Ermənistanın iqtisadiyyat naziri Yekaterinburqdakı ticarət-iqtisadi forumda iştirak etmək üçün dəvət alıb

2026/06/1782372631.jpg
Oxunub: 211     11:24     25 İyun 2026    
Ermənistan İqtisadiyyat Nazirliyi nazir Gevorq Papoyanın Rusiyanın sənaye və ticarət naziri Anton Alixanova məktub göndərərək Yekaterinburqda keçiriləcək ticarət-iqtisadi forumda iştirak etmək üçün icazə istəməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Ordu.az xəbər verir ki, nazirliyin mətbuat katibi Lilit Şaboyan bununla bağlı açıqlama yayıb.

O bildirib ki, mediada Gevorq Papoyanın qarşıdakı ezamiyyəti ilə bağlı həqiqəti əks etdirməyən məlumat yayılıb.

Şaboyanın sözlərinə görə, Gevorq Papoyan yaxın vaxtlarda rusiyalı həmkarından 2026-cı ilin iyul ayında Yekaterinburqda keçiriləcək ticarət-iqtisadi forumda iştirak etmək üçün dəvət alıb.

“Bu, yeganə faktdır”, - deyə açıqlamada vurğulanıb.

Nazirliyin nümayəndəsi qeyd edib ki, Ermənistan və Rusiya arasında münasibətlər qarşılıqlı hörmət və konstruktiv dialoq prinsipləri əsasında qurulmağa davam edir.

Açıqlamada bildirilib ki, bu münasibətlər çərçivəsində müxtəlif səviyyələrdə təmaslar və görüşlər olub və bundan sonra da iş prosesinin bir hissəsi olaraq qalacaq.

Xatırladaq ki, “Hraparak” qəzeti bu gün dərc etdiyi məqalədə Gevorq Papoyanın Rusiyanın sənaye və ticarət naziri Anton Alixanova məktub göndərdiyini yazmışdı.

Nəşrin məlumatına görə, Papoyan 2026-cı il iyulun 6-sı və 7-də Yekaterinburqda keçiriləcək ticarət-iqtisadi forumda iştirak etmək üçün müraciət edib.

Qəzet həmçinin nazirlikdəki mənbələrə istinadən iddia edib ki, Papoyan Rusiya tərəfi ilə Ermənistandan ixrac məsələlərini və Rusiyanın sanksiya siyasəti ilə bağlı problemləri müzakirə etmək niyyətindədir.

Məqalədə qeyd olunub ki, həmin müraciətə hələlik cavab verilməyib və Rusiya tərəfi Papoyanın forumdakı iştirakını qəbul edib-etməmək barədə qərar verməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papoyan  


Bizi "telegram"da izləyin