Ukrayna ABŞ istehsalı MAAWLR hava hücumundan müdafiə sistemləri ilə silahlanıb

2026/06/fdgdf-1782369774.jpg
Oxunub: 206     10:41     25 İyun 2026    
Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin arsenalında ABŞ istehsalı MAAWLR/BRAWLR hava hücumundan müdafiə sistemlərinin olduğu məlum olub.

Ordu.az xəbər verir ki, sistem rus pilotsuz uçuş aparatı tərəfindən çəkilmiş videoda görüntülənib. Kadrlar “Severnıy Veter” “Telegram” kanalı tərəfindən yayımlanıb.

“SiERRA Nevada Corp” şirkəti bu sistemi ilk dəfə 2025-ci ilin sentyabr ayında keçirilən “Air, Space & Cyber” konfransında nümayiş etdirib.

Sistem modul konstruksiyaya malikdir və həm stasionar, həm də mobil platformalarda yerləşdirilə bilir. Mobil versiya MAAWLR, stasionar versiya isə BRAWLR adlanır.

BRAWLR/MAAWLR sisteminin tam komplektinə buraxılış qurğusu, quraşdırma üçün uyğunlaşdırılmış pikap avtomobili, raket ehtiyatı və yerli radiolokasiya stansiyası daxildir.

Sistem AIM-9M, AIM-132, AIM-120, IRIS-T, R-27 və APKWS II daxil olmaqla geniş çeşiddə raketlərdən istifadə edə bilir. Kompleks eyni vaxtda 46 APKWS raketi daşıya bilir və hədəfləri 6 kilometr məsafədə məhv etmək imkanına malikdir.

İstifadə olunan döyüş sursatından asılı olaraq MAAWLR hava hədəflərini 6 kilometrlə 15 kilometr arasında məsafədə vurur.

Ötən il yayılan məlumatlara görə, “SiERRA Nevada” şirkətinin MAAWLR/BRAWLR sistemləri 2023-cü ildən etibarən məxfi operatorlardan birinə 400-dən çox hava hədəfini məhv etməyə kömək edib.

Şirkət BRAWLR sisteminin konkret alıcılarını açıqlamaqdan imtina etsə də, 20 sistemin təhvil verildiyini və daha 10 sistemin göndərildiyini təsdiqləyib. BRAWLR hazırlanarkən əsas məqsəd müxtəlif istehsalçılara məxsus çoxsaylı buraxılış qurğularının istifadəsinə ehtiyacı azaltmaq və yüksək çevikliyə malik sistem yaratmaq olub.

“SiERRA Nevada Corp” şirkətinin açıqlamasında bildirilir ki, sistem hava təhdidlərini müstəqil şəkildə aşkar etmək, izləmək, müəyyənləşdirmək və məhv etmək, həmçinin mövcud sistemlərin imkanlarını artırmaq qabiliyyətinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   MAAWLR   ABŞ  


Bizi "telegram"da izləyin