Ordu.az xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Delsi Rodriqes məlumat verib.
Rodriqes bildirib ki, bir sıra dövlətlər və beynəlxalq qurumlar Venesuela ilə əlaqə saxlayaraq dəstək və həmrəyliklərini ifadə ediblər.
“Mən Venesuela ilə əlaqə saxlayaraq ölkəmizə dəstək və həmrəylik nümayiş etdirən hökumətlərə təşəkkür etmək istəyirəm. Bunlar ABŞ, Panama, Qətər, Kuba, Nikaraqua, Türkiyə, İordaniya, Barbados, Küraçao, Kolumbiya, Böyük Britaniya, Braziliya və Meksikadır. Bundan əlavə, BMT və beynəlxalq maliyyə təşkilatları da dəstək təklif ediblər”, - deyə o qeyd edib.
Xatırladaq ki, çərşənbə günü axşam saatlarında Venesuelada iki güclü yeraltı təkan qeydə alınıb.
Məlumata görə, zəlzələlərin maqnitudası müvafiq olaraq 7,2 və 7,5 olub. Yeraltı təkanların episentrləri bir-birindən təxminən 10 kilometr məsafədə, Yarakuy əyalətində yerləşib.
Delsi Rodriqesin sözlərinə görə, təbii fəlakət nəticəsində azı 32 nəfər həlak olub, 700 nəfər yaralanıb, onlarla bina isə dağılıb.
Sevinc Əliyeva
Ordu.az