Yunanıstan raket atış təlimi keçirib

2026/06/1782379633.jpg
Oxunub: 246     13:24     25 İyun 2026    
Yunanıstan Hərbi Dəniz Qüvvələri Cənubi İon dənizində idarəolunan sursatlarla təlim atışları həyata keçirib.

Ordu.az xəbər verir ki, 2026-cı il iyunun 23-də, çərşənbə axşamı günü Cənubi İon dənizində Yunanıstan Hərbi Dəniz Qüvvələrinə məxsus idarəolunan sursatlarla təlim atışları icra olunub.

Təlimdə Baş Qərargah rəisi, ordu generalı Dimitrios Xupis, Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Dimitrios-Eleftherios Kataras və Donanma komandanı vitse-admiral Xristos Sasiakos iştirak ediblər.

Yunanıstan Müdafiə Nazirliyinin açıqlamasına görə, atış təlimlərinə Freqat Komandanlığı, Hücumbot Komandanlığı, Patrul Gəmiləri Komandanlığı və Sualtı Təxribat (SAT) Komandanlığına tabe olan gəmilərlə yanaşı, Dəniz Aviasiyası Komandanlığına məxsus helikopterlər və Hərbi Hava Qüvvələrinin vasitələri də dəstək verib.

Nazirliyin məlumatına əsasən, mürəkkəb və olduqca çətin ssenarilərin tətbiq olunduğu təlim zamanı Hərbi Dəniz Qüvvələrinin inventarında yer alan çoxsaylı və müxtəlif tipli idarəolunan sursatlar sınaqdan keçirilib. Uğurla başa çatan atışlar nəticəsində əvvəlcədən müəyyən edilmiş iki hədəf məhv edilərək batırılıb.

Bu fəaliyyət Donanma Komandanlığının bölmələrinin illik əməliyyat hazırlığı proqramı çərçivəsində təşkil olunub. Təlim vasitəsilə iştirakçı heyətin qiymətləndirilməsi, bölmələrin döyüş qabiliyyətlərinin və əməliyyat hazırlığı səviyyələrinin artırılması, həmçinin Hərbi Dəniz Qüvvələrinin silah sistemlərinin etibarlılığının real şəraitdə təsdiqlənməsi məqsədi daşıyıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Təlim  


Bizi "telegram"da izləyin