Ermənistanın baş naziri: “Problem həll olunmasa, AİB-in dağılması qaçılmazdır”

2026/06/1782380307.jpg
Oxunub: 269     13:34     25 İyun 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi ilə bağlı səsləndirdiyi “Birlik mövcuddur, yoxsa yoxdur, buna aydınlıq gətirməlidir” fikrinə izah verib.

Ordu.az xəbər verir ki, hökumətin iclasından sonra keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandıran Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə aparılan müqayisəyə də münasibət bildirib.

O xatırladıb ki, Avrasiya İqtisadi Birliyinin fəaliyyətinin əsasında malların, işçi qüvvəsinin və maliyyə vəsaitlərinin sərbəst dövriyyəsi dayanır.

“Əgər bunlar yoxdursa, deməli Avrasiya İqtisadi Birliyi də yoxdur”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, müəyyən problemlər bir və ya iki ay davam edə bilər, lakin vəziyyət artıq dördüncü aydır ki, dəyişmirsə, bu, ciddi siqnaldır.

“Əgər belədirsə, deməli Avrasiya İqtisadi Birliyi yoxdur. Əgər yoxdursa, biz nə edə bilərik? Yoxdursa, deməli yoxdur”, - deyə Paşinyan istehzalı şəkildə bildirib.

Bununla yanaşı, o vurğulayıb ki, 2026-cı il may ayında Ermənistan iqtisadiyyatında 11 faizlik iqtisadi aktivlik qeydə alınıb.

Paşinyan etiraf edib ki, Avrasiya İqtisadi Birliyi ətrafında yaranmış vəziyyət narahatlıq doğurur. Onun sözlərinə görə, bu məsələ yalnız Ermənistanı deyil, digər üzv dövlətləri də narahat etməlidir.

“Əmin olun ki, onlar da narahatdırlar. Çünki başa düşürlər ki, eyni vəziyyət onların da başına gələ bilər. Biz Avrasiya İqtisadi Birliyindən çıxmaq məsələsini gündəmə gətirmirik. Lakin problem həll olunmasa, Avrasiya İqtisadi Birliyinin dağılması qaçılmaz olacaq”, - deyə Ermənistan hökumətinin rəhbəri əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AİB  


Bizi "telegram"da izləyin