələr Macarıstanın və NATO-nun hava məkanının mühafizəsini həyata keçirəcək.

18 təyyarənin icarəyə verilməsi ilə bağlı dövlətlərarası müqavilə 2001-ci ildə imzalanıb və bu il başa çatıb. Müqavilənin bitməsi ilə Gripen parkının mülkiyyəti Macarıstan Hərbi Hava Qüvvələrinə verilib.

Bundan əlavə, SAAB şirkəti ilə İsveç Müdafiə Materialları Administrasiyası arasında bağlanmış müqaviləyə əsasən, Macarıstanın “Gripen” parkına 2036-cı ilə qədər texniki xidmət göstəriləcək və modernizasiya işləri aparılacaq.

“Macarıstan Hərbi Hava Qüvvələrinin Gripen təyyarələrini artıq 20 ildir istismar etməsindən qürur duyuruq. Dəstək və texniki xidmət müqaviləsi sayəsində Gripen parkı yüksək döyüş hazırlığı vəziyyətində qalacaq və ən azı növbəti on il ərzində bütün tapşırıqları yerinə yetirmək üçün davamlı şəkildə təkmilləşdiriləcək”, - deyə SAAB-ın Aeronavtika bölməsinin rəhbəri Lars Tossman bildirib.

Macarıstan Hərbi Hava Qüvvələri JAS 39C/D EBS HU versiyasından istifadə edir. Bu variantın əsas fərqi İsveçin TIDLS sistemi əvəzinə NATO standartlı Link 16 məlumat ötürmə sisteminin inteqrasiya edilməsidir.

İsveç Müdafiə Materialları Administrasiyasının nümayəndəsi general Karl-Fredrik Edström bildirib ki, hər iki ölkə NATO müttəfiqi kimi gələcəkdə təyyarələrin təhvilindən kənara çıxan birgə missiyalar həyata keçirəcək.

Onun sözlərinə görə, əməkdaşlıq xüsusilə inteqrasiya edilmiş hava və raketdən müdafiə sahəsini əhatə edəcək.

SAAB ilə Macarıstan Müdafiə Nazirliyi arasında yüksək texnologiyalı sənaye zonalarının və qırıcı aviasiya imkanlarının inkişafına dair memorandum da imzalanıb. Əməkdaşlıq çərçivəsində Macarıstanda Virtual Reallıq Texnologiyaları Mükəmməllik Mərkəzinin yaradılmasına dəstək veriləcək.

JAS 39 “Gripen” təyyarəsinin uzunluğu 16 metr, qanad açıqlığı isə 9 metrə qədərdir. Modifikasiyadan asılı olaraq təyyarə bir və ya iki ekipaj üzvü daşıya bilir.

Təyyarə 4535 litr yanacaq daşıyır, 7200 kiloqrama qədər faydalı yük götürə bilir və məhdud görünmə şəraitində fəaliyyət göstərməyə imkan verən radioelektron mübarizə kompleksi ilə təchiz olunub.

Gripen “General Electric” F414 “afterburner”li turboreaktiv mühərriki ilə təchiz edilir. Təyyarənin maksimal sürəti saatda 2470 kilometr, uçuş hündürlüyü 16 min metr, uçuş məsafəsi isə 4074 kilometr təşkil edir.

Platformanın silahlanmasına 27 mm top, IRIS-T qısa mənzilli raketləri, AIM-120 “hava-hava” raketləri, AGM-65 “Maverick” “hava-yer” raketləri, “Meteor” aktiv radiolokasiya idarəetməsinə malik raketləri, RBS gəmi əleyhinə raketləri və lazerlə idarə olunan bombalar daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   İsveç   Gripen-C  


Bizi "telegram"da izləyin