Avropa layihələri böhran yaşayır: Türkiyə NATO üçün nümunə ola bilər

2026/06/1782379555.jpg
Oxunub: 311     13:21     25 İyun 2026    
Fransa ilə birgə həyata keçirdiyi yeni nəsil döyüş təyyarəsi proqramından çıxan Almaniya döyüş gəmisi layihəsində də geri addım atıb.

Ordu.az xəbər verir ki, niderlandlı istehsalçının üzləşdiyi problemlər səbəbindən Berlin rəhbərliyi F-126 freqat proqramını da dayandırıb.

Çindən sonra dünyada eyni vaxtda ən çox döyüş gəmisi inşa edən Türkiyənin NATO və Avropa İttifaqı ölkələri üçün nümunə ola biləcəyi bildirilir.

Avropanın mühüm müdafiə sənayesi layihələri ciddi çətinliklərlə üzləşir. Bir neçə gün əvvəl Fransa ilə birgə həyata keçirdiyi yeni nəsil döyüş təyyarəsi proqramını dayandıran Almaniya döyüş gəmiləri sahəsində də oxşar qərar qəbul edib.

Almaniya mediasının məlumatına görə, Hərbi Dəniz Qüvvələrinin ən böyük və mühüm tədarük proqramlarından biri olan F-126 freqat layihəsi ləğv edilib. Məlumatlarda qeyd olunur ki, Niderland gəmiqayırma zavodunun yaşadığı problemlər layihə təqvimində ciddi gecikmələrə səbəb olub. Almaniya hökuməti isə artıq təxminən 2 milyard avro vəsait xərclənməsinə baxmayaraq proqramı davam etdirməməyi qərara alıb və layihəni dayandırıb.

“Almaniya ABŞ sistemləri ilə işləyəcək gəmi istəyirdi”

Müdafiə və dənizçilik üzrə ekspert Kozan Səlcuq Erkan bildirib ki, Almaniya bu layihə vasitəsilə ABŞ sistemləri ilə işləyən çox qabaqcıl döyüş gəmisinə sahib olmağı planlaşdırırdı.

Onun sözlərinə görə, bu vəziyyət həm layihənin xərcini artırıb, həm də Almaniyanın proqram üzərində təsir imkanlarını azaldıb.

“Berlin rəhbərliyi layihəni davam etdirmək istəmədi. Bunun əvəzinə daha az imkanlara malik, daha aşağı büdcə tələb edən, lakin yerli istehsal olan gəmilərə üstünlük verəcəklər”, - deyə ekspert bildirib.

“Avropa ölkələri Türkiyənin qapısını döyməmək üçün müqavimət göstərəcək”

Bu məqamda Türkiyənin mövqeyi xüsusi diqqət çəkir. Hazırda Türkiyə eyni vaxtda 50-dən çox döyüş gəmisinin inşasını həyata keçirir. Bunların 15-dən çoxu xarici ölkələr üçün istehsal olunur. Mövcud vəziyyətdə Türkiyə Çindən sonra dünyada eyni vaxtda ən çox hərbi gəmi inşa edən ölkə hesab olunur.

Ekspertə “Bu model Avropa və NATO ölkələri üçün nümunə ola bilməzmi?” sualı ünvanlanıb.

Erkan bildirib ki, Türkiyə döyüş gəmiləri və sualtı qayıqlar sahəsində dünyanın ən təcrübəli ölkələrindən biridir.

“Lakin burada siyasi amillər də mövcuddur. Avropa ölkələri bu cür böyük layihələri ilk növbədə öz daxilində həll etməyə çalışır. Avropa İttifaqının SAFE fonundan Türkiyəni kənarda saxlamaq istəmələrinin səbəblərindən biri də budur. Belə olan halda Avropa ölkələrinin Türkiyədən bu istiqamətdə dəstək istəməsini gözləmirəm. Onlar bunu asanlıqla qəbul edə bilməzlər”, - deyə o vurğulayıb.

Ekspert qeyd edib ki, burada müəyyən istisnalar da mümkündür.

“Avropa ölkələri müdafiə imkanlarını gücləndirmək istəyirlər. Lakin hazırda bu proses aşağı sürətlə gedir. Onlar təhlükənin hələ kifayət qədər ciddi olduğuna inanmırlar. Əgər müharibə riskinin artdığı qənaətinə gəlsələr, öz layihələrində israr edib vaxt itirmək istəməzlər. Bu halda birbaşa alış üçün Türkiyəyə müraciət edə bilərlər”, - deyə Erkan bildirib.

O, həmçinin insansız sistemlərin əhəmiyyətinə diqqət çəkib.

Ekspertin sözlərinə görə, müasir döyüş gəmiləri müxtəlif imkan və qabiliyyətlərlə fərqlənir və insansız dəniz platformaları da bunlardan biridir.

“Hörmüz boğazında minaların təmizlənməsindən tutmuş müxtəlif tapşırıqların icrasınadək insansız dəniz platformalarından istifadə etmək zəruridir. Türkiyə bu sahədə çox güclü mövqeyə malikdir. Həm fərdi tapşırıqlarda, həm də sürü konsepsiyasında dünyanın aparıcı ölkələrindən biriyik. Avropalılar öz döyüş gəmilərini istehsal etsələr belə, insansız dəniz platformaları üçün Ankara ilə əməkdaşlıq etməyə məcbur qala bilərlər”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Türkiyə   NATO  


Bizi "telegram"da izləyin