Ankarada keçiriləcək NATO Zirvəsində TURAÇ-ın “Sterling” antidron sursatlarından istifadə olunacaq

2026/06/1782378571.jpg
Oxunub: 253     13:03     25 İyun 2026    
Ankarada keçiriləcək NATO Zirvəsi çərçivəsində tətbiq edilən geniş təhlükəsizlik tədbirləri zamanı TURAÇ tərəfindən hazırlanmış “Sterling” antidron sursatlarından aktiv şəkildə istifadə olunacaq.

Ordu.az xəbər verir ki, iyulun 7-8-də Ankaranın ev sahibliyi edəcəyi NATO Zirvəsinə hazırlıq işləri davam edərkən hava məkanının mühafizəsinə yönəlmiş tədbirlər də genişləndirilib.

Türkiyənin sursat istehsalçılarından olan TURAÇ tərəfindən hazırlanmış “Sterling” antidron sursatları zirvə müddətində kritik ərazilərdə xidmət aparan təhlükəsizlik qüvvələrinin inventarında yer alacaq.

Aralarında dövlət və hökumət başçılarının da olduğu 32 ölkə liderinin iştirakının gözlənildiyi tədbir öncəsində insansız hava vasitələrindən qaynaqlana biləcək təhdidlərə qarşı çox təbəqəli mühafizə sistemi qurulub. Bu çərçivədə “Sterling” ailəsinə məxsus müxtəlif antidron sursatları mövqelərə yerləşdirilib.

Fərqli mənzil seçimləri təqdim edir

12 çaplı platformalar üçün hazırlanmış “Sterling” antidron sursatları müxtəlif təhdid ssenarilərinə qarşı fərqli konfiqurasiyalardan ibarətdir. Ailənin “Semi Magnum” versiyası 50-70 metr, “Magnum” modeli 70-90 metr, “Super Magnum” modeli isə 90-110 metr aralığında effektiv nişanalma məsafəsi təmin edir.

“Sterling” məhsul ailəsində yer alan volfram ərintili yeni nəsil sursat isə təxminən 130 metrə çatan effektiv mənzili ilə daha uzaq məsafələrdəki hədəflərə qarşı istifadə imkanı yaradır. Bunun sayəsində müxtəlif hündürlük və məsafələrdə fəaliyyət göstərən pilotsuz uçuş aparatlarına qarşı mərhələli müdaxilə həyata keçirilə bilir.

Digər tərəfdən sistem portfelində yer alan 40 mm-lik toratan sursat da aşağı hündürlükdə uçan pilotsuz uçuş aparatlarının fiziki olaraq tutulub zərərsizləşdirilməsi üçün həll yolu təqdim edir.

Kritik məntəqələrin mühafizəsində istifadə olunur

“Sterling” antidron sursatları zirvə müddətində ilk növbədə kritik dövlət obyektləri olmaqla həssas ərazilərin mühafizəsində istifadə edilir. Prezident Kompleksi, Etimesqut Atatürk Hava Limanı və xarici nümayəndə heyətlərinin yerləşəcəyi ərazilərdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. Antidron sistemləri də bu təhlükəsizlik arxitekturasının mühüm elementlərindən biri kimi ön plana çıxır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TURAÇ   Sterling   NATO  


Bizi "telegram"da izləyin