Yunanıstanda yeni müdafiə sənayesi müəssisəsi açılıb

2026/06/bvnbc-1782379092.jpg
Oxunub: 251     13:15     25 İyun 2026    
Yunanıstanın müdafiə sənayesində yeni mərhələ başlayır.

Ordu.az xəbər verir ki, METLEN şirkəti Volos şəhərində yeni “M Technologies Hub” istehsal müəssisəsinin açılışını həyata keçirib.

“Defence Review GR” nəşrinin məlumatına görə, açılış mərasimində iştirak edən Yunanıstanın müdafiə naziri Nikos Dendias müəssisənin yerli müdafiə sənayesinin gücləndirilməsindəki roluna toxunaraq bildirib:

“METLEN bugünkü sərmayəsi ilə Yunanıstanın müdafiə ekosisteminin yeni istehsal xəritəsində daha güclü mövqe əldə edir. Bu mövqe beynəlxalq əməkdaşlığı və Yunanıstanın əlavə dəyərini Tesaliya bölgəsinin inkişafı və yüksək ixtisaslı məşğulluğun yaradılması ilə birləşdirir. Müdafiəyə ayrılan hər bir avro bilik, istehsal, məşğulluq, ixrac potensialı və artan milli muxtariyyət şəklində Yunan cəmiyyətinə maksimum səviyyədə geri qayıtmalıdır”.

Şirkətin açıqlamasına görə, METLEN 25 illik təcrübə və əməliyyat səmərəliliyindən istifadə edərək Volosda müasir və inteqrasiya edilmiş müdafiə sənayesi ekosistemi qurur.

Şirkət tərəfindən yayılan açıqlamada qeyd olunub: “Yunanıstan standartları baxımından bənzəri olmayan “M Technologies Hub” ümumilikdə 100 min kvadratmetr ərazini əhatə edir və mürəkkəb müdafiə layihələrinin xammal emalı, istehsal, montaj və dəstək mərhələlərini həyata keçirə bilən altı fərqli bölmədən ibarətdir”.

METLEN şirkətinin icraçı direktoru Evanqelos Mitilineos isə güclü Yunanıstan müdafiə sənayesinin yalnız milli suverenliyin qorunmasında deyil, həm də Avropanın təhlükəsizliyi və strateji müstəqilliyinə töhfə verməsində mühüm əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib: “Bu gün bizim üçün sadəcə yeni zavodun açılışı deyil. Bu müəssisə yalnız qlobal bazarlardakı fəaliyyəti ilə seçilməyəcək, eyni zamanda şirkətimizin ölkəmizin müdafiə qalxanına verdiyi getdikcə artan töhfənin bir hissəsinə çevriləcək ekosistem olacaq”.

Mitilineos qlobal balansların sürətlə dəyişdiyini vurğulayaraq ölkələrin və iqtisadiyyatların prioritetlərini yenidən müəyyənləşdirməli olduğunu bildirib.

O, müdafiə proqramlarında yerli istehsal payı 25 faizdən çox olan layihələrə qiymətləndirmə zamanı əlavə üstünlük verilməsini təklif edib. Mitilineos həmçinin Yunanıstan Silahlı Qüvvələrinin büdcə imkanları çərçivəsində ən səmərəli investisiyaları həyata keçirməyi və keyfiyyətdən güzəştə getmədən yerli məhsullardan istifadə etməyi hədəflədiyini vurğulayıb.

“Defence Review GR”nin məlumatına görə, liman, dəmir yolu və hava limanı kimi kritik infrastruktura çıxışı olan Volos yaxın gələcəkdə Cənub-Şərqi Avropanın ən mühüm müdafiə və sənaye mərkəzlərindən birinə çevriləcək.

Hazırda müəssisədə 500 yüksək ixtisaslı əməkdaş çalışır. Layihə tam gücü ilə fəaliyyətə başladıqdan sonra Volos və Tesaliya bölgəsində təxminən 1000 birbaşa və dolayı iş yerinin yaradılması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   METLEN   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin